Şəfəqə Doğru » Gündəm » Zəngəzur dəhlizinin önü açılır: - Regional layihələrə də “yaşıl işıq” yandırıla bilər

Zəngəzur dəhlizinin önü açılır: - Regional layihələrə də “yaşıl işıq” yandırıla bilər

Zəngəzur dəhlizinin önü açılır: - Regional layihələrə də “yaşıl işıq” yandırıla bilər
Ermənistanda növbədənkənar parlament seçkilərində qələbə qazanmış "Vətəndaş Sazişi” Partiyasının lideri Nikol Paşinyan yeni hökuməti formalaşdıracağını bəyan edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 53,92 faiz səs toplayan hakim partiya parlamentdə 105 deputat yerindən 71-nə sahib olub. Bu isə Paşinyana hökuməti təkbaşına formalaşdırmaq imkanı verir. Paşinyanın ikinci dəfə baş nazir seçilməsi onun siyasi mövqelərini gücləndirəcək.

Nəticədə, ötən ilin noyabr ayından bəri Paşinyanın istefasını tələb edən müxalifətin mövqeləri xeyli zəifləyə bilər. Çünki eks-prezident Robert Köçəryanın "Ermənistan” bloku 21,04 faiz göstərici ilə ikinci yeri qazansa da, hakimiyyəti dəyişəcəyinə dair verdiyi vədi yerinə yetirə bilmədi. Köçəryanın faktiki olaraq, Paşinyana məğlub olması ultramühafizəkar düşərgədə ona olan ümidlərin puç olmasına gətirib çıxaracaq.

Bu da yaxın perspektivdə Paşinyana hakimiyyətini gücləndirmək imkanı verəcək. O, seçkilərdə qalib gəlməklə müxalif düşərgəni zərərsizləşdirmiş oldu. Paşinyan ikinci dəfə Baş nazir seçilməklə həm icra, həm də qanunverici hakimiyyətə nəzarət etmək imkanı əldə edəcək. Bundan sonra onun qarşısında dayanan yeganə maneə prezident Armen Sarkisyandır. Yeni parlamentdə prezidentə etimad səsverməsi keçiriləcək və Paşinyanın komandasından ibarət olan çoxluğun A.Sarkisyanı istefaya göndərəcəyi gözlənilir.

Hələ seçkidən qabaq yayılan məlumata görə, Paşinyan prezident postunu Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyana təklif edib. Bu halda Paşinyan dolayısı ilə prezident institutuna da nəzarət etmək fürsəti qazanacaq. Müharibədən sonra yaranmış böhranlı durumdan narazı olan Ermənistan seçicilərinin Paşinyana yenidən etimad göstərməsi bir sıra səbəblərlə izah oluna bilər.

İlk səbəb kimi Paşinyanın əsas rəqiblərinin keçmiş prezidentlər və onların ətrafında cəmləşmiş radikal qüvvələrdən ibarət olmasını göstərmək olar. Yəni Paşinyanın alternativlər arasında yeni ideyaya malik texnokrat lider yox idi. Müşahidəçilərin fikrincə, seçkiyə gələn vətəndaşlar arasında Paşinyanla müqayisədə keçmiş liderlərə rəğbət bəsləməyənlər üstünlük təşkil edib. Ermənistan cəmiyyəti oliqarxlaşmış "klanların" yenidən hakimiyyətə qayıtmasını istəmir. Bu baxımdan, Paşinyanın qələbəsini təmin edən əsas amil onun lehinə verilən səslərdən daha çox Köçəryan başda olmaqla rəqiblərinin əleyhinə verilən səslərin çoxluğu olub. Yəni Robert Köçəryanın və Serj Sarkisyanın əleyhinə verilən səslər Paşinyanın xeyrinə cəmləşib. Əgər Paşinyanın başlıca rəqibi Köçəryan deyil, yeni siyasi fiqur olsaydı, çox güman ki, hazırkı Baş nazir seçkidən qalib çıxa bilməzdi.

İkincisi, Paşinyanın əsas elektoratı bölgələrdə yaşayan seçicilərdir. Onlar isə işsiz və yoxsul kateqoriyalara aid olan insanlardır. "Gallup Armenia” təşkilatının seçkidən üç gün öncə yaydığı rəy sorğusunda da bölgə əhalisinin 32 faizinin Paşinyanı, 18 faizinin Köçəryanı dəstəklədiyi qeyd edilirdi. Kasıb əhali yaşadığı ağır sosial durumun günahını Paşinyandan daha çox Köçəryan-Sarkisyan rejiminin korrupsioner fəaliyyətində görür. Bunun nəticəsində səsvermə günü "Ermənistan” bloku Tavuş vilayəti istisna olmaqla, digər bölgələrdə "Vətəndaş Sazişi” Partiyasına məğlub olub. Köçəryanın reytinqinin İrəvanda yüksək olması isə paytaxtda oliqarxların və keçmiş məmurların yaşaması ilə bağlıdır. "Ermənistan klanı” isə "Qarabağ klanı”-na bağlı olan oliqarxiya sisteminin yenidən hakimiyyətə qayıtmasına qarşı çıxır.

