Şəfəqə Doğru » Gündəm » İran yenə Ermənistana dəstək verdi - Tehranın “papaqaltı siyasəti”

İran yenə Ermənistana dəstək verdi - Tehranın “papaqaltı siyasəti”

İran yenə Ermənistana dəstək verdi - Tehranın “papaqaltı siyasəti”
"Qarabağdakı separatçı-terrorçu rejim bu gün Xankəndidə MMA döyüşçülərinin iştirak edəcəyi "beynəlxalq turnir” təşkil edəcək”.
 
Shafaqadogru.com  bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, turnirə Xankəndidəki erməni idmançılarla yanaşı, Ermənistan və İrandan da qatılanlar olacaq:

"Ermənistanın bu prosesdə dəstəyi də təəccüblü deyil. Bəs İran? Xankəndinə qanunsuz yük daşınmasına görə gərginləşən İran-Azərbaycan münasibətləri yenicə düz xəttə çıxır və iki ölkə arasında verilən bəyanatlar, o cümlədən, imzalanan mühüm sazişlər, müqavilələr də müsbətə doğru inkişafdan xəbər verir. İndi İran idmançılarının Azərbaycan torpaqlarındakı qanunsuz turnirdə iştirakı necə anlaşılmalıdır: idmançıların öz fəaliyyəti, yoxsa Tehranın "papaqaltı siyasəti” kimi?

Birincisi, İran rəsmiləri idmançıların belə bir addımı özbaşına atdığını deyə bilər. Hərçənd, söhbət hər şeyin nəzarətdə saxlanıldığı İrandan gedirsə, bu çox da inandırıcı deyil. İkincisi, İran Yeni il ərəfəsi qonşu ölkələrlə sərhədlərini 15 gün müddətində bağlayır: bu idmançılar Xankəndinə necə gedəcək, yaxud onlara getmələri üçün niyə şərait yaradılacaq? Üçüncüsü, yük daşımalarında məsuliyyəti özəl şirkətlərin üzərinə yükləyən İran bu dəfə də eyni yolla cavab verməkdən yayınacaq?”.

A.Nərimanlı qeyd edib ki, sözügedən hadisə nə Bakı-Tehran xəttində normallaşma prosesinə, nə də İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatlarına uyğundur:

"Belə görünür ki, Tehranda hələ də separatçılara dəstək strategiyasından əl çəkmək istəməyənlər var”.

Günay Rəsulqızı
Sfera.az