Şəfəqə Doğru » Gündəm » Əsir Qarabağın səmasında gəzən adam - VİDEO

Əsir Qarabağın səmasında gəzən adam - VİDEO

Əsir Qarabağın səmasında gəzən adam - VİDEO
Dünyanın bütün rəqəmlərini çiyninə alıb göyə qalxan ən böyük say asankheyadır. Mənşəyi buddizmdən gəlir. Tələffüzü heç də asan olmayan bu rəqəm elə fantastikdir ki, ona çatanadək nirvanada taxt qurursan. Zənnimcə, yerdən göyə uzanan bu cığır birbaşa seçilmişlərə aparır. O seçilmişlər ki, mundirinin ulduzları asankheya hesabındadır. Planet həmin qəhrəmanların çiyinlərində fırlanır. Bu dünya bütün xətalara, bəlalara rəğmən fırlanır. Şəhidin yarası yağışda islanıb, istidə qovrulduqca bir yandan da hərəmizin ovcuna zərrə-zərrə günəş doğur.

Bu gün səma ömrünün 1 ili tamamlanır, cənab Rəşad Atakişiyev. Xalqın qəhrəman pilotu...

Hər gün sənin yoxluğunun ağrısından var oluruq. Amma bütün acılara rəğmən gözümüzü qamaşdıran günəşə qucaq açırıq. Ata torpaqda kök salan ən Narin çiçəyin qönçəsini bəsləyirik. Dərin Vətən acısının verdiyi qürurla düşmən gülləsindən sərhədlənirik.

Son günlər məni böyüdən bir fikri rəngli kağızlara qeyd edib, ən qəddar köşələrimə yapışdırmışam. "İnsan övladını itirəndə ölmür, anası öləndə birtəhər sağ qalır. Amma Vətəni üçün ölmək istəyir".

Sən də bütün əqidədaşların kimi bizdən ötrü Vətənsən, cənab pilot! Ağrılarınla, yaralarınla vazkeçilməzimizsən. Sənsiz keçən bu bir ildə dünyanın canına virus darışdı. Yurdumuz hələ erməni adlı pandemiya ilə can çəkişir. Ruhu yorğun mərd millətin ümid adlı bayrağa bürünüb. Sadəlövhlüyümü vətən ağırlıqda yorğunluğuma keç! Sən ki, səmadasan. Bizi bizdən daha aydın görürsən. Yəqin artıq igid qonaqlarını qarşılmısan. Onlara de ki, General anasının evini məbədə çevirmişik. Gizir Babayevin gözlərindən atası yağan qızı bizə əmanət, yəgin 18 yaşlı körpə Xəyyam anası üçün darıxıb. Övladların, cənab Atakişiyev. Oğulların da səninçün çox darıxır. Könül dostun elə mətin, elə güclü anadır ki, sanırsan, çiynindəki duz yüküdür. Sənsizliyi köksündə gizlətsə də, gözlərində parlayırsan. Amma səndən sonra süfrəsinin dadı-duzu qalmayıb, elə qadın ömrünün də...

Yenə unutdum, cənab Pilot. Axı sən bunları məndən daha gözəl bilirsən. Yəqin ən çox da əsir Qarabağın səmasında gəzirsən. Düzünü de, bizi bir də Qarabağda görürsən?

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından 1 il ötür.

Shafaqadogru.com  Publika.az-ın pilotun anımı ilə əlaqədar hazırladığı videonu təqdim edir: