Şəfəqə Doğru » Gündəm » RAMİZ MEHDİYEVİN QARA METALLURGİYA "QALASINDA" ARAŞDIRMALAR BAŞLAYIB! – Rasim Məmmədovun ələ keçirdiyi bütün zovodlar yoxlanılır

RAMİZ MEHDİYEVİN QARA METALLURGİYA "QALASINDA" ARAŞDIRMALAR BAŞLAYIB! – Rasim Məmmədovun ələ keçirdiyi bütün zovodlar yoxlanılır

RAMİZ MEHDİYEVİN QARA METALLURGİYA "QALASINDA" ARAŞDIRMALAR BAŞLAYIB! – Rasim Məmmədovun ələ keçirdiyi bütün zovodlar yoxlanılır
Azərbaycanın ən iri poladəritmə zavodu olan "Baku Steel Company” ilə bağlı mətbuatda bir çox qalmaqallı yazılar dərc olunub. Bu şirkətin qurucusu və 2008-ci ilədək sahibi olan İran əsilli Böyük Britaniya vətəndaşı Paolo Pərvizin ölkədən didərgin salınmasından bu yana istər "Baku Steel Company”, istərsə də sənəd üzərində zavodun sahibi olan, bahalı avtomobillər kolleksioneri Rasim Məmmədov hər zaman mətbuatın diqqət mərkəzində olub.

Zavod rəhbərliyinin adı daha çox ölkədə armatur istehsalını və satışını inhisara almaqda, rəqiblərini zorakı yollarla sıradan çıxarmaqda, özəl poladəritmə zavodlarına reyder hucumlarına başçılıq etməkdə, bu sahədə fəaliyyətdə olan sahibkarları həbsə aldırmaqla, qorxutmaqla, bir sözlə, ölkənin qara metallurgiya sənayesinə nəzarəti ələ keçirməkdə hallanıb. Təbii ki, yüksək səviyyəli himayədarlarının köməyi ilə...

Rasim Məmmədovun maliyyə maxinasiyaları araşdırılır!

Son dövrlərdə Rasim Məmmədovun adı həm də başqa qanunsuzluqlarda da çəkilib. Belə ki, onun dövlətə olan külli miqdarda borcunu ödəməkdən yayındığına, Azərbaycandan milyardlarla dollar vəsaiti çıxararaq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açdığına dair məlumatlar var.

Bu yaxınlarda isə Binəqədi rayonunda yerləşən "Bakı Poladtökmə” ASC-nin bir qrup səhmdarı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edərək, Rasim Məmmədovun zavodu talan edərək, qiymətli avadanlıqlarını özünün gizli açdığı zavoduna daşıdığı, dövlətin yerli istehsalı inkişaf etdirmək siyasətini sabotaj etdiyi haqda məlumat vermişdilər...

Görünür, bütün bunlar hüquq-nühafizə orqanlarının da diqqətini cəlb edib.

Belə ki, "Xural TV”-nin rəhbəri Əvəz Zeynallının məlumatına görə, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi "Baku Steel Compani” MMC-də (BSC) araşdırmalara başlayıb. Bu haqda yayılan xəbərlərdə araşdırmaların həm vergi məsələləri, həm də Rasim Məmmədovun uzun illərdir həyata keçirdiyi maxinasiyalarla bağlı olduğu deyilir.

Məlumata görə, bir neçə ay əvvəl şirkət üzərində bütün rəsmi hüquqları əlindən alınan, sadəcə zavodun rəhbəri kimi saxlanılan Rasim Məmmədov "Baku Steel Company”nin idarəçiliyindən də uzaqlaşdırılıb.

Bundan əlavə BSC-nin istehsalat müdiri Ramin Kərimov və maliyyə direktoru Çingiz Həsənovun hüquq-mühafizə orqanları tərəfindən sorğuya çəkildiyi bildirilir. Hətta birincinin 3 gün DTX-da saxlanıldığı da verilən məlumatlar sırasındadır. Bu haqda Əvəz Zeynallı canlı yayımda danışıb.

Məlumata görə, sözügedən dövlət qurumları eyni zamanda Rasim Məmmədovun nəzarətində olan Sumqayıt Boru Zavodunda da araşdırma aparır. İllərdir fəaliyyətdə olan bu zavodun külli miqdarda vergi borcu yaranıb. Belə ehtimallar var ki, dövlətə vergilərin ödənməməsi maliyyə çatışmazlığı ilə bağlı deyil. Sadəcə vergi ödəməməklə zavodun rentabelli olmadığı təəssüratı yaradılır və törədilmiş maxinasiyalar ört-basdır edilir. Hər halda bu iddialar ortalıqdadır və hazırda araşdırma predmeti olduğu qeyd olunur.

