Şəfəqə Doğru » Gündəm » Azərbaycan-Ermənistan sərhədindəki təxribatların səbəbləri - 1

Azərbaycan-Ermənistan sərhədindəki təxribatların səbəbləri - 1

Azərbaycan-Ermənistan sərhədindəki təxribatların səbəbləri - 1
Milliyet, Türkiyə
01.06.2021

Müəllif: Dr. Cavid Vəliyev (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi)

Azərbaycan Ordusunun 44 günlük müharibə ilə Qarabağı işğaldan azad etməsindən sonra tərəflər arasında qarşıdurma iki ölkənin 30 ildir Ermənistanın işğalı altında qalmış, beynəlxalq səviyyədə tanınan sərhədlərinə keçib.

Mayın 27-də Azərbaycanın azad edilmiş Kəlbəcər bölgəsinə soxulmağa, sərhəd zastavasının arxasında minalar basdırmağa cəhd edən erməni hərbçilərindən altısı Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri tərəfindən ələ saxlanılıb. Amma tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağı ziddiyyətlər bundan əvvəl başlayıb. Bu məsələnin münaqişəyə, problemə çevrilməsinin bir neçə səbəbi var.

Birincisi, Azərbaycanla Ermənistanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədi uzun illər ermənilərin işğalı altında olub. Bu müddət ərzində Ermənistan tərəfi həmsərhəd kənd və qəsəbələrini qanunsuz olaraq Azərbaycana tərəf genişləndirib, Azərbaycan ərazilərinə daxil olub. Bütün işğal boyu sərhəddə yerləşən erməni kəndlərinin sakinləri işğal olunmuş Azərbaycan torpaqlarından əkinçilik və heyvandarlıq üçün də istifadə edib. Başqa sözlə, burada yaşayan ermənilər ötən 30 ildə beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan torpaqları özününkü sayıblar. İndi isə onlar bu imkanları itirir və bu, onlarda narahatlıq yaradır.

Bir sözlə, 30 il idi ki, bu kəndlərin sakinləri əkinçilik və heyvandarlıqdan gəlirlərini Azərbaycan torpaqları hesabına qazanırdılar. İndi onlar bu gəlirdən məhrum olurlar. Artıq sərhədlərə nəzarət təbii olaraq Azərbaycana keçir, nəticədə bəzi erməni kəndlilər yerləşdikləri Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalırlar. Üstəlik, indi onlar otlaq sahələrini itirdikləri üçün heyvanlarının çoxunu satmağa çalışır, yaxid "əkin torpaqları”ndan istifadə edə bilmədiklərindən şikayətlənir. Bu isə Ermənistan daxilində əlavə təzyiqə çevrilir, siyasi həllə nail olunmadıqda isə təxribatlara yol açır.

İkincisi, bütün bunlar Ermənistanda keçiriləcək növbədənkənar seçki ərəfəsində baş verir. Başqa sözlə, sərhəddə yaşananlar ölkə daxilində şiddətli iqtidar-müxalifət qarşıdurmasına da səbəb olur.

Ermənistanda növbədənkənar parlament seçkisi iyunun 20-də keçiriləcək. Seçki ərəfəsində aparılan rəy sorğuları göstərir ki, Paşinyanın dəstəyi 32%-dən 24%-ə düşüb. 44 günlük müharibəni uduzmuş tərəfin baş naziri indi sərhəd hadisələrinə görə rəqibləri tərəfindən bir qədər də sıxışdırılır. Beləliklə, xalqı arasında ona dəstək getdikcə azalır.

Daxildə Paşinyana təzyiqi artıran əsas qüvvələr 44 günlük müharibədəki məğlubiyyəti həzm edə bilməyən, mütəmadi olaraq təxribat xarakterli açıqlamalar verən, 10 noyabr bəyannaməsini dəyişdirməyə çalışan qruplardır. Onlara fikrincə, 10 noyabr bəyannaməsinin icrası təxirə salınmalıdır. Paşinyan isə əksini düşünür. O, hesab edir ki, bəyannamənin şərtləri sürətlə icra olunmalıdır.

Bütün bunların fonunda Ermənistanın seçkiyə qatılmaq niyyətini açıqlamış sabiq prezidenti, əslən Qarabağdan olan Robert Koçaryan radikal erməni diaspor təşkilatı ANCA-nın da dəstəyini qazanıb. Belə təşkilatlar Ermənistanın siyasətinə təsirini qoruyub saxlayır. Yeri gəlmişkən, sərhəddəki təxribatçı hərəkətləri onlar da dəstəkləyir.

Üçüncüsü, Paşinyan ictimaiyyət və müxalifət tərəfindən siyasi təzyiqlərin artdığını gördüyündən, o da bu məsələni gündəmdə saxlamağa məcbur olur. Məhz bu üzdən o, baş verənlərlə bağlı Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə danışıqlara başlamışdı. Lakin qarşı tərəfdən gözlədiyi dəstəyi almayan Nikol Paşinyan sonda müttəfiqlərini sərt tənqid etməyə girişib.

Bunun ardınca o, məsələni BMT Təhlükəsizlik Şurasında belə, qaldırılacağını bildirib. Amma unutmaq olmaz ki, Yerevan hələ 44 günlük müharibə zamanı Fransa və Rusiyanın təşəbbüsü ilə BMT TŞ-də Azərbaycan əleyhinə qərarın qəbuluna çalışmış, amma buna nail ola bilməmişdi.

Başqa sözlə, Paşinyan Ermənistanın beynəlxalq birlikdən çox şey ala bilməyəcəyini hələ 44 günlük müharibənin gedişində görüb. Odur ki, onun son addımları daha çox daxilə hesablanıb.

(Türk dilindən tərcümə - WorldMedia.Az)