Şəfəqə Doğru » Manşet » Hakim bu qida əlavələrini ölkəyə gətirən şəxsi niyə azad edib? - Məhkəmə qərarı icra olunmur

Hakim bu qida əlavələrini ölkəyə gətirən şəxsi niyə azad edib? - Məhkəmə qərarı icra olunmur

Hakim bu qida əlavələrini ölkəyə gətirən şəxsi niyə azad edib? - Məhkəmə qərarı icra olunmur
Bakı hotellərində bir-birini əvəzləyən ölümlərin qaynağı ola biləcək bir qida əlavəsinin məhkəmə qaydasında ölkə ərazisində yayılmasının qadağan edilməsi haqda xəbər almışıq.

Belə məlum olur ki, ölkəyə psixotrop mənşəli, insan orqanizmi üçün zərərli olan potensiya aktivatorlarının gətirilməsi və yayılmış belə qida əlavələrinin aptek şəbəkələrindən yığışdırılması haqda 2 saylı İnzibati İqtisad Məhkəməsi tərəfindən ötən il qərar verilib. Həmin qərar bu ilin martında Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.

"ELAS-A” MMC Bakı şəhər sakini Bəxtiyar Nazim oğlu Əliyevə qarşı iddia qaldıraraq onun ölkəyə gətirdiyi saxta qida əlavələrinin istifadəsinin qadağan edilməsi, dövriyyədə olan əlavələrin yığışdırılmasını xahiş edib. Məhkəmə iddia üzrə araşdırma aparıb və qərar verilib ki, ölkə ərazisində dövriyyəsi qadağan olunmuş saxta qida əlavələri satış şəbəkələrindən yığışdırılıb məhv edilməli, cavabdehdən "ELAS-A” MMC-nin xeyrınə 3 min manat tutulub ödənməlidir.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, məhkəmənin qərarı sənəd üzərindən o yana keçməyib və ölkədə turistlərin, xüsusən ərəb turistlərinin potensiya aktivatoru bilib aldıqları saxta qida əlavələri - "Herakl”, "Afrika şiri” və s. bu kimi aktivatorlardan ölmə ehtimalı var.

Məsələnin digər maraqlı tərəfi odur ki, 2 saylı İnzibati İqtisad Məhkəməsinin Bəxtiyar Əliyevlə bağlı araşdırma apardığı günlərdə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi onun izinə düşüb. Bəxtiyar Əliyevin saxlanılması haqda mətbuatda videolar yayılıb.



Məhkəmə qərar verəndən sonra isə qərar icra olunması üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. Bu ilin martında iş üzrə son qərar verilsə də, saxta qida əlavəsi apteklərdən bu günə qədər yığışdırılmayıb. Məhkəmə qərarını qərəzli şəkildə icra etməyən Bəxtiyar Əliyev sentyabrın 24-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Məhkəməsinə təhvil verilib. Lakin Suraxanı Rayon Məhkəməsinin hakimi Gülsarə İmanova Bəxtiyar Əliyevin barəsində hər hansı bir tədbir görmədən onu sərbəst buraxıb.

Qeyd edək ki, hakim Gülsarə İmanova məhkəmə qərarını qərəzli olaraq icra etməyən Bəxtiyar Əliyevi məhkəmə zalından azad etsə də, barəsindəki məhkəmə qərarının icra vəziyyəti ilə maraqlanmayıb. Bu məhkəmədən təxminən 1 ay əvvəl Bakıda, paytaxtın Nərimanov rayonu ərazisində İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin "Caspian Bussines” hotelində ölmüşdü.

O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişmişdi. Həmin vaxt hoteldən ölkə.az-a verilən açıqlamaya görə, Ammar Ali Abed Al-Juvoorin avqust ayının 3-dən turpaketlə İraqdan Azərbaycana turist kimi gəlib, ayın 10-da qayıtmalı imiş: "Hadisə axşam saat 18 radələrində baş verib, halı pisləşdi, bizə məlumat verdi, biz də təcili yardım çağırdıq, apardılar xəstəxanaya. Sonra məlumat gəldi ki, dünyasını dəyişib. Biz də ölüm faktı ilə bağlı nümayəndəliyə məlumat verdik. Ümumiyyətlə, onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsidir, onun da üstündən enerji içkilərini içirlər. Bu zaman da ürəyin fəaliyyəti pozulur və belə hallar yaranır”.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar hadisə paytaxtın "Viva Boutique Hotel”də də baş verib. Ərəb turistin mədə qanaxmasından öldüyü ehtimal edilir. Xatırladaq ki, bu ilin yanvar ayında Bakıda hoteldə ərəb turist ürək çatışmazlığından dünyasını dəyişmişdi. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, 56 yaşlı Məsfər Oman Əlbillahi qaldığı hotel nömrəsinə yüngül əxlaqlı 3 qadınla gəlib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bundan 2 il əvvəl JW Marriott Abşeron hotelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkarlanmışdı. 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminənin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib. Məhkəmə-tibb ekspertləri 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Ərəb turistin ürək tutmasından öldüyü qənaətinə gəlinib. Ərəb turistlərin Bakıda ölmələri ilə bağlı bir neçə versiya var. Azərbaycana axın edən ərəb kişiləri özlərini burada sərbəst aparır, həddindən çox spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər. Ehtimal olunur ki, ərəb kişilərin orqanizmi buna davam gətirmir.

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl turistlərin ölümünə səbəb olacaq cinsi aktivliyi artıran dərmanların istifadəsi haqda "Yeni Müsavat”a açıqlamasında bunları demişdi. Sitat: "Ərəblər Azərbaycana 5-6 günlük gəlir. Fələkdən bir gün çalmış kimi istəyirlər cinsi əlaqədə çox olsunlar və ”Viaqra"dan istifadə edirlər. Amma bunlar konkret hadisəni izah etmir. Bunlar sadəcə, versiyadır".
"Yeni Müsavat”