Şəfəqə Doğru » Təhlil » Şəfəqə doğru gedən yol (1)

Şəfəqə doğru gedən yol (1)

Şəfəqə doğru gedən yol (1)


 


İnsanlıq özünü biləndən bəri hər zaman maddi ehtiyacları, yəni yemək, su, geyim, yaşayış yeri uğrunda və təhlükəsizlik problemi ilə mübarizə aparmaq məcburiyyətində olmuşdur.

 

İlk insanlar vəhşi heyvanların qorxusu altında və təbiətdəki hazır qida növlərinə olan asılıllıq içərisində yaşayırdılar. Bu aslılıq onları 2 vacib xüsusiyyəti formalaşdırmağa məcbur etdi :

 

1.Kollektiv müdafiə sistemini təşkil etmək : alovun, ünsiyyətin və kəsici alətlərin istifadəsiylə ilkin ağıllı cəmiyyəti təşkil edərək təhlükələrdən qorunmaq və hətta, işi irəlilədib ovçu statusuna gəlmək.


2.Təbiətin imkanlarını müşahidə edib, onun verdiyi hazır məhsulları yığmaqdansa, təsərrüfat yaradıb təbiətdən istifadə etmək. Əkinçilik və heyvan əhliləşdirmə işi bu birinci mərhələnin çarələri idi.

 

Ondan sonrakı bütün mərhələlərdə insanlar cürbəcür hadisələr ucbatından qıtlıq və çətinliklərlə üzləşməli oldular : təbii fəlakətlər, güclü tayfaların ağalığı, böyük dövlətlər, imperiyalar və quldarlıq, sonralar feodallar, din adamları, zadəganlar, daha sonra kapitalistlər, siyasətçilər azlıqda olsalar da insanların çoxluğuna hökm edib, onların daha aşağı şəraitdə yaşamasına, çatışmazlıqlar içində qalmasına səbəb olurdular. Hər mərhələdə insanlar yeni ideyalar taparaq qurulmuş sistemə uyğunlaşır ya da onu yıxıb yenisini qurmaqla özünün ən sadə ehtiyaclarını qarşılamağa çalışırdılar : yemək, içmək, geyim və ev. 

21. əsr gəldi. Az çox qalan kapitalizm, sosializm, müasir kraliyyət, yeni aristokratiya, yalançı oliqarxiya və sairə kimi sistemlər gedərək yumşalmağa üz tutdu. Fəqət, artıq bəşəriyyət daha yeni bir güclə mübarizə aparmaq məcburiyyətindədir. Robotlar. İnformatika və yeni şifrəli texnologiyalar bütün məslək sahələrini əvəzləyərək insanların kütləvi şəkildə işsizləşməsinə artıq Qərb ölkələrində başlamışdır. Bu sürətlə bütün dünyaya yayılacaqdır. Bu gün ən incə cərrahi əməliyyatların belə avtomatlaşdırılmış "operator”-lara təhvil verilməsi test olunur. Çətin hesablamalar, kompleks memarlıq işləri, öz-özünə gedən avtomobillər, kofe dəmləyən, yemək bişirən, silah atan robotlar ard-arda sınaqlardan keçirilir.

20 il bundan öncə qorxu filmlərində robotların insanları "yeməsi” bizə bir fantaziya kimi görünürdü. Artıq hər il minlərlə insan sırf robotlaşma üzündən işsiz qalırlar, əmək bazarında yararsız sayılan biliklərini ucuzca təklif etmək zorunda qalırlar. Qərb ölkələrində hər kəs öz işini internet üzərindən etdiyi üçün artıq bankların işçilərinə, dükanlardakı satıcılara, otel qulluqçularına, biletsatanlara, qeydiyatçılara, inzibatçılara gedərək ehtiyac azalır, hətta yox olur. Yalnız xüsusi talantlara və mürəkkəb biliklərə sahib olan ekspertlər saxlanılır. Digər tərəfdən dünya əhalisi də artır.

Bəs bu halda nə olacaq ? Bütün insanlıq gedərək işsiz, qıtlıq, kasıblıq içində çırpınacaqsa, çarə robotlardan imtina etməkdirmi ? 30 il bundan öncə başqa şəhərə zəng etməkçün telefonçu qıza pul verib jeton almalıydıq. İndi cibimizdəki telefonla dünyanın o başına pulsuz zəng edə bilirik. Telefonçu məsləyi bu gün artıq necə bir nostalgiyadır, xatirədirsə, bankir, sığortaçı, mühasib, satıcı, sürücü kimi məsləklər də 20-30 il sonra eləcə yoxa çıxacaqlar. YouTube-un ("yutyub”, onlayn video yayımlayıcısı) var olduğu bir dünyada, toya manıs gətirtmək ehtiyacı zamanla yoxa çıxacaqdır. "Telefonu qoşub istənilən mahnını, qüsursuz şəkildə dinləyə, oynaya bilirəmsə, çalğıçı, xanəndə mənə niyə lazımdır?" deyə biləcəklər insanlar, belə davam etsə... Xüsusilə, indi doğulan uşaqlar 20 il sonra telefonu həyatın adi bir parçası olaraq görüb böyüyəcəklər. Evində oturub dronlarla (uzaqdan idarə olunan təyyarəciklər) pizza sifariş etdiyimiz bir sistemdə restorançılıq nəyə kimə yarayacaq ? Gedərək, 3 ölçülü printerlə tikilən evlər təkmilləşdikcə, ustalara, bənnalara olan müraciətlər də qısılacaqdır. Bunlar fəlakət ssenariləri kimi görünə bilər, ancaq bu gün Avropada suvarmaçılıq işi, sağıcılıq işi necə bir tarixdirsə, arxivə atılıbdırsa, yuxarıda adı çəkilən məsləklər də bir-bir sıradan çıxacaqlardır. Bu tarixi bir təkamül məsələsidir.

