Şəfəqə Doğru » Gündəm » Zahid Oruc: ”Hakimiyyətin ləğvi, dövlətin rolunun sıfra endirilməsi...”

Zahid Oruc: ”Hakimiyyətin ləğvi, dövlətin rolunun sıfra endirilməsi...”

Zahid Oruc: ”Hakimiyyətin ləğvi, dövlətin rolunun sıfra endirilməsi...”

Türkiyə və Azərbaycanın sivil toplum quruluşlarının bir araya gəlməsi qlobal təhlükəsizlik sisteminin dərin döhran yaşadğı indiki dövrdə mühüm ictimai-siyasi hadisədir.İki ölkənin vətəndaş cəmiyyəti institutlarının vahid platformada, ortaq ideallarla çıxış etməsi və aydın müəyyələşmiş "yol xəritəsi” əsasında səfərbər olunması, hər iki ölkənin doğma paytaxtda-Bakıda toplaşması, gələcək birgə fəaliyyətin, yeni stratejilərin qəbulu, mühüm qərar və proqramların müəyyənləşməsi, yeni tarixi dönəmin başlanğıcı üçün müstəsna əhəmiyyət kəsb edir.

Osmanlı və Sovet imperiyalarından sonra eyni demokratik respublika, dünyəvi dövlət quruluşu və quruculuğuna qədəm qoyan hər iki ölkənin üçüncü sektoru, sivil toplum təşkilatları  mənsub olduqları millətin taleyi ilə oxşar-ərazi işğalları, radikal separatizm və xarici siyasi müdaxilələr, suverenliyə qəsd və daxili təxribat cəhdlərini bilavasitə öz həyatlarında yaşayan böyük  bir vətəndaş ordusu, milyonlarla insanı təmsil edən güclü ictimai institutlardır.Son statistik məlumatlara görə hazırda Türkiyədə mövcud olan 116 mindən artıq assosiasiya, vəqf, qeyri-hökumət təşkilatı və 5.2 mindən artıq fond mövcuddur. Halbuki 14 il əvvəl bu rəqəm müvafiq olaraq, 78 min və 4.4 min təşkilatdan ibarət olmuşdu.Əhalisinin altıda birinin bu sektorda təmsilçiliyini nəzərdə aldıqda on milyonlarla insanın bu böyük hərəkatda yer aldığı və güclü Türkiyə quruculuğunda iştirak etdiyini görə bilərik.Şübhə yoxdur ki, rəsmi dövlət hakimiyyəti ilə yanaşı, sivil toplumun ayrılmaz hissəsi olan, demokratiya və hüquqi cəmiyyət quruculuğunun istisnasız atributu sayılan STK-lar müasir və yeni Türkiyənin gələcəyini müəyyələşdirirlər. 100 illik tarixi təcrübə heç şübhəsiz müstəqilliyinin 30 cu ildönümünü yenicə keçmiş ölkəmiz üçün böyük bir irs, əvəzsiz tarixi sərvət sayıla bilər.

Doğrudur, hər iki ölkədə vətəndaş cəmiyyəti institutları təkcə aktiv xalq təmsilçilərinin azad və müstəqil iradələrinin məhsulu deyil, bəzən Qərb institutlarının məcburi və ya mexaniki təkrarından, Avropa dövlətlərinin siyasi maraqlarının bu ölkələrə süni transferindən və ya onların üsul-idarələrinin, modelinin birbaşa köçürülməsindən, xarici müdaxilə  və təsir mərkəzlərinin maliyyə və ideoloji yardımlarından formalaşıb. Əlbəttə, belə fəaliyyət mühüm demokratik idealların, insan hüquq və azadlıqlarının müdafiəsi kimi fundamental məsələlərlə pərdələnir.

Buradaca xüsusi qeyd edək, söhbət əsla vətəndaş cəmiyyətinin öz milli hökumətlərinin fəlaiyyətinə sərhəd qoymasına, güclü ictimai nəzarət və hakimiyyətdən cavadehlik istəməsinə qarşı olmaqdan getmir.Əksinə, belə fəaliyyət olmadan, güclü 3-cü sektoru formalaşdırmadan sadəcə güclü dövlət qurmaq mümkün deyil.Lakin qardaş ölkəni 60 ildir Avropa Bilriiynə almayan dairələrin normativ və siyasi doqmalarının ixracı, maraqlarının  avtomatik olaraq Türkiyə və Azərbaycanda bərqərar edilməsi qətiyyən demokratik ideallarla bağlı deyil.Ona görə də hər iki ölkədə 3-cü sektorunun beynəlxalq legiitmlik üçün çoxşaxəli fəaliyyət aparması və Avropa institutları ilə əməkdaşlığı qətiyyən onların müstəqilliklərinin itirilməsi ilə nəticələnməməlidir. Bu elə dövlətin kənardan yönləndirilməsi və milli iradənin itirilməsi demək olardı. Ona görə də oyun qaydalarını və şərtlərini diqtə edən mərkəzlərin tərtib etdikləri indekslərin və hesabatların mötəbərliyi ciddi şübhə doğurur və sovet dövrünün ideoloji trafaretləri ilə eyni götürülə bilər.

