Şəfəqə Doğru » Gündəm » Siqaret qadağasına niyə əməl olunmur? – “Cərimələr artırılmalıdır” – Hüquqşünas

Siqaret qadağasına niyə əməl olunmur? – “Cərimələr artırılmalıdır” – Hüquqşünas

Siqaret qadağasına niyə əməl olunmur? – “Cərimələr artırılmalıdır” – Hüquqşünas
Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qapalı məkanlarda siqaret çəkmək qadağan edilib.

Həmin qanuna görə, qapalı yerdə tütün çəkilməsinə görə həm ondan istifadə edən, həm də bu hadisəyə icazə verən məkan sahibini böyük məbləğdə cərimə gözləyir. Xatırladaq ki, qanun qüvvəyə minən kimi obyekt sahiblərinə xəbərdarlıq edilib. Onlara siqaret çəkilməsinə ciddi nəzarət etməli olduqları, əks halda, cərimələnəcəkləri barədə bildirilməsinə baxmayaraq, hələ də qanunun tələbinə məhəl qoymayanlar var.

Görünən odur ki, qanunun tələblərinə əməl edilmir. Son zamanlar müşahidələr onu göstərir ki, Bakıda və əyalətlərdə kafe və çayxanalarında yenə siqaret çəkilir.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu qadağaya vətəndaş məsuliyyətini artırmaq üçün mütləq şəkildə cərimələr daha da yüksəldilməlidir.

"İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə görə, qapalı məkanlarda siqaret çəkmək qadağasını pozan şəxslər 30 manat dəyərində cərimə olunur. Mütləq şəkildə cərimələr qaldırılmalıdır ki, həmin insan bundan peşman olsun. Bir dəfə etdikdən sonra, bunu ikinci dəfə etməyə ehtiyat etsin. Mən özümdə son zamanlar bu qaydaya riayət olunmadığının şahidi oluram. Bu tərəfdən qanunda böyük boşluq var, demək olar ki, nəzarət mexanizmi doğru qurulmayıb. Çox vaxt bu vəziyyətə nəzarət edən orqanlar da bu cür hallara göz yumur”.

Söhbət əsnasında hüquqşünas qapalı məkanlarda tütün qadağasının pozulmasına bir neçə orqanın nəzarət etdiyindən də danışıb:

"Düşünürəm ki, bu cür halların qarşısını almaq üçün vəziyyətə Hüquq mühafizə, Sanitar Gigiyenik normalara nəzarət edən orqanlar və yerli icra nümayəndəliyi mütləq şəkildə nəzarət etməlidir. Lakin hamıdan əvvəl bu şəxslərə məkan sahibləri özləri ciddi nəzarət etməlidir ki, bu cür xoşagəlməz hallar yaşanmasın. Çünki qapalı məkanlarda siqaret çəkən insan özündən qat-qat çox ətrafdakı insanlara zərər verir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əlavə edilən 5-ci bəndə əsasən qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslərə 500 manat, hüquqi şəxslərə isə 1200 manat məbləğində cərimə tətbiq edilir.

Vüsalə Balayeva, Bizim.Media