Şəfəqə Doğru » Gündəm » "Xəsis" Almaniyadan suriyalılara böyük əliaçıqlıq

"Xəsis" Almaniyadan suriyalılara böyük əliaçıqlıq

"Xəsis" Almaniyadan suriyalılara böyük əliaçıqlıq
Qanlı Əsəd rejiminin qəddarlığından qaçan suriyalıların taleyi hələ də dünyanı narahat edir. 

Bu gün Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının Brüsseldə birlikdə təşəbbüsü ilə, Suriyaya həsr olunmuş beynəlxalq konfransın növbəti illik yığıncağı keçirilmişdir. 10 ildən bəridir dünyanın müxtəlif ölkələrinə pərişan şəkildə yayılmış suriyalıların gələcəyi və bu gününü müzakirə etmək üçün toplaşan dünya diplomatiyasının öncü ölkələri müxtəlif yollarla suriyalılara kömək etməyə davam etməkdə qərarlılıq göstəriblər. 

Yeni qərara əsasən, suriyalılara yardım üçün bu il 10 milyard dollarlıq beynəlxalq yardım fondu ayrılacaq. Bunun 10%-ini məhz Almaniya öz üzərinə götürür. Amerika isə yarım milyardlıq qatqı göstərməyə söz vermişdir. 

Bu fondun istifadəsində Suriyanın 5 qonşu ölkəsi də diqqətə alınmışdır. Belə ki, suriyalı qaçqınların ciddi bir hissəsi (80%) Livan, Türkiyə, İraq, İordaniya və Misirə köçüblər və onların uyğunlaşmaq, yerləşmək problemləri vardır. Fondun təxminən yarısı isə Suriyada yaşayanların ehtiyaclarına yönəldiləcəkdir. Belə ki, hazırda ölkə əhalisinin 90%-i yoxsulluq içində və 3 milyon insanı humanitar yardımlardan asılı vəziyyətdə yaşayır.  

Qeyd edək ki, Almaniya ötən ilin də ən əliaçıq ölkəsi olmuş, Suriya üçün fonda 1,6 milyard avro qədər qatqı göstərmişdi. Bu da onu göstərir ki, bu ölkə heç də "xəsislik" nümunəsi deyildir.
 
Ümumilikdə 2011-ci ildən bu yana təkcə Avropa Birliyi suriyalılara yardım üçün 25 milyard avro xərcləmişdir.