Məşğulluq idarələrinin gülünc statistikaları... - “Elə rayon var idi ki, 1 nəfər işsiz kimi qeydiyyatda idi”
- Tarix: 24-iyun-2021, 11:09 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 92
Srağagün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. İclasın gündəliyində 14 məsələ olub. Deputatlar gündəliklə yanaşı, cari məsələlərlə bağlı da çıxışlar ediblər və bir sıra problemlər diqqətə çatdırılıb.
Millət vəkili Razi Nurullayev bildirib ki, insanların taleyini müəyyən edən məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli, qərarı da Parlament verməlidir:

"Ölkədəki məşğulluq xidmətləri ilə bağlı vəziyyət onu qane etmir: "Hər gün biz o xidmətlərə dəfələrlə müraciət edirik, vətəndaşlara ya vakansiya yoxdur, ya da filan saytı izləyin, vakansiya olanda müraciət edin deyilir. Məşğulluq xidmətləri vətəndaşları yola verməklə məşğul olur. İş yoxdursa, insanlara yol göstərsinlər. 5-6 ay insanları gözlədirlər, axırda da iş olacaq, olmayacaq bəlli deyil. Bəs, bu 5-6 ayda vətəndaş nə yeməlidir? Məşğulluq xidmətləri insanlara yol göstərməlidir ki, iş tapana qədər necə müavinət almalıdır, hansı qurumlara baş vurmalıdır. Amma heç birini etmirlər, insanları yola verirlər”.

Azərbaycanda sosial siyasətin arzuolunan səviyyədə olmadığını deyən iqtisadçı-alim Nazim Bəydəmirli "Sherg.az”a bildirib ki, hökumət işsizlik səviyyəsi təqribən 5 faizdən aşağı elan edib:

"Beynəlxalq hesabatlara da belə məlumatlar yayırlar. Lakin iqtisadiyyatı inkişaf etmiş ölkələrdə belə işsizlik səviyyəsi 11-12 faiz olduğu zaman normal hesab olunur. Məsələn, Türkiyədəki statistik göstəricilərə görə, işsizlik 18 faizdir. Azərbaycanda isə bu rəqəmlər 25-30 faiz, gənclər arasında 50 faizdən yuxarıdır.

Bu statistik rəqəmlər onu göstərir ki, hökumət işsizliyin səviyyəsini aşağı endirməklə müavinət verməyi hədəfləmir. Ancaq vətəndaşlara işsizlik müavinəti verilməlidir. Təbii ki, işsiz şəxs məşğulluq idarələrinə müraciət edərkən təklif almalıdır. Belə təkliflər yoxdursa, deməli ona işsizlik müavinətləri vermək lazımdır.

Azərbaycanda isə bu məsələdə qanunvericilik sovet ittifaqından qalmış ənənə ilə davam etdirilir. Sanki hər rayona müəyyən plan qoyurlar ki, "sizdə işsizlik faizi bu qədər olmalıdır”.

Hətta gülməli statistikalar yayılırdı, elə rayon var idi ki, 1 nəfər işsiz kimi qeydiyyatda idi. Məsələn, bir neçə il öncə Daşkəsən rayonunda belə statistika qeyd olunmuşdu”.

İqtisadçının fikrincə, millət vəkilləri səbəbləri aradan qaldırmaq üçün hökumətə təsir göstərməlidir:

"Təbii ki, məşğulluq idarələri rayonlarda nə edə bilərlər? İşsizlər böyük şəhərlərdə daha çoxdur. Az qala Respublikanın yarı əhalisi Bakıda cəmləşib. Bu, hökumətin regionların sosial-iqtisadi inkişafını tarazlı aparmadığının göstəricisidir. İqtisadi-sosial siyasət hədəfə çatmayıb. Məşğulluqla bağlı rayon idarələrini tənqid etmək asandır.

Tənqid etsələr də onların heç biri bu sahəni düzəltmək iqtidarına deyillər, çünki onlarda asılı vəziyyət yoxdur. Mərkəzi hökumət, Nazirlər Kabineti və Prezident Administrasiyası bu məsələyə cavabdehdir.
Millət vəkilləri də həmin qurumları sorğu-sual etsələr, daha məntiqli olar”.

Oxşar xəbərlər