Şəfəqə Doğru » Gündəm » “Bursada müalicə alan Qarabağ qaziləri ailələrinin unudulmasından narazıdır...”

“Bursada müalicə alan Qarabağ qaziləri ailələrinin unudulmasından narazıdır...”

“Bursada müalicə alan Qarabağ qaziləri  ailələrinin unudulmasından narazıdır...”
"Hər hansı bir şəhər, rayon ərazisindəki hökumət və ya qeyri-hökumət qurumunun hər birinin masasının üzərində  rayonun şəhidlərinin, qazilərinin siyahısı, onların ünvanları olmalıdır...”
 
"Sentyabrın  21-də Türkiyənin Bursa vilayətinin Qaracabey rayonunun Qurşunlu məhəlləsində  Milli Qəhrəman Şirin Mirzəyevin adına parkın açılış tədbirindən sonra biz həmin müqəddəs işin təşəbbüskarı olan soydaşımız, "Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin rəhbəri Hüseyn Vəliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, tanınmış tele-aparıcı Vəsilə Vahidqızı ilə birgə Bursa şəhərindəki xəstəxanalardan birində müalicə olunan 44 günlük müzəffər savaşımızın 12 qazisini ziyarət etdik.  Canlarını xalqımız, Vətənimiz, hər birimiz uğrunda fəda etmiş bu igidlərimizə maddi və mənəvi yardım etməyi özümüzə borc bildik... 
Qəhrəman qazilərimizin hamısı əlil arabasında idi... Bizi görəndə çox təsirləndilər... Onlar əsasən 2020-ci ilin iyulundakı Tovuz döyüşlərində, eləcə də 44 günlük savaş zamanı  Füzuli və Cəbrayıl ərazilərində vuruşub sağlamlıqlarını itirmiş döyüşçülərimizdır. Qazilərimiz Türkiyədə onlarla əsas maraqlanan azərbaycanlının Hüseyn Vəliyev olduğunu söylədilər. Onlar Bursa xəstəxanasında Türkiyə həkimlərinin müalicəsindən də razıdırlar”.  
 
Bunu Moderator.az  əməkdaşıyla söhbətində şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımova  söyləyib. 
 
Daha sonra şəhid Milli Qəhrəman xanımı Bursada müalicə olunan qazilərimizin problemlərindən, qayğılarından danışıb.
 
"Qazilərimizin çoxu "YAŞAT” fondundan razılıq edirlər. Lakin sakinləri olduqları rayonların icra hakimiyyətlərindən, yerli məmurlardan, qeyri-hökumət təşkilatlarından şikayətləndilər. Onların rayonlardakı ailələləri ilə, demək olar ki, heç kəsin maraqlanmadığını bildirdilər. Hətta qazilərdən biri bildirdi ki,  sakini olduğu rayonun  icra hakimiyyətindən onun evinə  zəng edib 27 sentyabr – Şəhidlərimizin Anım gününə dəvət ediblər. Deməli, yerlərdəki bir çox məmurların məsul olduqları  rayonlarda, şəhərlərdəki qazilərin durumundan, harada, xəstə və ya sağlam olduqlarından məlumatı yoxdur. Biri deyir ki, məni uşaqlıqdan babam saxlayıb, 80-dən yuxarı yaşı var, cəmi 200 manat pensiya alır. Heç kəs də maraqlanmır onunla, telefonda danışanda ağlayır...  
 
