Şəfəqə Doğru » Gündəm » Nazirlər Kabineti 6 yaş deyib, avtobus şirkətləri "5 yaş” yazıblar ...

Nazirlər Kabineti 6 yaş deyib, avtobus şirkətləri "5 yaş” yazıblar ...

Nazirlər Kabineti 6 yaş deyib, avtobus şirkətləri "5 yaş” yazıblar ...
Azərbaycanda müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarından 6 yaşadək uşaqlar ödənişsiz istifadə etməlidir. Bu, Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 6 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ancaq bu gün avtobuslarda fərqli mənzərə müşahidə olunur. Belə ki, avtobusların içinə vurulan elanda 5 yaşdan yuxarı uşaqlardan gediş haqqı tələb olunduğu yazılıb.

Ərşad Hüseynov: "Qanunvericiliyə əsasən, 6 yaşına qədər uşaqlar sərnişin avtobuslarında pulsuz daşınır”

Məsələ ilə bağlı fikir bildirən nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, proses qanunvericiliklə tənzimlənir. Nazirlər Kabinetinin avtomobil nəqliyyatın ilə sərnişinlərin danışmasını özündə əks etdirən qərara əsasən 6 yaşına qədər uşaqlar sərnişin avtobuslarında pulsuz daşınır”.

Elməddin Muradlı: "Dövlətin bu işə müdaxiləsi daha doğru olar”

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bunu təkcə daşıyıcı şirkətlərin üzərinə atmaq düzgün deyil: "Dövlətin bu işə müdaxiləsi daha doğru olar. Dövlət daşıyıcı şirkətlərin qarşısında şərt qoyub, pulu özü ödəməlidir. Çünki bu şirkətlər də özəl şirkətlərdir, sahibkarlıqla məşğul olurlar. Hər bir halda onlara da diqqət göstərmək lazımdır. Əgər bu şirkət müəllimdən, təqaüdçüdən, polisdən, hərbçidən, azyaşlıdan ödəniş almırsa, bunun qarşılığıda dövlət şirkətə nəsə etməlidir. Bu dünyada qəbul olunmuş təcrübə və qaydadır. Sözsüz ki, bu olmadıqdan sonra şirkətlər müxtəlif yollarla gediş haqqını tələb etməyə başlayacaqlar. Neqativ hallara rast gəlinirsə, aradan qaldırmaq lazımdır. Günümüzdə Bakı şəhərindəki daşıyıcı şirkətlər Bakı Nəqliyyat Agentliyinin əlində "əsir” olublar. Onların problemlərini dinləyib, həll etmək lazımdır”.

Günel CƏLİLOVA