Şəfəqə Doğru » Gündəm » Fransız alim koronavirusa "çarə var" dedi

Fransız alim koronavirusa "çarə var" dedi

Fransız alim koronavirusa "çarə var" dedi
 
Fransada dünəndən etibarən yeni olduğu qədər də köhnə olan bir dərmanın koronavirusa qarşı istifadəsinə başlanılıb. Söhbət onillərdir başqa infeksiyalara qarşı istifadə edilən xlorokinin törəməsi olan hidroksi-xlorokin və bir digər tanınmış antibiotik olan eritromisinin törəməsi olan azitromisinin birlikdə istifadəsindən gedir.
 
Dərmanın yoxlanılması və geniş istifadəsi təklifi isə Fransanın ən tanınmış viroloq-infektoloqlarından biri sayılan alim, Didie Rault (Didier RAOULT) tərəfindən verilmişdi. O, eyni zamanda Fransanın ən böyük infeksiya araşdırma institutu olan Aralıq dəniz İnfeksiya Akademik Mərkəzinin Baş direktorudur. Onun təkidlərindən və ictimai rəyin güclü dəstəyindən sonra, Fransız Səhiyyə Nazirinin 27 mart tarixində "həkim nəzarətində olmaq şərtiylə və başqa çarə qalmadıqda" istifadəsinə rəsmi icazə verməsiylə bu preparat cütlüyü çox sayda həkim tərəfindən reseptə yazılmağa başlamışdır.
 
Bu dərman Fransada "Plaquenil" adlı kommersial marka adıyla satılır. Elmi müşahidələrin 6 həftəlik gözləmə müddətinə məhəl qoymadan bu əlacın istifadəsinə şübhə ilə yanaşanlar da az deyil. Belə ki, çox sayda ekspert professorlar bu alimin apardığı müşahidəni "tələsiklikdə" ittiham edirlər. Buna baxmayaraq artıq, 29 martdan etibarən, Norveç krallığı da adi çəkilən əlacı sınaqdan keçirməyə başlayıb. 
 
Qeyd edək ki, bu preparat əvvəllər malyariya xəstəliyinin müalicəsində də işlədilirdi. Nümunə üçün onu xatırladaq ki, Fransanın öndə gedən siyasətçilərindən olan və Nitsa şəhərinin meri olan Kristian Estrosi də koronavirusdan bu dərmanla xilas olduğunu təsdiq edib və Professor Raultun tapdığı çarəni dəstəklədiyini, meri olduğu şəhərin mərkəzi xəstəxanasında bu müalicəyə rəsmi icazə verdiyini deyib. Bu təşəbbüsün müsbət effektləri genişlənsə, yəqin ki, bu alimin də, hidroksi-xlorokin preparatının da adı tarixə damğasını vuracaqdır.
 
Bu, bir ümid işartısı sayılmalıdır. 
 
Qəni.