Kürdəmir rayonunun sakini Əhmədzadə Turanın atası hazırda qarğıdan tilkilmiş evdə yaşayır... O, bildirib ki, yalnız bu yaxınlarda Milli Məclisin 7 saylı Kürdəmir seçki dairəsindən deputat  Əminə Ağazadə ailəsinin problemləri ilə maraqlanıb, onlara maddi yardım göstərib.
Yevlax rayonundan olan Yusif Ağaməmmədovun sözlərinə görə, Bakıdan ona göndərilmiş əlil arabası mühərriksiz, pultsuz olub. Üstəlik, uşaq üçündür. Xeyli keçəndən sonra mühərrikini yollayıblar. Indi də pultu yoxdur.  Qazimizin boyu 1 m 80 sm olduğu halda ona kiçik ölçülü araba yollayıblar. Ona görə də hərəkət zamanı çox böyük çətinlik çəkir.  Anası deyir ki, aylardı  müalicə olunsa da, Yusifin səhhətində heç bir irəliləyiş yoxdur.  Xahiş edir ki, dövlətimiz, yaxud xeyriyyə fondları qazi oğlunu müalicə üçün Almaniyaya göndərsin”- deyə  sabiq deputat məlumat verib. 
"Hazırda Bursada müalicə olunan 12 nəfərdən  yalnız iki qazimizə dövlət tərəfindən əlillik pensiyası kəsilib.  Halbuki, qalanlarının bəzisi bir ilə yaxındır,  çoxu isə artıq  6 aydır ki, əzalarını, döyüşmək qabiliyyətlərini itirdikdən sonra ordudan təxris olunub və müalicə olunurlar. Haqlı olaraq sual edirlər ki, özümüz pensiya almırıq, ailə üzvlərimiz də imkansızdır, bəs onlar nə ilə dolanmalıdırlar”- bunu deyən Flora Qasımova 27 Sentyabr – Şəhidlərimizi Anım günündə Azərbaycan ictimaiyyətinə bütün şəhid ailələri və qazilərimizin özləri və ailələrinin daim diqqətdə saxlanması üçün müraciət  ünvanlayıb.  
 
"Müvafiq qurumları, ayrı-ayrı vətəndaşları bir şəhid xanımı, bir sabiq parlament üzvü olaraq  digər qazilərimiz kimi, Bursadakı əlil, xəstə qazilərimizin də taleyi ilə ciddi maraqlanmağa çağırıram. Düzdü, Bakıdakı mərkəzi qurumlar, müvafiq nazirliklər də bu işlərə məsuldur. Lakin hər şeyi mərkəzi hakimiyyətin üzərinə yıxmaq olmaz. Yerlərdəki hökumət və qeyri-hökumət qurumları da fəal olmalıdır. Axı icra hakimiyyətlərində bilavasitə  şəhid ailələri, qazilər və onların problemlərinə məsul Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri fəaliyyət göstərir. Özü də bildiyimə görə, bəzi rayonlarda həmin şöbələrin rəhbərləri Qarabağ qaziləridir.  Bundan əlavə, icra başçılarının ictimai-siyasi və humanitar məsələlər  üzrə müavinləri var. Sözügedən şöbələrin rəhbərləri, eləcə də icra başçısının müvafiq müavinləri  rayon, yaxud şəhər ərazisində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilinə məsuldurlar, cavabdehdirlər. Şəhid, qazi ailəsi ilə maraqlanmamaq nə deməkdir? Necə ola bilir ki, hər hansı bir rayonun sakini olan əlil, qazi aylardır yarımcan vəziyyətdə müalicə olunur, özü də Vətəndən kənarda, amma icra hakimiyyətinin əlaqədar qurumlarının bundan məlumatı yoxdur. Yalnız 27 Sentyabr anım gününə iştirakçı toplamaq lazım gələndə qazilər yada düşür?  Bundan əlavə, Bakıda da, hər bir rayonda da müxtəlif QHT-lər, Qarabağ şəhidləri, şəhid ailələri və qazilərlə bağlı neçə-neçə qurumlar, gənclər təşkilatları, xeyriyyə qurumları var. Onlar da aktiv olmalıdır. Həmçinin, Yeni Azərbaycan Partiyasının rayon şöbələri, onların gənclər təşkilatları da bu sahədə öz varlığını nümayiş etdirməlidir. Hər hansı bir şəhər, rayon ərazisindəki hökumət və ya qeyri-hökumət qurumunun hər birinin masasının üzərində həmin  rayonun şəhidlərinin, qazilərinin siyahısı, yaşadığı ünvanlar, yaxud qazilərimizin  müalicə aldığı xəstəxanaların ünvanları olmalı və şəhid ailələri, qazilər, əlillər və onların ailələri arasında ağır vəziyyətdə olanlar xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Çünki həmin insanlar  vəzifəsindən, sosial durumundan asılı olmayaraq hərb birimizin torpağı, asayişi uğrunda şəhid olublar, yaralanıblar, şikəst olublar, övladlarını, qardaşlarını, ərlərini, atalarını itiriblər... 
 
