Şəfəqə Doğru » Gündəm » “Helikopter qəzası ilə bağlı təxribat versiyasını gözardı etmək olmaz” - Sabiq MTN zabiti

“Helikopter qəzası ilə bağlı təxribat versiyasını gözardı etmək olmaz” - Sabiq MTN zabiti

“Helikopter qəzası ilə bağlı təxribat versiyasını gözardı etmək olmaz” - Sabiq MTN zabiti
Noyabrın 30-u səhərini Azərbaycan xalqı faciəli xəbərə oyandı. Belə ki, həmin gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradığı xəbəri gəldi. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak oldub, 2 hərbçi isə yaralandı. Yaralılar hazırda xəstəxanada müalicə alırlar. Həlak olan hərbçilər aralarında polkovniklər, mayorlar, baş leytenantlar olan yüksək rütbəlilərdir.

Hadisə ilə bağlı ilkin məlumat DSX və Baş Prokurorluq tərəfindən yayılsa da, həlak olan hərbi qulluqçuların adları, hadisənin təfərrüatları barədə rəsmi açıqlama saatlarla gecikdi. Bu da cəmiyyətdə müxtəlif versiyaların ortaya çıxmasına, şayiələrin yayılmasına səbəb oldu. Nəhayət həmin gün axşam saatlarında DSX rəisi, general-polkovnik Elçin Quliyev mətbuat konfransı keçirərək helikopter qəzası barəsində ətraflı sayıla biləcək məlumatları təqdim etdi. Eyni zamanda, Baş Prokurorluqda da mətbuat konfransı keçirildi, hadisə ilə bağlı cinayət işinin açıldığı, istintaq hərəkətlərinin aparıldığı bildirildi.

İlkin açıqlamalardan belə demək olar ki, "Qaraheybət"dəki qəzanın baş verməsində kənar müdaxilə istisna olunur. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərin ifadəsi alınıb. Araşdırmalar isə davam etdirilir.

Xatırladaq ki, helikopter qəzasında həlak olan hərbçilərə şəhid statusu verildi. Dekabrın ilk günündə onlarla rəsmi vida mərasimi təşkil edildi. Vida mərasimindən sonra şəhidlər yayılım atəşi ilə Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edildilər.

İctimaiyyətin bəzi kəsimlərində isə qəza barədə hələ də suallar qalır. "Niyə yüksək rütbəli zabitlər bir helikopterlə hərəkət ediblər? Niyə rəsmi məlumat gecikdi? Niyə qəzanın hansı səbəbdən olduğu açıqlanmır? Burada terror izi varmı? və s. bu kimi suallar səsləndirilir.

AYNA bu suallarla təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla üz tutub. Keçmiş MTN zabiti qeyd edib ki, adətən bu cür hadisələr baş verəndə iki versiya irəli sürülür:

-Birinci versiya bu olur ki, texniki nasazlıqdan və ya məsuliyyətsizlikdən, qeyri-peşəkarlıqdan baş verən qəzadır. İkinci versiya isə təxribat olmasıdır. Təbii ki, hər iki versiya üzərində işlənilir. "Qaraheybət”də baş verən hadisənin ilkin görüntülərinə baxdıqda, verilən ilkin açıqlamanı təhlil etdikdə, helikopterdə olan heyətə baxdıqda, bunun daha çox qəza olduğunu demək mümkündür. Hadisəni bütövlükdə təhlil edəndə bu qənaət formalaşır ki, sözügedən hadisə qəzadır, təxribat elementləri görünmür.

- Bir qədər açıqlayın, hansı detallar bu hadisənin adi qəza olduğu ehtimalını artırır?

