Şəfəqə Doğru » Gündəm » Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüblər

Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüblər

Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüblər

Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.

Məlumata görə, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib.

Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib.

“Boz kardinal” hələ ev dustağı edilməzdən  əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri  vermişdi. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir.

Mübahisələndirilən sənədlər arasında Səbail Rayon Məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alıb. Həmin qərarla Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsinə icazə verilmişdi. Qərarlardan digəri əsasında isə rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatında və digər ünvanlarda axtarış tədbirlərinin aparılması həyata keçirilib. Müvafiq qərarlar Ramiz Mehdiyevin əməllərinin hələ uzun müddət əvvəl ifşa olunduğunu və ətrafında iş aparıldığını göstərir.

Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hesabına təyin edilən müdafiəçisindən əlavə özünə daha iki vəkil tutub. Bu günə qədər nə özü, nə ailə üzvləri, nə də vəkilləri ittihamlara münasibət bildirib. Ötən gün isə Mehdiyevə yaxınlığı ilə tanınan, Prezident Administrasiyasının sabiq əməkdaşı, AMEA-nın Katibliyinin rəisi olub faktiki olaraq AMEA-dakı prosesləri R.Mehdiyevin adından idarə etmiş Eldar Əmirov da eyni cinayət işi üzrə dövlət çevrilişinə cəhddə iştirakçılığa görə həbs edilib(qafqazinfo).