Rasim Məmmədovun nəzarətində olan digər zavodların da külli miqdarda vergi borcunun yaranması bu ehtimalı gücləndirir.

Xatırladaq ki, "Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı Rasim Məmmədovun Zülfüqarlı qardaşlarının əlindən zorla aldığı iddia edilən – "Baku Steel Construction” ASC-nin də (əvvəlki adı "Bakı Poladtökmə” ASC) 676 276,08 manat vergi borcu var. Beləliklə, 2 şirkətin ümumi borcu 1 milyon 277 min 786,26 manat təşkil edir.

Nəzərə alsaq ki, ötən illər ərzində Rasim Məmmədovun nəzarətində olan zavodlar ölkənin metallurgiya sənayesini inhisarda saxlayıb, demək olar ki, bazara başqa şirkətlərin (yerli və xarici-müəl.) daxil olmasına imkan verməyib, belə külli miqdarda vergi borcunun yaranmasının iqtisadi əsaslarının olması şübhə doğurur. Böyük ehtimalla, ortada ciddi maliyyə maxinasiyaları var və dövlət orqanları həm də bunu araşdırır...

Onun artıq "Baku Steel Compani”yə əvvəllər olduğu kimi tez-tez gedib-gəlməməsində belə məqamların rol aldığı istisna edilmir. Sonuncu dəfə Rasim Məmmədov BSC-də ötən ay olub. Həmin vaxt "Baku Steel Compani”yə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi əməkdaşlarının qəfil gəlişi Rasim Məmmədovu çaşqın duruma salıb. Rasim Məmmədov zavodda vergi əməkdaşları ilə görüşməkdən yayınıb və tələsik "Baku Steel Compani”ni tərk edib.

Bundan başqa, məlumata görə, həm Sumqayıt Boruyayma Zavodu, həm də "Baku Steel Company” MMC bir çox şirkətlərlə bağladığı müqavilə öhdəliklərinə qəsdən əməl etmirlər. Bununla yanaşı onları qara metal qırıntıları (metallom) ilə təchiz edən xeyli sayda insanın da borclarını ödəmirlər. Həmin şirkətlərin və borcunu tələb edən insanların bir neçəsinin məhkəmələrə iddialar verdiyi, eyni zamanda dövlət qurumlarına müracət edərək bu məsələlərin araşdırılmasını xahiş etdikləri də gələn məlumatlar sırasındadır.

İddia olunur ki, araşdırmalar çərçivəsində Sumqayıt Boruyayma Zavodunun direktoru Bahadur Əliyev də bir neçə gün hüquq-mühafizə orqanları tərəfindən sorğulanıb. Bu sorğulamaların nəticəsi olaraq Bahadur Əliyev anlayıb ki, Rasim Məmmədovun mövqeyi sağlam deyil, məhz ona görə də istefa ərizəsini yazıb və işdən gedib. Bundan sonra Rasim Məmmədov Yaşar Abbasəliyevi Sumqayıt Boru zavoduna direktor təyin edib.

Məlumatda Yaşar Abbasəliyevin bu vəzifəyə təyinatının təsadüfi olmadığı bildirilir.

Ramiz Mehdiyevin birbaşa dəstəyi ilə Zülfüqarlı qardaşlarına məxsus əmlakları ələ keçirib

Rasim Məmmədov onun metallurgiya sahəsindəki inhisarçı mövqeyi və bu sahədə fəaliyyət göstərən digər sahibkarlara qarşı həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti haqda yazılara, tənqidlərə qarşı çox aqressiv münasibət göstərir və illərdir ki, belə tənqidlərə Ramiz Mehdiyevin birbaşa dəstəyi ilə əsassız məhkəmə qərarları çıxartdırmaqla cavab verir. Ramiz Mehdiyevin məhkəmə sistemi rəhbərliyindəki adamlarının sayəsində Azərbaycan məhkəmələri son 10 ildə Rasim Məmmədovun iddialarının demək olar ki, heç birini geri çevirməyiblər. Əksinə, son 10 ildə bir çox sahibkarların Rasim Məmmədova qarşı qaldırdıqları haqlı iddialarını, ortada daşdan keçən dəlil-sübutlar olmasına baxmayaraq, təmin etməyiblər. Rasim Məmmədovun istənilən iddiasını isə heç bir əsas olmadan təmin ediblər.

Məlum olduğu kimi, Rasim Məmmədovun və Ramiz Mehdiyevin qeyri-qanuni əməllərindən ən çox zərər çəkmiş belə sahibkarlardan biri də, tanınmış iş adamları olan Zülfüqarlı qardaşlarıdır.