- Hadisədə qəza elementləri daha çoxdur. Daha doğrusu, qəza versiyası üstünlük təşkil edir. Birincisi, helikopterə yerdən müdaxilə yoxdur. Bu uçuş daimi reys deyil ki, helikopterə yerdən hansısa müdaxilə planlaşdırılmış olsun. Təxribatlar bir günün içərisində hazırlanmır, buna müəyyən zaman lazımdır. Qəzaya uğrayan helikopter müəyyən ekipajı təlimlərlə əlaqədar götürüb ora aparıb. Uçuş konkret vaxtı əvvəlcədən bəlli olmayan, əvvəlcədən planlaşdırılmayan uçuşdur. Ola bilsin ki, helikopterin "Qaraheybət” poliqonuna təlimə getməsinə 1-2 gün əvvəl qərar verilib. Bu, təxribatı planlamaq üçün yetərli zaman deyil. Üstəlik, helikopterin qalıqları göstərir ki, eniş edərkən ani nasazlıq yaranıb. Hava şəraiti də qəzaya səbəb kimi istisna olunur. Çünki qəzaya uğrayan Mİ -17 helikopteri üçün normal hava şəraiti olub. Qəzadan sağ çıxan hərbçilərimizin də mediaya söylədikləri hava şəraitinin qəzaya səbəb olma ehtimalını azaldır. Görünür, helikopterin hansısa detalı nasaz olub, çatışmazlıq baş verib, sıradan çıxıb, nəticədə faciə baş verib.

- DSX rəisinin verdiyi məlumatdan belə qənaətə gəlmək olar ki, helikopter heç də nasaz olmayıb...

- Bilirsiniz, nəzərə almaq lazımdır ki, nəinki köhnə, istifadə olunmuş texnikada, hətta yeni olanında da hansısa detalda nasazlıq yaranması mümkündür. İstəyir, avtomobil olsun, istəyir uçuş aparatları olsun, təyyarə olsun, helikopter olsun - ən təzəsində belə hansısa avadanlıq xarab ola bilər. Yəni ki, mümkündür. Dünyada baş verən qəzalarda da bunun şahidi olmuşuq.

- Təxribat versiyasını istisna edirsiniz?

-Əlbəttə, yox. Araşdırmanın nəticəsi bəlli olmadan təxribat versiyasını gözardı etmək olmaz. Müəyyən elementlər var ki, təxribat versiyasının dərindən araşdırılmasını tələb edir. Təbii, bu versiyanın üzərində xüsusi xidmət orqanları işləyəcək. Məsələn, təmirlə bağlı araşdırma, istintaq aparılacaq. Öyrəniləcək, yaxud öyrənilməlidir ki, təmir zamanı zamanı keçmiş bir detal olubmu, olubsa, dəyişdirilibmi. Yaxud da, xarab olmuş detal sadəcə təmir olunub, sonra yerinə qoyulub?! Təmirə ayrılan vəsait həqiqətən sərf edilibmi?! Bütün bunlar detalları ilə araşdırılacaq. Ola bilsin ki, burada hansısa təxribat yox, səhlənkarlıq olsun. Burada təxribat variantının demək olar ki, heç bir faizi də yoxdur. Şəxsən təxribat elementini görmürəm. Açıqlamalardan da, görüntülərdən də təxribat istisna olunur. Amma yenə də deyirəm, təbii ki, bütün versiyalar araşdırılmalıdır.

- Sizcə, şayiələrin çoxalmasının informasiyanın gecikməsi ilə əlaqəsi varmı...

