Hamıya yaxşı məlumdur ki, sərhəd kəndlərdə islahat aparılmadığından sovxozun bazasında olan texnikalar, tikililər dövlət mülkiyyətində saxlanılmışdır. Yəni sovxoz hələlik kağız üzərindədir. Bu vəziyyətdən bəzi dövlət məmurları istədiyi kimi istifadə edirlər. O cümlədən, 1000 hektarlarla torpaq sahəsindən, texnikalardan Qazax RİH başçısının Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Barat İlandiyar oğlu da "dədəmalı” kimi istifadə edir. Sovxozun balansında olan bir çox tikililəri Barat söküb satmışdır. Yüz minlərlə dəyəri olan tinglik kombinatı yerlə yeksan olunub, sökülüb, satılıb. Sovxozun anbarından Barat hələ də şəxsi malı kimi istifadə edir.
Bildiririk ki, 1000 hektar torpaq sahəsi icarəyə verilib. Soruşan yoxdur ki, icarədən gələn vəsait hara mədaxil olunur? Necə olur ki, icra nümayəndəsinin zəbt edib əkdirdiyi 500 hektar asanlıqla suvarıla bilir, lakin sakinlərin istifadə etdiyi 0,70 hektar torpaq sahəsi susuzluqdan imdad diləyir? Sovxozun bazasında qalmış texnikaları icra nümayəndəsi işlədir, xeyirini də görür. Artıq texnikaların ehtiyyat hissələri satılmaqdadır. Çox təəccüblüdür... Kənd bağçasında, mədəniyyət müəssisəsində yalnız Baratın qohumları çalışırlar.
Barat Vəliyev kəndin xeyli torpaq sahəsini kartof əkini üçün türklərə icarəyə verib. Alınan məlumata görə, icarədən gələn vəsaitin cüzi bir hissəsi sovxozun hesabına köçürülür. Qalanı isə yenə Baratın şəxsi cibinə daxil olur.
Yaxşı məlumdur ki, Böyük Cəfərli, Bala Cəfərli kəndlərində yaşayış evlərinə atışma vaxtı ziyan dəyib. Ziyan dəymiş həmin evlər Baratın gözündən uzaq düşüb. Bu evlərə tikinti materialları yardım olunduğu söylənilsə də, evinə ziyan dəymiş sakinlər kənarda qalıb. Olunan yardım icra nümayəndəsi Baratın birbaşa əli ilə qohumlarına edilib. Odur ki, hələ də zədələnmiş evlər qalmaqdadır. Barat Vəliyev kənd sakinlərini də qarşı-qarşıya qoymaqda mahir sənətkardır.
2013-cü ildə QHT-nin xətti ilə sərhəd kəndə dəst xeyir-şər çadırı verilmişdir. Həmin dəsti Barat Vəliyev qonşu kəndlərə 250-300 manata kirayə verir. Mənbə bildirir ki, həmin dəst ayda heç olmazsa 20-25 dəfə kirayə verilir. Baratın belə acgözlüyü sərhəddə yaşayan kənd sakinlərində ruh düşgünlüyü yaradır.
İcra nümayəndəsi Xanlıqlar kəndində 0,24 hektar həyətyanı sahə almışdır. Görünür, icra nümayəndəsi ermənilərdən qorxur. Onun "qorxuluğunun” götürülməməsində, sovxozda aprdığı talançılığının qarşısının alınmamasında birbaşa aidiyyəti orqanlar məsuliyyət daşıyırlar.
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.
Vəkil Rüstəm