Bir müddət öncə Tacikistan rəhbərliyi ölkə polisinə arıqlamaq əmri vermişdi
İndi isə polisə özünü teatr oturacaqlarına yerləşdirmək tapşırılıb.
Tacikistanın Daxili işlər naziri Ramazon Rahimzoda polis əməkdaşları və nazirliyin digər işçilərinə ayda, ən azı, bir dəfə teatra getmək barədə əmr verib. Bu addım, görünür, yoxsul Orta Asiya respublikasında polis əməkdaşlarının imicini və iş keyfiyyətini yüksəltməyə yönəlib.
Nazir bu qərarı ötən həftə, digər yüksək rütbəli məmurlarla birlikdə Düşənbədəki Abdulkasim Lahuti adına Dövlət Dram Teatrında tamaşaya baxdıqdan sonra verib.
Nazirliyin mətbuat xidmətindən Umarjoni Emomali aprelin 11-də AzadlıqRadiosu-nun tacik xidmətinə bildirib ki, tamaşalara baxmaq polisin mənəvi və əxlaqi dünyagörüşünü artırmağa və onun ağır iş günündən sonra dincəlməsinə xidmət edəcək: "Qərar qəbul edilib ki, polis əməkdaşları, ən azı, ayda bir dəfə, fərqli günlərdə teatra getməlidir. Bu qərar Daxili İşlər rütbəsindən asılı olmayaraq, nazirliyinin ölkə ərazisində fəaliyyət göstərən bütün əməkdaşlarına şamil edilir", – deyə nazirliyin sözçüsü bildirib.
Umarjoni Emomali qeyd edib ki, ötən həftə nazir Rahimzoda-nın özü şəxsən aktyorları uğurlu tamaşa münasibətilə təbrik edib. Tamaşanın müəllifi isə ölkənin keçmiş Mədəniyyət naziri Nur Tabarovdur.
Nazirlik rəsmisinin sözlərinə görə, bundan sonra nazir bir az da irəliyə gedərək aktyorlara bildirib ki, "biz hər ay teatra getmək fikrindəyik". O qeyd edib ki, bundan sonra istər paytaxtda, istərsə də əyalətlərdə polis əməkdaşları ən son teatr tamaşalarından xəbərdar olacaqlar.
Bu təşəbbüs Daxili İşlər Nazirliyinin daha bir maraqlı təlimatından sonra irəli sürülüb. Həmin təlimata görə, polis arıqlamalı, artıq çəkidən azad olmalı, nəticədə onun imici yaxşılaşmalı idi. Polis əməkdaşlarına artıq çəkidən azad olmağa müəyyən vaxt verilmiş, bu müddətdə arıqlaya bilməzlərsə, işdən azad ediləcəkləri deyilmişdi. Nazirlik onlara təlimata əməl edə bilməkdən ötrü vəzifə başında olmadıqları saatlarda idmanla məşğul olmağı tövsiyə etmişdi.
Hüquq müdafiə təşkilatları və əleyhdarları 1992-ci ildən Tacikistanı idarə edən prezident Emomali Rahmonun fərqli fikrə və tənqidə dözümsüz yanaşdığını, tənqidçilərinə təzyiq göstərdiyini bildirirlər. 2015-ci ildə prezident Emomali Rahmon bütün Orta Asiya regionunda ən böyük teatr binasının tikilməsi barədə əmr verib. Teatr binasının yoxsul ölkənin büdcəsinə 100 milyon dollara başa gələcəyi bildirilir. Ancaq SSRİ-nin dağılmasından sonra ölkə əhalisinin teatra marağı xeyli azalıb.
2012-ci ildə ölkədə Orta Asiya regionunun ən böyük kitabxanası açılıb. Amma hökumət kitabxananın kitablarla doldurulmasında ictimaiyyətdən kömək istəyib. Hökumətin gerçəkləşdirdiyi daha bir bahalı layihə paytaxt Düşənbədə tikilmiş bayraq dirəyidir. Hazırda Tacikistan iqtisadiyyatı Rusiyaya axışan əmək miqrantlarının evə göndərdikləri qazanclarından asılıdır.
Ötən il 64 yaşlı Emomali Rahmonun ölkə konstitusiyasına etdiyi dəyişiklik ona sonsuz sayda prezident seçilmək səlahiyyəti verir. (Azadlıq Radiosu)