Hər şeyin məhz dövlət büdcəsindən maliyyələşdirilməsini gözləmək gərək deyil.   Hamı bilir ki, məlum pandemiya və xüsusən II Qarabağ savaşından sonra dövlətimizin qayğıları, problemləri qat-qat çoxalıb.  Ən azı, Qarabağda bərpa olunmalı olan neçə-neçə şəhəri, qəsəbəni, minə yaxın kəndi, həmin məntəqələrdə tikiləcək on minlərlə evləri, çəkilən və çəkilməkdə olan yolları, dəmir yollarını, tunelləri, qaz, işıq, su, telefon, internet və s. xətlərini təsəvvürə gətirəndə dövləti gözləyən xərclər barədə müəyyən təsəvvür yaranır. Odur ki, adi vətəndaşdan tutmuş  dövlət məmuruna, nazirlərədək hər kəs dövlətimizə bu işlərdə də və xüsusən 1-ci Qarabağ savaşı, Aprel döyüşləri, 2-ci Qarabağ savaşı və s. şəhidlərinin də ailələrinin, qazilər və onların ailələrinin problemlərininn həllində bacardığı qədər, ən azı mənəvi cəhətdən dayaq durmalıdır. Adi bir telefon zəngi, bir ürək-dirək, təsəlli də vermək olar axı... Gəlin 44 günlük savaş ərzində bir yumruq kimi birləşib dövlətimizin, ordumuzun arxasında durduğumuz kimi bu gün də həmin döyüşlərin sağlamlıqlarını, əzalarının bir hissəsini itirmiş qazilərinin heç olmasa nisbətən həyat qabiliyyətıərini bərpa edərək ailələrinin yanında olmaları üçün hər birimiz əlimizdən gələni edək ” –deyə şəhid Milli Qəhrəman xanımı vurğulayıb. 
Açıqlamasının sonunda Milli Məclisin sabiq üzvü Bursada müalicə alan qazilərimizin
siyahısını da saytımız vasitəsilə ictimaiyyətin, xüsusən rəsmi qurumların diqqətinə çatdırmağı da vacib bilib (Qeyd edək ki, yəqin ki, əzalarını və ya bədənlərinin  müxtəlif vacib funksiyalarını itirmiş qazilərimizdən bəzilərinin yanında heç kəsi olmadığında sakini olduqları rayonların adları, valideynləri və ya yaxınlarının telefon nömrələri qeydə alınmayıb): 
 
Yusif Ağaməmmədov, Yevlax rayonu, tel:051 889 61 30, 
                                      atası Füzuli, tel: 055 600 68 74
Samir Əliyev  - tel: 050 332 85 03   Astara
Elşən Xanəliyev  -  tel: 050 711 24 42
Ram İsmayılov,  Göygöl, tel: 055 241 6355, Sənan – qohumu, tel: 055 898 25 32, qardaşı Mahalın ürəyi xəstədir, babası təkdir.
Kənan Nəsirov, Tovuz  rayonu, tel: 050 373 07 98
Emil Qocayev,   Tovuz rayonu
Bəxtiyar İsmayılov, Ağdam
Turan Əhmədzadə, Kürdəmir rayonu, tel:  051 683 56 08. Atası qarğıdan tikilmiş evdə yaşayır.
Valeh İsayev, atası Mehrac, tel: 050 383 09 70 
Əzim Qafarov
Ehtiram Musayev, atası  Nağı, tel: 055 741 42 71”
 
Bir daha təkrar edirik ki, uğrumuzda canlarını fəda etmiş qazilərimizin bu siyahısıyla da ən azı maraqlanmaq hər birimizin vətəndaşlıq borcudur...
 
Qeyd:
 
Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin sabiq üzvü Flora xanım Qasımovanın Türkiyə səfəri haqda geniş müsahibəsini yaxın müddətdə saytımızda oxuya bilərsiniz
 
Sultan Laçın