Ötən gün axşam saatlarından hava şəraitinin kəskin soyuması səbəbindən Quba və Qusar rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatında yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu barədə APA-ya Xaçmaz Regional Qaz İdarəsinin baş mühəndisi Gülyar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, soyuq hava şəraitində qaz xətlərində yaranan problemlərin aradan qaldırılması üçün Qəza-bərpa xidmətinin əməkdaşları problem olan ərazilərə cəlb olunub. Baş mühəndis deyib ki, abonentlərin qazla təminatı istiqamətində işlər sürətlə davam etdirilir.
Qaz təchizatında yaranan fasilələr vətəndaşlar üçün əlavə problemlər yaradıb. Qusar rayon sakini Nadir Sevzixanov deyir ki, onlar həmişə fasiləsiz qazla təmin olunublar. Ötən gündən başlayaraq yaranan fasilələr onlar üçün əlavə çətinliklər yaradıb. “Dünən axşam saatlarından qaz azalıb və bu gün səhər saatlarından tamamilə kəsilib. Evdə azyaşlı xəstə uşaqlar var, çox çətinlik çəkirik. Bizdə yaxın yerdə meşə də yoxdur”.
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İB-dən verilən məlumata görə, SOCAR "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları bu rayonlara ezam olunub.
“Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5000 abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır”, - deyə məlumatda bildirilib.