- Təbii ki, informasiyanın zamanında və mərhələ-mərhələ verilməməsi ağıla gələn və gəlməyən versiyaların səsləndirilməsi ilə nəticələndi. Bu cür hadisə baş verərkən, ilkin məlumat verilməli, ardınca yarım saatdan, bir saatdan bir ardıcıl informasiya çatdırılmalıdır. Çünki Azərbaycan kimi müharibədən yeni çıxmış ölkə üçün bu tip hadisənin baş verməsi versiyaları çoxaldır. İnformasiya gec verildikdə isə ağlagəlməz versiyalar, şayiələr yayılmağa başlayır. Nəticədə sosial şəbəkələrdə qeyri-ciddi söhbətlər baş alıb gedir. Belə məqamlarda isə müəyyən siyasi qüvvələr özləri üçün müəyyən dvidentlər götürürlər. Elə versiyalar irəli sürülür, elə iddialar səslənir ki, bunlar real məntiqdən uzaqdır. Məsələn, deyirlər ki, kimisə aradan götürmək üçün bunu ediblər. Normal məntiq işlətmək lazımdır: bir nəfəri aradan götürmək üçün 14 nəfərin həyatına son qoyular? Bu versiya o qədər gülməlidir ki... Bir nəfəri öldürmək lazımdırsa, onu niyə helikopterdə öldürsünlər ki? Belə məlumatlar qərəzlidir, həqiqətdən tamamilə uzaqdır. Sadəcə olaraq, aidiyyatı qurumlar informasiyanı lazımi vaxtda verməlidir. Əvvəllər də belə hadisələrlə bağlı informasiya gecikib, nəticədə şayiələr çoxalıb. Nə qədər operativ informasiya verilsə, bir o qədər ağlasığmaz versiyaların ortaya çıxmasının qarşısı alınar. Bu işdə hələ informasiya sonuclanmayıb. "Qara qutu” tapıldı, araşdırma, oxunma üçün istehsal müəssisəsinə göndərilib. Yəni ki, Rusiyanın Kazan şəhərinə. Oradan da informasiyalar gələcək, lap dəqiq bilinəcək ki, hadisənin səbəbləri nədir. Arzu edək ki, istintaq barədə cəmiyyətə düzgün, dolğun informasiya verilsin ki, əlavə şübhəyə yer qalmasın. Hansısa qüvvələr Azərbaycanın əleyhinə bundan istifadə edə bilməsinlər.

- Maraqlıdır ki, sosial şəbəkələrdə artıq neçə hərbçinin həlak olduğu, neçəsinin yaralandığı yazıldı, adlar açıqlandı. Halbuki rəsmi açıqlama hələ də yox idi...

-Fikrimin əvvəlinə qayıdıram ki, rəsmi qurumların informasiyanı gecikdirməsi problemlərə yol açır. Dövlət qurumlarının bu davranışları əvvəllər də olub. Əslində isə hadisə olan kimi, dərhal ilkin informasiya verilməlidir. Sonra isə anbaan informasiya ötürülməlidir. Xaricdə belə hadisələr zamanı hətta informasiyanın ötürülməsinə ayrıca bir məsul şəxs ayrılır və o şəxs mütəmadi məlumat yayır. Çox təəssüf ki, bizim dövlət strukturları informasiya verməkdən həmişə çəkiniblər. Halbuki hansısa informasiya bir saatdan sonra verilməlidirsə, çıxıb deyilməlidir ki, bir saatdan sonra yeni məlumat veriləcək. Bu, bizdə yoxdur.

- İsrarla verilən suallardan biri isə həlak olanlarla bağlıdır. Bildirilir ki, belə yüksək rütbəli zabitlərin hamısı niyə eyni helikopterdə olublar...

- Konkret belə bir qanun yoxdur ki, eyni helikopterdə eyni vaxtda yüksək rütbəli zabit heyəti uça bilməz. Eyni zamanda, qəzaya uğrayan helikopterdə 24 nəfər daşına bilər ki, burada o limit də keçilməyib. Yəni 16 hərbçi olub. Mən bildiyimə görə, bir təyyarədə eyni vaxtda bir neçə dövlət başçısının, dövlət xadimlərinin birlikdə uçuşuna təhlükəsizlik baxımından məhdudiyyətlər var. Amma mən bildiyim qədərilə, Silahlı Qüvvələrdə belə bir məhdudiyyət yoxdur. Lakin hesab edirəm ki, gələcəkdə qaydalara belə bir müddəa əlavə olunmalıdır ki, yüksək rütbəli zabitlərin hamısı eyni təyyarədə, helikopterdə uçuş etməsinlər. Bir detalı da deyim: qəza təlim zamanı baş verməyib, təlimə gedən helikopterin enişi zamanı olub. Təlimlərdə baş versəydi, bu qədər yüksək rütbəli zabitlər təlim zamanı eyni helikopterdə olsaydı, o zaman suallar haqlı olardı. Çünki təlimlərdə risklər çox olur. Təlimlər real döyüş vəziyyətinin icra edilməsidir. Ona görə də, deyə bilmərik ki, polkovniklər, mayorlar, kapitanlar niyə eyni helikopterə yığışıblar. Təlimə gedərkən onların eyni helikopterdə olması adi haldır. //ayna.az//