Sivil quruluşların güclənməsi, xalqın rəyində onların böyük nüfuz qazanması və milli həyatın ayrılmaz qüvvəsinə çevrilməsi qətiyyən dövlətin rolunun sıfıra endirilməsi, yaxud hakimiyyətin ləğvi, tamamilə rəsmi idarəetmə institutlarının sıradan çıxarılması olmamalıdır. O üzdən tam qətiyyətlə demək olar ki, prezident İlham Əliyev  və Rəcəb Tayyib Ərdoğan iki dövlətin Birinci şəxsləri olmalarına rəğmən, həm də  vətəndaş cəmiyyətlərinin də liderliyini həyata keçirərək milli mənafelərə cavab verən və xarici dövlətlərin təsir, yönləndirmə və maliyyəsindən azad sivil quruluşların formalaşmasının da öncülləri sayıla bilərlər. Məhz bu yerdə xüsusi vurğulayaq ki, 44 günlük müqəddəs savaşda qazanılmış Qələbə hər iki xalqın,  dövlətin, hökumətin, böyük media ordusunun və nəhayət, güclü vətəndaş cəmiyyətlərinin birgə qələbəsidir. Ona görə də 2-ci Qarabağ savaşındakı qalibiyyətdən sonra iki ölkənin vətəndaş institutları qarşısında strateji çağırışlar dayanır.

Gələcək birgə proqramların əsas müddəaları sırasında ilk növbədə, Ermənistanla açılım və normallaşma prosesinə dair iki dövlət rəhbərinin başlatdığı və 21-ci əsrin təhlükəsizlik arxitekturasının fundamenti sayılan sülh quruculuğunda aktiv iştirak etmələri ola bilər. Xüsusi vurğulayaq ki, müxtəlif xarici institutlar keçmişdə region üçün xalq diplomatiyası və dialoq platformalarına milyonlarla dollar vəsait xərclədikləri halda, indi tam ayrı notlarda və müstəvilərdə hərəkət edirlər. Belə görünür ki, o zaman söhbət bölgəyə nüfuz etmək və bütün daxili proseslərə və təşəbbüslərə nəzarəti həyata keçirmək əsas niyyət olub.

Türkiyə və Azərbaycanın vətəndaş birliklərinin ikinci fəaliyyət istiqaməti starteji anlamda dövlətlərinə xarici müdaxilələrin qarşısını almaq, beynəlxalq təşkilatların hesabatlarına və fəaliyyətlərinə birgə cavab vermək olar. Bu həm də anarxo-feminist və aşırı liberal modellərin ixracı, təcavüzkar etnik-milli və dini separatizm xəttinə qarşı da birgə çalışmaları tələb edəcəkdir.

İki ölkənin vətəndaş cəmiyyət institutları dünya erməniçiliyini-özünü "kiçik dövlət, dünyəvi millət” ideologiyasında güclü bir qüvvənin şəbəkələşmiş, media, parlament və  maliyyə resursları ilə silahlanmış bir qüvvəyə qarşı birgə, mütəşəkkil çıxış etməyə imkan verər.

Eyni zamanda, tarixi araşdırmalar, elmi və intellektual müstəvidə çalışmaların da iki dövlətin 3-cü sektorunun qəbul etdiyi yeni konsepsiyada yer alması, Türk dövlətləri arealına yaxınlaşmaq istəyən dövlətlərlə birgə siyasi-mənəvi iş həmin proqramın əsasını təşkil edər.

Biz son olaraq, dünyanın müxtəlif ərazilərində "yumşaq güc” siyasəti həyata keçirən dövlətlər kimi Azərbaycan və Türkiyə dövlətlərinin lobbi və diaspor qurumları, beyin mərkəzlərinin xaricdə  dövlərlərimizin tərəfindən açıq və rəsmi maliyyələşdirməsini yeni dünya quruculuğu sahəsində ən vacib vəzifələrimizdən biri sayırıq.

Beləliklə əziz dostlar, əgər bir cümlə ilə yekun sözü söyləməli olsaq deməliyik ki, dövlət və hökumətimiz birdir, qeyri hökumətlərimizin də  vahid və bütöv olması bizim əbədi şüarımıza və şüurumza xidmət edəcəkdir!