Üçüncü amil "Vətəndaş Sazişi" Partiyasının Ermənistanda reytinqinin yüksək olmasıdır. Sorğular göstərir ki, bu təşkilata olan etimad Paşinyanın özündən daha çoxdur. Yəni müharibədən sonra Paşinyandan narazı qalan tərəfdarları seçkilərdə onun liderlik etdiyi "Vətəndaş Sazişi" Partiyasına səs verib. Bu isə revanşistlərlə müqayisədə cəmiyyətin inqilabçılara dəstək verdiyini göstərir.

Ermənistandakı seçkilərdə xarici amilin də mühüm təsirə malik olacağı gözlənilirdi. Qərbin adamı hesab edilən Paşinyan üçün əsas əngəl Rusiyanın Köçəryana dəstək verməsi idi.

Köçəryan da Rusiyanın Ermənistanda seçki günü çevriliş etməklə ona yardımçı olacağına ümid bəsləyirdi. Hətta R.Köçəryanın seçkilərin nəticəsini tanımaması Rusiyanın və hərbçilərin dəstəyilə siyasi inqilab planın həyata keçirilməsinə hesablanmış mesaj idi. Lakin rəsmi Moskvanın Paşinyanı qələbə münasibətilə təbrik etməsi Rusiyanın seçkilərin nəticələrini qəbul etdiyini göstərir. Rusiya məsələyə praqmatik yanaşaraq güclü tərəflə işləməyə üstünlük verdi.

Buna baxmayaraq, Rusiyadan gələn bəyanatlar Putinin öz dostundan imtina etməsi anlamına gəlmir. Köçəryan ana müxalifət kimi Paşinyan hakimiyyətinə təzyiq etmək üçün Rusiyaya lazımdır. Ona görə də Köçəryan çox güman ki, Moskvanın göstərişi ilə seçkilərin nəticəsini və mandatı qəbul edəcək. Barəsində cinayət işi açılmış eks-prezident bu yolla həm də öz toxunulmazlığını təmin edə bilər. Köçəryanın deputat səlahiyyətlərindən imtina etməsi isə onun siyasi karyerasına son qoya bilər. Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan jurnalistlərə açıqlamasında parlament mandatlarının bölgüsünün səslərin yekun sayılmasından sonra aparılacağını deyib.

Müxalifət bloklarının mandatları rədd etməsi və bu halda nə olacağı ilə bağlı sula cavabında Mukuçyan qanunda belə mexanizmin olmadığını bildirib: "Mövcud mərhələdə mandatdan imtina institutu yoxdur. Namizədlər öz namizədliyini geri götürməklə mandatdan imtina edir”-deyə MSK sədri qeyd edib. Onun sözlərinə görə, mandatlar yalnız onları almalı olan qüvvələr arasında bölüşdürülür. "Hər halda, onlar başqa qüvvəyə verilə bilməz. Müxalifət mandatından imtina edərsə, parlamentdə bundan imtina etməyəcək qüvvə olacaq. O, MSK-nın bu işdə qanunvericiliyin bütün nüanslarını araşdırmadığını qeyd edərək təfərrüatlarını açıqlamayıb”.

Qeyd edək ki, Ermənistan Seçki Məcəlləsinin 98.1 maddəsinə görə, parlamentdəki yerlərin üçdə biri müxalifət nümayəndələrindən ibarət olmalıdır. Əks təqdirdə, seçkilərin nəticələri ləğv edilir. İyunun 20-də keçirilən seçkilər zamanı bu prosedur təmin olunub. Yəni hakimiyyət üçdə iki səs çoxluğuna malik olub. "Ermənistan” bloku mandatından imtina edərsə, müxalifətə məxsus yerlərin necə bölünməsi ilə bağlı isə qanunvericilikdə boşluqlar var. Mukuçyanın sözləri isə həmin mandatların digər müxalifət qüvvəsi olan "Şərəf duyuram” blokuna veriləcəyi rəyini yaradır. Ancaq Köçəryanın bununla razılaşacağı inandırıcı görünmür. Paşinyanın seçkilərdə qələbəsi Azərbaycanla münasibətlərə və Dağlıq Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcək. İkinci Qarabağ müharibəsindən sonra müxalifətin ciddi təztyiqləri ilə üzləşən Ermənistanın Baş nazirinin artıq daha çox kompromis addımlar atacağı gözlənilir.

Çünki Paşinyanın legitimlik qazanması ona Dağlıq Qarabağ, Zəngəzur dəhlizi, sərhədlərin demarkasiyası kimi məsələlərə də təzyiqlərdən çəkinmədən addım atmaq imkanı yarada bilər.