"Xural TV”-nin məumatına görə, Rasim Məmmədov Ramiz Mehdiyevin birbaşa dəstəyi ilə Zülfüqarlı qardaşlarına məxsus olan iki iri zavodu - "Bakı Poladtökmə” ASC-ni və "Bakı Elektroştamp” ASC-ni zorla Zülfüqarlı qardaşlarının əllərindən alıb.

Rasim Məmmədov təkcə zavodları deyil, qardaşlara məxsus olan digər ofis binalarını, istehsal sahəsini və dəyəri milyonlarla manat təşkil edən maşın və texnikaları, mal və materialları da qardaşların əllərindən zorla alıb.

Həm də bunu açıq şəkildə - "reketliklə” ediblər. Belə ki, Rasim Məmmədovun mətbuatda da şəkilləri yayılan, "mühafizəçi” adı altında saxladığı silahlı dəstəsi Zülfüqarlı qardaşlarının zavodlarına silahlı basqın ediblər. Rasim Məmmədov Nurəddin və Loğman Zülfüqarlı qardaşlarını təhdid edərək, onlardan faizə işləməyi tələb edib.

"Ya ömür boyu həbsdə "çürüyəcəksiz”, ya da zavodları verib ölkəni tərk edəcəksiniz...”

Qardaşlar isə təbii ki, öz açdıqları zavodda faizə işləməyi qəbul etməyiblər. Bundan sonra Ramiz Mehdiyev işə hüquq-mühafizə orqanlarını cəlb edib. Heç bir günahları olmadıqları halda qardaşları həbs etdiriblər. Həbsxanada onlara təzyiq edərək bildiriblər ki, "ya ömür boyu həbsdə "çürüyəcəksiz”, ya da zavodları verib ölkəni tərk edəcəksiniz". Qardaşları digər ailə üzvlərini də həbs etməklə şantaj ediblər.

Nəticədə Zülfüqarlı qardaşlarını ağ kağıza qol çəkdirib, sonra da onların bütün əmlaklarını əllərindən alıb, ölkədən didərgin salıblar. Yəni, yalnız "Bakı Poladtökmə” ASC-ni və "Bakı Elektroştamp” ASC-ni deyil, Zülfüqarlı qardaşlarının bütün biznesinin, təxminən 15-ə yaxın istehsal müəssəsini, əmlaklarını əlindən alıblar. Minlərlə insan işsiz buraxılıb.

Bütün bunları isə həbsxanada ağ bir kağıza qol çəkdirərək, ələ keçiriblər. Halbuki, ailə üzvlərinin razılığı olmadan bu əmlakların özgəninkiləşdirilməsinə qanun icazə vermir. Yəni, məhkəmələr işə qanuni baxarsa, Zülfüqarlı qardaşlarından alınmış bütün əmlaklar geri qaytarılmalıdır.

"Zülfüqarlı qardaşları sərmayə qoyub zavodu sıfırdan yenilədilər, ancaq....”

Yeri gəlmişkən qeyd edək ki, Zülfüqarlı qardaşları bütün çətin zamanlarda Azərbaycan dövlətinin yanında olublar. Onlar, vaxtilə mərhum Prezident Heydər Əliyevin dəvəti ilə Moskvada işlərini buraxaraq, Azərbaycana gəliblər. Ölkədə azad sahibkarlığın inkişafı üçün böyük işlər görüblər.

Bir çox zavodu, o cümlədən "Bakı Poladtökmə” ASC-ni və "Bakı Elektroştamp” ASC-ni, demək olar ki, tam yenidən qurublar. Bunu həmin zavodlarda işləyən insanlar bu gün də deyirlər.