Elə isə, nə olacaq cəmi insan toplusunun halı ?

Robotlar insanların yaratdığı bir bəladır. Ancaq, xeyirli bir bəladır. Dünyanın ən təkmil süni intellektli robotuna sual verildikdə ki, "Sofia, sən insanlarçün təhlükəsənmi ?”, cavabı belə oldu, "mən insanların sahib olduğu bütün imkanlara sahib deyiləm”. Sofia sadəcə 70-ə yaxın emosional üz ifadəsinə sahibdir. Bunları ona əlavə edə bilməkçün onun müəllifləri ən sonu üsulları tətbiq etmişlərdir. Və bu insanın sahib ola biləcəyi üz ifadələrinin heç yüzdə biri deyildir. Hər bir üz ifadəsi isə bir hissi, bir düşüncəni, bir emosiyanı ifadə edir. Robotlar insanları hesablama və tekniki tətbiqatda üstələyə bilərlər. Ancaq, insan bilikdən əlavə güclərə də sahibdir. Buna görə də, artıq insan məcburdur ki, həyatını robotların heç bir zaman əldə edə bilməyəcəyi həmin cəhətlərinin üzərində qursun.

Misal üçün, robotların heç bir zaman sevmək və buna görə fədakarlıq etmək imkanı olmayacaqdır. Övlad, dost, qohum, qonşu, yaşlıya mərhəmət, körpəyə acıma kimi xüsusiyyətlər proqramlaşdırıla bilən deyil. Doğrudur, bir robot bir pensiya ya da sığorta fondunu əvəz edə bilər. Gənc vaxtı maaşdan avtomatik pul çıxmaqla pulları bir yerdə yaddaşa salıb, qoca yaşa gəldikdə isə onları az-az geri qaytara bilər. Ancaq, o heç bir zaman, gənc ikən gedib bir qocanın köməyində durma ideyasını ağlına gətirə bilməz. Çünki, robotlar hesablama sarıdan ən "gəlirli”, ən "sərfəli” seçimləri etmək üçün quraşdırılırlar.

Sahib olduğundan bir payı başqasına fəda etmək yalnız insana xas bir refleksdir. Qarşılıqlı ya da qarşılıqsız olsun, bölüşə bilmək, yardımlaşa bilmək insana məxsus bir keyfiyyətdir. Bu geniş yayıldıqda isə, həmrəylik iqtisadiyyatı deyilən bir sistem formalaşır. Bir robot əsla gedib yetim bir körpə götürüb saxlayıb, boya-başa çatdırıb, "qocalanda bəlkə o da mənə baxar” deyə gələcəyə inam üzərində qurulmuş bir mexanizm düşünə bilməz. Bir robot qətiyyən, "bu gün bizdə yemək var, qonşunu da çağır, bu günün sabahı var” deyə bilməz.

İnsanların gələcəyi məhz avtomatlaşdırılması mümkün olmayan hisslərin əsasında qurula bilər : həmrəylik, fədakarlıq, inam, vəfadarlıq və özündən başqasını düşünə bilmək bacarığı. Bu şəxsi keyfiyyəti indidən özümüzdə, ailəmizdə yetişdirməsək, robotların yaratdığı kütləvi işsizlik bütün dünyanı bürüyüncə insanlar öz aralarında qorxu filmlərini xatırladan bir düşmənçiliyə məruz qalacaqlar.

Halbuki, sırf robotlardan indidən qorxub, hazırlaşsaq, onların heç vaxt əldə edə bilməyəcəyi bir "silahı”, yəni insançılığı indidən inkişaf etdirsək, gələcəkdə robotların hakim olduğu bir dünyaya bizim heç ehtiyacımız da olmayacaqdır. Robotların texnikası gücləndikcə, insanların insançılığı, humanizmi güclənməlidir. O zaman planet insanların yenə də hakim olduğu bir məkan olaraq qalacaqdır.

Dünyanın gələcəyi həmrəylik, paylaşım və dəstəkləşmə iqtisadiyyatındadır.

 

 

Ardı var.

 

Azad.