Şəfəqə Doğru » Gündəm » Toylar yarım ilə yaxın təxirə düşür - yeni model təklifi

Toylar yarım ilə yaxın təxirə düşür - yeni model təklifi

Toylar yarım ilə yaxın təxirə düşür - yeni model təklifi
Ekspert: "Bu, günün tələbidir və yaranan vəziyyətdən istifadə etməklə yeni qaydalara keçmək lazımdır”
Azərbaycanda və dünyanın bir sıra ölkələrində yeni koronavirus infeksiyasına qarşı xüsusi rejim tətbiq edilib. Nazirlər Kabinetinin qərarına əsasən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb, həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir.

Həmçinin dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahdan verilən məlumatda deyilir ki, vətəndaşlardan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur. Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

Bəs deyilənlərə əməl edilirmi?

Martın 16-dan etibarən toy şənlikləri ilə bağlı müvəqqəti məhdudiyyət qadağası qüvvəyə minib. Yəni Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında toylarla bağlı məhdudiyyətin martın 14-ü və 15-nə aid edilmədiyi göstərilib.

"Yeni Müsavat”ın əməkdaşı olaraq bir neçə restoran və kafedə olub, ümumi vəziyyətlə maraqlandıq.

Öyrəndik ki, hər gün Bakının müxtəlif yerlərində fəaliyyət göstərən kafelər saat 21:00-dan sonra fəaliyyət göstərmir. Kafe sahibləri bildirdilər ki, bu barədə onlara polis tərəfindən də xəbərdarlıq edilib. Hansı kafe bu qadağaya məhəl qoymursa, müvafiq qurumların əməkdaşları kafeyə daxil olub, qaydalara əməl etməyə dəvət edirlər. Kafe sahiblərinin sözlərinə görə, martın 14-dən etibarən saat 21-də fəaliyyətlərini tamamilə dayandırırlar. Onları hazırda narahat edən məsələ qazanclarının azlığıdır. Hesab edirlər ki, bu məqamda dövlət vergi, icarə haqları ilə bağlı müəyyən güzəşt tətbiq etməlidir. Xüsusilə də Bakıda fəaliyyət göstərən qəlyanxanaların vəziyyəti daha da ağırdır. Ölkədə koronavirusla bağlı olaraq qəlyanın gündüz vaxtı da çəkilməsi qadağan edildiyi üçün həmin obyektlərin fəaliyyəti demək olar ki, dayanıb.

Toylarla bağlı durum isə bir qədər fərqlidir. Belə ki, martın 15-də mövsümün sonuncu toyunu edən restoranlar ard-arda bir neçə aylıq "istirahət”ə çıxırlar. Restoran sahibləri söylədilər ki, bu aylarda heç bir toy olmayacaq.


Restoranlarda olduğumuz zaman öyrəndik ki, əhali təyin etdikləri toyların vaxtını dəyişmək üçün restoranlara müraciət edib. Təxirə salınan toyların sahibləri xeyir işlərini iyun ayına keçirirlər. Lakin həmin ay üçün də restoranlarda artıq boş gün yoxdur... Restoranlardan birinin administratoru Faiq Kərimov aşağıdakıları söylədi: "Aprel ayına qədər koronavirusla bağlı toylar qadağan edilib. Aprelin axırlarında Ramazan ayı başladığı üçün 1 ay toy olmayacaq. Mayın sonu, iyun ayında boş yer yoxdur. İyul ayı isti olduğu üçün adətən hər il toylar zəif olurdu. Bu il isə həmin ayda bir gün də boş yer yoxdur. Bütün restoranlarda eyni vəziyyətdir. Çünki bizim yanımıza gələnlər deyirlər ki, heç bir yerdə boş gün yoxdur. Avqust ayında isə Məhərrəmlik ayı başlayır. İki ay da belə toy olmayacaq. Beləliklə də demək olar ki, toy etmək istəyənlər yarım ilə yaxın gözləməlidir».

Bütün bu hadisələrin fonunda ictimai şəxslərdən, sosioloqlardan təkliflər gəlir ki, Azərbaycanda bu kimi izdihamlı toy adətləri ləğv edilsin. Bəziləri hətta deyirlər ki, gənclər toysuz evlənsinlər, sonra şadlıq mərasimi təşkil edilər. Lakin bunlara birmənalı münasibət yoxdur.


"Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu söyləyib ki, o, toyların qadağan edilməsinin tərəfindədir: "Bu toylar xalqın mənafeyinə, sağlamlığına ziddir. Əgər çağırışlara əməl edilmirsə, qadağan olunması doğru yoldur. Çox yaxşı olar ki, biz bu hadisədən istifadə edərək, ifratlıq içərisində olan toyları ləğv edək. 20 ildir ki, biz çıxışlarımızda, yazılarımızda qeyd edirik ki, Azərbaycanda belə toyların keçirilməsi ölkəmiz üçün mənfi haldır. Bu, sosial bəladır. Bu baxımdan deyim ki, koronavirusun dəhşətli tərəfləri ilə bərabər, yaxşı cəhətləri də oldu. Çünki bu kimi hallar bizə fikirləşmək üçün imkan yaradır. Oturub fikirləşək ki, nəyi səhv, nəyi düz etmişik. Sağlamlıq mədəniyyəti, gigiyena qaydaları ilə bağlı yenidən düşünürük. Eyni zamanda toylarımız, yas mərasimlərimizlə bağlı da fikirləşmək lazımdır. Toylarda verilən qidaların özü kifayət qədər təhlükəlidir. Burada söhbət ondan getmir ki, hökmən toyda kiməsə koronavirus keçsin. Toyda başqa xəstəlik tutanlar, gecə evə gəldikdən sonra dünyasını dəyişənlər də olur. Ona görə də biz toyu tamamilə dəyişməliyik. Bu, günün tələbidir və yaranan vəziyyətdən istifadə etməklə yeni toy modelinə keçmək lazımdır”.