Verilişimə dəvət etmədiyim, tamaşaçıların sevmədiyi və qəbul etmədiyi, aşıq sənətinə ləkə yaxmaqla məşğul olan insanlar var ki, bu gün mənim haqqımda böhtan dolu yazılar yazırlar. Verilişimə dəvət etdiyim qonaqları Orxan Paşa imzalı şeirlərimi oxumağa məcbur etməyimlə bağlı deyilənlər cəfəngiyyatdır.
Bu sözləri Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı onun birliyə sədr təyin edildikdən sonra aşıqları tədbirlərdə ancaq özünün Orxan Paşa imzası ilə yazdığı şeirləri oxumağa məcbur etməsi barədə deyilənlər haqda Kult.az-a danışarkən deyib. O bildirib ki, bəziləri ondan intiqam almaq üçün belə yalanlar uydurur:
"Belə bir şey necə ola bilər axı? Mən niyə kimisə mənim sözlərimi oxumağa məcbur edim? Əgər kimsə öz istəyi ilə mənim sözlərimə müraciət edirsə, buna bir söz deyə bilmərəm. Belə iddiası olan adam bunu mediaya yox, mənə deməlidir. Bu cür yalan məlumatları yayanlar yəqin ki, mənim verilişimə dəvət etmədiyim, verilişə buraxmadığım insanlardan biridir. Məndən acığını bu şəkildə çıxır. Bir dəfə dəvət etdiyim adamı izləyici bəyənmirsə, tənqid edirsə, mənə yazıb etirazını bildirirsə, bir daha həmin adamı efirə çağırmıram. Verilişə ancaq sevilən, dinlənən, tələb edilən aşıqları dəvət edirəm. Haqqımda belə cəfəng sözlər danışılmasına səbəb də məhz budur. Belə insanların səsi yoxdur, inanın. Elələri aşıq sənətini ancaq gözdən salmaqla məşğuldurlar. İndi verilişə gəncləri, cavan uşaqları çıxarıram. Onları qabağa çəkməyə, tanıtmağa, təqdim etməyə çalışıram. Olduqca gözəl səsləri var. Mənim gənc aşıqları qabağa çəkməyim səsi olmayan, aşıq sənətinə ləkə gətirməklə məşğul olan insanların ürəyincə deyil”.
Sədr aparıcısı olduğu verilişə İlham Aslanbəyli, Fəzail Miskinli, Nemət Qasımlı, Cahangir Quliyev, Ədalət Dəlidağlı, Tərmeyxan Qurbanov, Məhərrəm Hüseynli kimi aşıqları çağırmaması haqda deyilənlərə də münasibət bildirib:
"Adları çəkilən aşıqlarla heç bir problemim yoxdur və zamanla onları da verilişə dəvət edirəm. İlham Aslanbəyli bu gün qonağımız olub. Son iki həftədə də qonağımız olub. Nemət Qasımlı çox gözəl və istedadlı ifaçıdır. Tez-tez onu da çağırıram efirə. Hazırda Azərbaycanda mindən çox saz çalan var, onların hamısını necə yığaq efirə? Oxuyan isə 5-6 nəfərdir. Mən verilişə dəvət edib oxutmaq üçün 10 adam tapa bilmirəm. Mənim verilişimə baxanlar bilirlər ki, dəvət etdiyim qonaqların əksəriyyəti illərlə efirə çıxmayıblar. Ancaq bir qulaq asın, görün necə gözəl ifa edirlər”.
Qeyd edək ki, Axar.az-a müraciət göndərən Əli Miriyev adlı şəxs professor Məhərrəm Qasımlının Aşıqlar Birliyinin sədri olduqdan sonra "Orxan Paşa” imzası ilə yazdığı şeirləri aşıqlara məcburi oxutdurduğunu iddia edib. Həmçinin bildirib ki, M.Qasımlı "Mədəniyyət” kanalında aparıcılıq etdiyi verilişinə dəvət etdiyi qonaqlara ancaq öz müəllifi olduğu şeirləri oxumağa icazə verir.
İrəli sürülən ittihama görə, M.Qasımlı verilişində ustad aşıqların şeirlərinə yer vermir, verilişə İlham Aslanbəyli, Fəzail Miskinli, Nemət Qasımlı, Cahangir Quliyev, Ədalət Dəlidağlı, Tərmeyxan Qurbanov, Məhərrəm Hüseynli kimi aşıqları dəvət etmir və s.