Məsələn, 35 il "Bakı Poladtökmə” ASC-də şalışan, uzun illər zavodda rəhbər vəzifələr tutan Fazil Hüseynov deyir ki, zavod gözləri qarşısında yüksəlib, sonradan məhv olmaq təhlükəsi ilə üzləşib. İndi də talanla üz-üzədir: "Sovetlər Birliyi dağıldı, əksər zavodlar kimi bizim zavodda da vəziyyət pisləşdi. 2003-cü ilə qədər demək olar ki, çox çətin günlər yaşadıq. Zavodun bircə sütunları idi, çünki satıb qurtarmışdlar. Həmin il Zülfüqarlı qardaşları zavoda gəldilər, sərmayə qoyub zavodu sıfırdan yenilədilər. Mən o dövrdə Kadrlar şöbəsinin rəisi işləyirdim. Zavod 2-3 ilin ərzində dirçəldi, istehsal gücünü hər ötən gün artıra bildi. Bu müddət ərzində 1000 nəfərə yaxın işçi zavodda çalışmaqla əmək haqqı alır, dividendlər ödənirdi. İstehsal sexləri, oksigen sexi tikildi, Amerikadan, Hindistandan, Türkiyədən və başqa ölkələrdən ən müxtəlif avadanlıqları alıb ölkəyə gətirib bu zavodda quraşdırdılar. Təsəvvür edin ki, zavodun sovet dövründə illik istehsalı min ton idi. 2-3 il ərzində istehsal gücü 150 min tona çatdırıldı. Zavodda işçilər yaxşı dolanırdı, sosial məsələlər həll olunmuşdu. 2011-ci ildə Rasim Məmmədov öz komandası ilə zavoda daxil olub güc vasitəsi ilə sahib oldular. Bu gün zavodun bütün işlək avadanlıqlarını söküb aparırlar. Zavod quru sütunların üstündə qalıb...”

Qeyd edək ki, Zülfüqarlı qardaşları böyük təzyiqlərə məruz qalmasına baxmayaraq, yenə ölkəyə qayıdaraq Azərbaycan iqtisadiyyatına investisiya qoyurlar. Bu da onların ölkəyə nümunə göstəriləcək, vətənini sevən iş adamları olduqlarını göstərir.

Ancaq nə yazıq ki, Ramiz Mehdiyevin himayəsi altında Rasim Məmmədov kimi biri qanunsuz yollarla onların bütün əmlaklarına sahib çıxıb.

Rasim Məmmədov mediaya "müharibə” elan edib...

Törədilmiş bütün bu qanunsuzluqlarla bağlı qardaşlar məhkəmələrə bir neçə dəfə ayrı-ayrı iddialarla müraciətlər etsələr də, onların iddiaları əsassız olaraq rədd edilib. Əksinə, Rasim Məmmədovun heç bir əsasa və sübuta söykənməyən iddiaları isə dərhal təmin edilibdir və ədalətsiz qərarlar çıxarılıbdır.

Bu arada Rasim Məmmədov, barəsindəki həqiqətlərin ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün də hərəkətə keçib. Ötən ay "Baku Steel Compani”nin rəhbəri "Reaksiya TV”-nin rəhbəri Zaur Qəriboğluna, "Bakı Poladtökmə” zavodunun keçmiş direktoru Ramiz Əhmədov və keçmiş hüquqşünas Vahid Rəsulova qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Yasamal Rayon Məhkəməsi illər sonra Rasim Məmmədovun iddia ərizəsini ilk dəfə əsassız hesab edib.

Ancaq elə həmin məhkəmədə Məmmədovun vəkilləri Nazim Əliyev və Abbas Abbasquliyev orada iştirak edən şəxslərin yanında bildiriblər ki, digər məhkəmələrdə istədikləri qərarı alacaqlar. Artıq bu istiqamətdə addım atılıb. Rasim Məmmədov Səbael Rayon Məhkəməsinə mülki qaydada iddia verib.

Yeri gəlmişkən qeyd edək ki, bu, R.Məmmədovun mətbuata qarşı ilk hücumu deyil. Belə ki, o, buna qədər "Yeni Müsavat" qəzetinə, "AzPolitika.info" saytına və başqalarına qarşı da iddia qaldıraraq, yüksək miqdarda təzminat tələb edib. "AzPolitika.info" saytından 200 min manat məbləğində təzminat tələb edən Rasim Məmmədovun iddiasının mahiyyəti onun himayədarlarına arxalanaraq, mətbuatı tam susdurmağa çalışdığını aydın göstərir. Belə ki, Rasim Məmmədov saytımızı iş adamı Nazim Bəydəmirlinin tamamilə reallığı əks etdirən, qonşu ölkələrdə armaturun qiymətinin Azərbaycandan az qala 2 dəfə ucuz olmasının səbəbini izah edən açıqlamasına görə məhkəməyə verib. Məhkəmələr də bunun belə absurd iddiasını qəbul edib, qismən təmin də ediblər. Çəkişmə hələ də davam edir.

Rasim Məmmədov ölkədə öz gücünə ayaqda qalmağı bacaran tək-tük müəssisələrdən daha birini də çökdürmək istəyir

R.Məmmədovun öz çirkin əməllərindən əl çəkməməsinin səbəbi, Ramiz Mehdiyevin himayəsi ilə hakimlərin hər zaman onun istədiyi qərarları şıxarması ilə bağlıdır.

