Şəfəqə Doğru » Gündəm » Erməni seperatçıları ard-arda təxribatlar törədir: Azərbaycan hansı cavab tədbirlərinə əl atacaq? – AÇIQLAMA

Erməni seperatçıları ard-arda təxribatlar törədir: Azərbaycan hansı cavab tədbirlərinə əl atacaq? – AÇIQLAMA

Erməni seperatçıları ard-arda təxribatlar törədir: Azərbaycan hansı cavab tədbirlərinə əl atacaq? – AÇIQLAMA
Son günlər Qarabağ bölgəsində erməni seperatçı qüvvələri tərəfindən ard-arda təxribatlar törədilir.
 
 
Bununla bağlı Sfera.az-a açıqlama verən "Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, sözügedən proses həm də cəmiyyətdə narahatlıq hissi yaradır:

"Azərbaycana məxsus yük avtomobillərinin Rusiya sülhməramlıları ilə bərabər separatçı qüvvələrə aid yaraqlılar tərəfindən yoxlanılması, Ağdam rayonu ərazisində separatçılar tərəfindən texnikalardan istifadə olunmaqla müxtəlif məqsədli qazıntı işlərinin aparılması, sülhməramlılara aid hərbi texnika vasitəsindən bu prosesin müşahidə edilməməsi üçün istifadə olunması ilə bağlı video görüntülərin yayılması, qanunsuz erməni silahlı birləşmələrinə aid şəxslər tərəfindən Tərtər rayonu istiqamətində silahlardan istifadə olunması Rusiyanın bitərəf mövqeyinə və bölgədə sülhyaratma missiyasına kölgə salır.
 
Aqressora və separatçılara dəstək verilməsi isə beynəlxalq hüququn ümumqəbul edilmiş prinsiplərini aşkar şəkildə pozur. 
 
 
Beynəlxalq hüququn tələbinə əsasən, dövlətlərə və xalqlara qarşı silahlı birləşmələrdən istifadə edilməməli; təcavüzkar əməllərə yol verilməməli; dövlətlərin daxili işinə qarışılmamalı; insan hüquq və azadlıqları pozulmamalı; millətlərin bərabərliyi prinsipi qorunmalı; beynəlxalq hüquqdan irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Göründüyü kimi, Rusiya sülhməramlı kontingenti beynəlxalq hüquqdan irəli gələn prinsipləri kobud şəkildə pozaraq Azərbaycan ərazilərində separatizmə dəstək nümayiş etdirir”.
 
Müsahibimiz bildirib ki, bu davranışlar 10 noyabr məlum bəyanatın 4-cü bəndindən irəli gələn - sülhməramlı kontingent erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq bölgəyə daxil olur, - tələbilə ziddiyyət təşkil etməklə təmsil olunduqları dövlətin liderinin imzasına hörmətsizlikdir:

"Baş verən hadisələrlə 44 günlük Vətən müharibəsi dövründə Rusiya dövlətinin sərgilədiyi obyektiv yanaşma, işğalçıya açıq şəkildə dəstəyin verilməməsi, döyüşlərin beynəlxalq hüquqla Azərbaycan əraziləri hesab edilən bölgədə getməsi, Qarabağın və ətraf rayonların Azərbaycan əraziləri olması haqda Rusiya liderinin bəyanatları fonunda xalqımızda Rusiya dövlətinə qarşı yenidən yaranmaqda olan inam hissinə ciddi zərbə vurulur. Hesab edirəm ki, erməni diaspor qüvvələrinin, erməni milyarderlərinin çirkli pullarının təsiri altında olan bəzi dairələr Azərbaycan və Rusiya arasında mövcud strateji mütəfiqlik münasibətlərinə xələl gətirmək məqsədilə düşünülmüş addımlar atır, sülhməramlı missiyanı sabotaj edir.

Prezident dəfələrlə müxtəlif platformalarda çıxışı zamanı Rusiyanın və onun liderinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, iki dövlət arasında sülhün bərqərar olması prosesində rolu, Qarabağ bölgəsində Rusiya sülhməramlılarının fəaliyyətinin müsbət nəticələri haqqında mövqeyini bildirib. Eyni zamanda, sülhməramlıların fəaliyyətində yol verilən nöqsanları xatırlatmaqla onların aradan qaldırılmasına çağırış edib. Ümid edirəm ki, Rusiya rəsmi dairələri tərəfindən Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə xidmət edən, Rusiyanın Cənubi Qafqazda sülhün əldə olunmasında yüksək roluna kölgə salan, sülhməramlı missiyanın perspektivini şübhə altına alan addımların qarşısının alınması və günahkarların cəzalandırılması istiqamətində qətiyyətli addımlar atılacaq”.
 
Günay Rəsulqızı