Son bir həftədə oxuduğum 3 xəbər məni dəhşətə gətirib. Adam düşünür ki, heç orta əsərlərdə də belə hallar ola bilməzdi.
Deməli, Hacı Allahşükür Paşazadənin QUDASI, sabiq DEPUTAT, 20 dəfə HƏCC ziyarətində olan Hacı Qalib Salahzadə açıqlama verib: “Məni başımdan və digər bədən nahiyyələrimdən düz 6 dəfə güllələdilər, amma mən ölmədim.
Deməli, hər kəsin bir qisməti var”. O hadisənin təfərrüatını danışıb: “1991-ci ilin 8 dekabr tarixində dostumla avtomobildə söhbət edirdik. Mənə qohumluğu çatan birinin əli ilə sui-qəsd təşkil etmişdilər”. Hacı Qalib bildirib ki, onu güllələyən şəxsi, qohumu öldürüb: "Həmin şəxs kənddə qonşuluqda yaşayırdı. Hər kəs bir-birini tanıyır. Məni öldürmək istəyən adamı, mən xəstəxanadan çıxana kimi qohumum öldürmüşdü. O həbs olunmadı. Psixi problemi olduğu üçün dəlixanaya yerləşdirildi”. Hər şeyi bir kənara qoyaq. Hacı-deputat olan kəs özü də bilmədən ölkəmizdəki məhkəmə-hüquq sistemini ifşa edib. Belə ki, Hacı Qalib deyir ki, onu ÖLDÜRMƏK İSTƏYƏN kəsi ÖLDÜRƏN qohumunu həbs etmədilər.
Təsəvvür edirsiniz adam kimisə öldürür, ancaq onu heç 1 gün də həbs etmirlər. Guya onun psixi problemi var imiş. Görəsən, psixi problemi olan adam Hacı Qalibin xəstəxanadan çıxmasını gözləmədən necə oldu ki, qəsd etmək istəyən şəxsi öldürdü..? Kim qarantiya verə bilər ki, Hacının qohumunun psixi problemi olub..? Açıq demək lazımdır ki, Azərbaycanda adam öldürüb və pul verib dəlilik kağızı almaq olar. Görün hüquq sistemi nə gündədir ee...
Oxuduğum ikinci dəhşətli xəbər də Hacı Qaliblə, daha doğrusu, onun deputat oğlu Əliabbas Salahzadə ilə bağlıdır.
Məlumat üçün qeyd edək ki, deputat Əliabbas Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkənidir. Yayılan xəbərdən bəlli olur ki, Milli Məclisin deputatının diplomu saxtadır. Belə ki, Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd edib.
Birincisi, bu adamdan soruşan lazımdır ki, bütün ölkə bilir ki, ABU 1997-ci ildə yaradılıb. Bəs sən 1995-ci ildə ABU-da necə oxumusan, ay cənab deputat..?
İkinci sual. Əgər sən 1997-ci ildə yaranan ABU-nu 1999-cu ildə bitirmisənsə, deməli 2 ilə oxumusan. 2 illik universitet varmı...? Soruşmaq ayıb olmasın, ali təhsil diplomu olmayan cənab deputat niyə 1 illik hərbi xidmətdə olub..? Soruşmaq yenə ayıb olmasın, necə olur ee, ata deputat kürsüsündən düşür, oğul minir deputat kürsüsünə. Məgər ölkənin parlamenti sizin dədə-baba mülkünüzdür..? Bəli ölkədə qanunlar işləməyəndə, hüquq sistemi olmayanda belə də olmalıdır. İndi isə 3-cü daha dəhşətli xəbərə keçək.
Ötən həftə yayılan xəbərdən bəlli olur ki, Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı cinayət işi açılıb. Xəbərdən bəlli olur ki, Qarabağ qazisi Sübhan Ağayev oğurluq törətməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilib. Fevral ayının 15-də o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb. Yəni 2 həftə sonra ölüb. Qazinin valideynləri deyir ki, vəzifəli şəxslərin sifarişi ilə qazini həbsxanada işgəncə ilə öldürüblər.
Birincisi, qazini gör nə günə qoymusunuz ki, qazi oğurluq edərək tutulub.
İkincisi, milyonları oğurlayana bəraət verən məhkəmələr nə üçün qaziyə 3 il 6 ay cəza verib..?
Sözün qısası hara fırlayırsansa fırla sonda söhbət gəlir çıxır hüquq sisteminə, qanunların işləməməsinə....
Deyirlər ki, cənnət anaların ayağı altındadır. Vallah cənnət nə anaların, nə də ataların ayağı altında deyil. Cənnət qanunların işlədiyi ölkədir. Cəhənnəm isə qanunların işləmədiyi ölkədir. İndi özünüz seçim edin: Biz harada yaşayırıq..? Və umutmayın ki, bu hal hər birimizin qapısını döyəcək. Gəlin, qanunların işlədiyi ölkədə yaşamağa çalışaq, ölkəmizi cənnətə çevirək. //gundelik-baku.com//