Belə məhkəmə qərarlarından biri hazırda Ali Məhkəmədə icraatdadır. Hansı ki, Rasim Məmmədov Ramiz Mehdiyevin dəstəyi ilə qanunsuz məhkəmə qərarı çıxartdıraraq 2018-ci ilin may ayında Zülfüqarlı qardaşlarına məxsus "Birlik” MMC-nin balansında olan istehsal xəttini sökdürmüş və özünün Suraxanı qəsəbəsində yerləşən kustar zavoduna daşıtdırmışdır.

Özgə əmlakını qeyri-qanuni ələ keçirdiyi bəs deyilmiş kimi, üstəlik, əldən çıxan fayda şəklində "Birlik” MMC-dən 60 milyon manat təzminat da tələb edirdi. Bu astronomik rəqəmlə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 milyon 300 min manat pulun qardaşlara məxsus "Birlik” MMC-dən tutularaq, "Baku Steel Compani” MMC-yə ödənilməsi barədə əsassız qərar çıxarılmışdır.

Həmin günlərdə Ramiz Mehdiyev Administrasiya rəhbəri idi və qanuniliyi sual doğuran qətnamə dövlətin gücündən istifadə edilməklə icraya yönəldilmişdi. Bu isə müsadirəsi nəzərdə tutulan istehsal xəttində çalışan 300 fəhlənin, zavod rəhbərliyinin haqlı narazılığına səbəb olmuşdu.

Nəhayətdə istehsal xətti söküldü və daşınıb talan edildi. Ümumiyyətlə isə Rasim Məmmədov metallurgiya sahəsində inhisarçı mövqeyini saxlamaq üçün illərdir ki, bu cür fəaliyyətindən əl çəkmir. Hazırda "Birlik” MMC-dən 3 milyon 300 min manat tələbi ilə bağlı iş Ali Məhkəmədədir.

Yuxarıda qeyd edilənləri və hələ də Mehdiyevin adamlarının məhkəmə sistemində yüksək vəzifələr tutduğunu nəzərə alsaq, ədalətli qərar çıxarılacağına imkan verməyəcəyi gün kimi aydındır. Bu gedişlə Rasim Məmmədov ölkədə öz gücünə ayaqda qalmağı bacaran tək-tük müəssisələrdən birini də çökdürə bilər. Bu isə yüzlərlə fəhlənin işsiz duruma salınması deməkdir.

Ümumiyyətlə, məhkəmələrin Rasim Məmmədovun qanunsuz iddiaları ilə bir çox sahibkarların, o cümlədən də, Zülfüqarlı qardaşlarının milyonlarla dəyərə malik olan mal-mülklərinin ələ keçirilməsinə, talan olunmasına "qanuni əsaslar" yaratdıqlarına dair iddiaların sayı-hesabı yoxdur. Təbii ki, bütün malları, mülkləri əllərindən zorla alınmış sahibkarlar sabah bu qərarları çıxaran hakimlər vəzifələrindən getdikdən sonra onlardan da əl çəkməyəcək, öz tapdanmış haqlarını tələb edəcəklər. O zaman nə Rasim Məmmədov, nə də himayadarı Ramiz Mehdiyev onlara kömək edə bilməyəcək...

Yeri gəlmişkən, Rasim Məmmədovun 2 yaşlı oğlunun da adı Ramizdir. Rasim Məmmədov bu adı mənəvi ata hesab etdiyi Ramiz Mehdiyevə sadiqliyini nümayiş etdirmək üçün övladına verib.

Ancaq uzun illər Mehdiyevə güvənərək ölkədə böyük bir sahəni nəzarətdə saxlayan, rəqiblərini məhv edən Rasim Məmmədovun durumu hazırda əvvəkli illərdən fərqlidir. Ramiz Mehdiyev vəzifədə deyil, məhkəmələrin fəaliyyətinə nəzarət artıb. Rasim Məmmədov bunu anlayır və onunla qanuni şəkildə mübarizə aparan hər kəslə haqq-hesablarını tez bir şəkildə bitirməyə çalışır.

Görünən odur ki, Ramiz Mehdiyev "vurulan”dan sonra Rasim Məmmədov suyun boğazına qalxdığının fərqindədir. Ona görə də metallurgiya sahəsində olan-qalan barmaqla sayılacaq qədər az olan sahibkarlara, bu gedişat haqda danışan hər kəsə hucumları intensivləşdirib. Bu adamlara görə onlar metallurgiya sahəsində olmayacaqlarsa, o zaman Azərbaycanda metallurgiya sahəsi də olmamalıdır...

Bəs Azərbaycan dövləti nə deyir?
AzPolitika.info