Şəfəqə Doğru » Gündəm » Plansız virusun planlı cahilləri

Plansız virusun planlı cahilləri

Plansız virusun planlı cahilləri

 

Bir Rudy Reichstadt adlı fransız filosof, Marksın "din cəmiyyətlərin opiumudur” (Religion ist opium fur das Volk) ibarəsindən təsirlənərək, "Konspirasionizm idiotların opiumudur” deyir.

Bilməyənlər üçün xatırladım ki, "opium” mənaca keyləşdirici deməkdir. Sosial sorğular göstərir ki, hətta Qərb cəmiyyətlərində belə əhalinin 25%-ə qədəri bu gün, konspirasionist iddialara, yəni türklərin "komplo teorisi” dediyi, "sui-qəsd” nəzəriyyələrinə, inanır. Bu böyük və narahatlıq doğuran bir göstəricidir.

Bütün tarix boyunca cəhalətin davamlılığını təmin edə bilməyin tək yolu, yəni insandakı ən təbii hiss olan bilmək arzusunu söndürmənin yeganə üsulu onu uydurma bir hekayəyə inandırmaq (dinlər, təriqətlər, miflər, nağıllar, əfsanələr) və bunu edərkən ən təməl emosiya olan qorxu hissiylə oynamaq olmuşdur. Sonralar, son bir-iki əsrdə, dünyada artıq işlərliyini itirən dini mövhumatlar və inanc mifləri, məlumat möhtəkirlərinin uydurduğu "gizli təşkilatlar”, "dağıdıcı qüvvələr”, "məkrli qruplar” haqqındakı hekayələri ilə əvəz olundu. Yayıldı, yazıldı, kütləvi informasiya vasitələrinin bayağı üslubu bunun miqyasını genişlətdi. Son onilliklərdə sosial şəbəkələrin də istifadəsi genişlədilərək, belə hekayərlərə daha da rəng qatıldı. Youtube videoları, Facebook analizləri, bloglar, yazan-yazana.

Adının mənasını bilməyən adamlar, dünyadakı "plan”ları çözür, oyunları ortaya çıxarır, sistemləri ifşa edirlər. Bax buna planlı cahillik deyillir. Niyə planlı ? Çünki, bu gün də Avropada bütün konspirasionist iddialar ifrat sağçı və radikal qruplaşmaların əsas təbliğat maşınlarıdır. Çünki, yalnız belə siyasi qüvvələr insanların emosiyaları, stresi və qorxularını qidalandırıb, "bir xilaskar lider, bir məsih”-in gəlişi, böyük bir dəyişikliklik arzusunu alovlandıra bilirlər. Çünki, yalnız aferistlər və cahillər millətçi qüvvələrin arxasıyla gedə bilərlər. Və yalnız cahilləşdirməklə insanları populizmin arxasınca sürükləmək olar.

Dünyada yüz illərdir 2 həqiqi plan, xeyirlə şərin mübarizəsini andıracaq şəkildə, mübarizə aparır. Cahilləşdirmə və idarə etmə bir tərəfdə, kamilləşdirmə və azadetmə digər tərəfdə (Məsələn, Viktor Hüqo, "azadlıq cahilliyin bitdiyi yerdə başlayır", İsius Xristos "sizə həqiqəti deyəcəm ki, bilin, azad olun" deyirdilər). 

Bu gün bu mübarizə sosial şəbəkə fırıldaqları və onları maliyyələşdirən radikal siyasi qruplar ilə, digər kampdakı elm adamları, sənət adamları, maarifçilər arasında gedir.

Adicə yol qaydalarını bilmədən maşın sürən, evində, uşağının yanında siqarət çəkib, "öldürərəm” sözünü "salam”-dan, "sağ ol”- dan çox işlətməklə cəhalətin nəsildən nəsilə ötürülməsinə səbəb olan hansısa bir fərd inanır ki, kimlərsə oturub, plan qurub onların virusla ölməsini hazırlamaqdadır və bunu ifşa etmək lazımdır. Və bir gün əlinə fürsət düşür, səs verməyə gedir, səs verir. Kimə, sizcə ? Amerikada kimə səs verildi, 2016-cı ildə ? Rusiyada kimə xilaskar kimi baxılır ? Türkiyədə ? İtaliyada kimdir, siyasi qəhramanlıq oyunları açan ?

İnsanlığa cəhaləti, qorxunu, silahlı zorbalığı aşılayan, millətçi güclərə səs verir, həmin cahillləşdirici planın qurbanı olan insan.

Bu dünyada tək "uğurlu” plan insanların emosiyaları ilə oynayaraq, siyasi və ticari renta əldə etməklə həyata keçirilir. Bu plan isə yalnız o vaxt işləyir ki, gözümüzə girən təhlükələr, "gözlə görülməyən" təhlükələrin varlığına bizi inandıra bilirlər : yəni, hansısa məkrli güclərin. Bunun üçünsə nə virus hazırlamağa, nə onu dövriyyəyə buraxmağa ehtiyac yoxdur. Virus təbiətdə həmişə vardır. Yetərki, insanları inandırasan ki, onu yaradan var.

Bu planı həyata keçirmək üçün tək virus yox, hər şey bir materialdır : Kasıblıq mi var ? Deyin "məkrli plandır". Daxildəki düşmən edir. Terror mu var ? Deyin "oyundur, qurulub, teatrdır”. Katastrofmu var ? "Hamısı plandır”, deyin. Kimin planıdır ? Görünməz qüvvələrin. Heç kim demir ki, bu qədər görünən bir qüvvədən "görünməz qüvvə” olarmı ? Bunun harasıdır görünməz olan ?

Yolunda gedərkən qırmızı işığı görməyən adam, dünyada görünməz bir qüvvənin olduğunu deyir, bu gün. Ancaq, yalnız mikroskopla görülən, nanometrlə ölçülən, yəni bir metrin milyardda biri boyda olan virusun eksperti, yəni viroloq deyəndə ki, "əşi nə planı, bu virus təbii və yabanı bir virusdur, təbiətdə mövcüddur, sadəcə biz indi tanımışıq”, özünü çox bilmiş sayan konspirasiya həvəslisi deyir ki, "hamısı plandır”.


Nəticə : Son zamanlar bizimkilər də koronavirusun stresi və panikası əsasında rus və türk mənşəli elm fırıldaqlarının konspiroloji bəyənatlarını, videolarını yaymaqla, izləməklə ciddi təsir və opium qurbanı olurlar. Bu dözülməzdir.

Borcumdur xatırladım ki, korona virusunun hazırda epidemiya yaradan növü, COVİD19, elm adamlarının diliylə desək SARS-CoV-2 yabanı bir virusdur və bunu dönə-dönə müxtəlif ölkələrin spesialistləri təsdiq ediblər. Bunun plan olduğuna inanmaq isə yaınız məlum cahilləşdirmə, keyləşdirmə planına təkan verməkdir.

Həqiqi elm adamlarınamı ya sosial şəbəkə "alim"lərinəmi inanacağıq, bu artıq bizim seçim qabiliyyətimizə qalıbdır.