Şəfəqə Doğru » Gündəm » 8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."

8 kəndin Azərbaycana qaytarılması prosesinə nə vaxt start veriləcək? - "Paşinyan elan etdi ki..."
Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı danışıb. Nazir müavini bildirib ki, kəndlərin qaytarılması delimitasiya kontekstində həllini tapmalıdır. 
 
"Kəndlərin Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə, məsələyə bu çərçivədə baxılacaq. Hesab edirik ki, məsələlər müzakirə olunduqdan sonra öz həllini tapacaq", - deyə X. Xələfov söyləyib.

Maraqlıdır, 8 kəndin qaytarılması prosesi necə baş tutacaq?

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov xatırladıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan dünən Hollandiyaya səfəri çərçivəsindəki görüşündə Azərbaycanla nəhayət razılaşmaya gələ bildiklərini deyib və bu o deməkdir ki, bəzi məsələlərin həll edilməsində dil tapa biləcəyik:

"Qaldı ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılmasına, burada önəmli məsələlərdən biri ümumiyyətlə, hələ sərhədlərin delimitasiya və demarkasiya işlərinin aparılmamasıdır. Tarixdə ilk dəfə Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya işləri gedəcək və sərhədlər müəyyən ediləcək. Ona görə də düşünürəm ki, anklav ərazilər Azərbaycana qaytarılacaq. Bunun geci-tezi var. Sadəcə olaraq oradakı erməni əhalisinin köçürülmə prosesini  Ermənistandakı mövcud hökumət yavaş-yavaş həyata keçirməlidir. Sosial şəbəkələrin erməni seqmentinə baxanda, Azərbaycan, Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində hökumətin fikirlərini dəstəkləyənlərin də, əleyhinə olanların da olduğunu görürük. Bu proses bir il əvvəl yox idi, ümumiyyətlə cəmiyyət əleyhinə gedirdi, amma hazırda fikirlər dəyişilir və başa düşürlər ki, hökumət məcburən də olsa, Azərbaycan, Türkiyə ilə danışıqlara gedəcək”.

Müsahibimiz bildirib ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması baş tutacaq , amma bu, yaxın aylarda olacaq prosesə oxşamır:
"Delimitasiya və demarkasiya işlərinin aparılmaması da xeyli müddət çəkəcək. Bu, o qədər asan məsələ deyil. Bəlkə də bir neçə il çəkə bilər. Erməni tərəfin də bu istiqamətdə sərsəm iddiaları var – guya Gədəbəy tərəflərdə bəzi yüksəkliklər onlara məxsusdur və s. Düşünürəm ki, sərhədlərin delimitasiya və demarkasiya işlərinin aparılması ilə bağlı komissiya qurulub tam fəaliyyətə başladıqdan sonra artıq tərəflər arasında mövqelərin müəyyənləşdirilməsi gedəcək. Bu zaman isə həmin ərazilər, xüsusilə Qazaxın 7 kəndi Azərbaycana veriləcək. Burada hər hansı problem görünmür. Həmin ərazilər Ermənistan daxilində anklav olduğu üçün oradan Azərbaycana çıxış məqsədilə yol qoyulmalıdır. Onu da Paşinyan hökuməti həyata keçirməlidir. Bu, hansı formada təmin ediləcək, zamanla görəcəyik”.

Günay Rəsulqızı
Sfera.az