Litvada sərhədçilər Almaniyada yaşamaq icazəsi olan 58 yaşlı Azərbaycan vətəndaşını dörd qeyri-qanuni miqrantı - iki suriyalı və iki somalili gənci - Qərbi Avropaya apararkən saxlayıblar.
"Delfi"yə istinadla xəbərdə bildirilir ki, bu barədə Dövlət Sərhəd Mühafizə Xidmətindən (DSMX) bəyan edilib.
Məlumata görə, çərşənbə axşamı Kalvariya bələdiyyəsinin Senoji-Radişke kəndi yaxınlığında, Litva-Polşa sərhədinə yaxın ərazidə sərhəd postunun əməkdaşları Polşada qeydiyyatda olan "Renault Laguna" avtomobilini saxlayıblar.
Sərhədçilər artıq bu avtomobilin qeyri-qanuni miqrantları Polşaya daşıya biləcəyi barədə məlumatlı olublar.
Avtomobili Almaniyada yaşayış icazəsi olan 58 yaşlı Azərbaycan vətəndaşı idarə edib. Onunla birlikdə dörd miqrant olub. Onlardan 23 və 26 yaşlı Suriya vətəndaşları DSMX əməkdaşlarına Latviya Əcnəbilərin Qeydiyyat Mərkəzi tərəfindən verilmiş sığınacaq istəyi sənədlərini təqdim ediblər. Özlərini Somali vətəndaşları kimi təqdim edən digər ikisinin heç bir sənədi olmayıb. Onların Rukladakı Qəbul və İnteqrasiya Agentliyi - sığınacaq axtaranların qəbul mərkəzini qanunsuz tərk etdikləri müəyyən olunub.
Ərizələrinə baxıldığı müddətdə bu dördlüyün sığınacaq istədikləri ölkələri tərk etmək hüququ olmayıb.
Sərhədçilər sürücünü və adı çəkilən dördlüyü saxlayıblar. Litva Sərhəd Mühafizə Xidməti hadisə ilə bağlı istintaqa başlayıb.
Azərbaycan vətəndaşı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, miqrantlar isə başqa bir bölməyə yerləşdiriliblər. Belə hallarda qəbul edildiyi kimi, bütün rəsmiyyətlər başa çatdıqdan sonra Suriya vətəndaşları Latviya sərhədçilərinə, Somali vətəndaşları isə Qəbul və İnteqrasiya Agentliyinə təhvil veriləcəklər. Azərbaycan vətəndaşına qarşı hansı qətimkan tədbirinin seçiləcəyi hələ məlum deyil. Cinayət sübuta yetirilərsə, sürücünü cərimə, yaxud 8 ilədək həbs cəzası gözləyir.
Avtomobil müvəqqəti olaraq Druskininkay sərhəd postunun ərazisində saxlanılır.
Oxu.Az