Şəfəqə Doğru » Gündəm » BAKIDA TİKİNTİ ŞİRKƏTİ KÜÇƏNİ KƏSDİ, BİR AİLƏNİN EVİNİ QƏZALI VƏZİYYƏTƏ SALDI: sürüşmə təhlükəsi yaranıb - "Ölümlə üz-üzəyik, belə özbaşınalıq olar?" (FOTOLAR)

BAKIDA TİKİNTİ ŞİRKƏTİ KÜÇƏNİ KƏSDİ, BİR AİLƏNİN EVİNİ QƏZALI VƏZİYYƏTƏ SALDI: sürüşmə təhlükəsi yaranıb - "Ölümlə üz-üzəyik, belə özbaşınalıq olar?" (FOTOLAR)

BAKIDA TİKİNTİ ŞİRKƏTİ KÜÇƏNİ KƏSDİ, BİR AİLƏNİN EVİNİ QƏZALI VƏZİYYƏTƏ SALDI: sürüşmə təhlükəsi yaranıb - "Ölümlə üz-üzəyik, belə özbaşınalıq olar?" (FOTOLAR)

Nəsimi rayonu, Abbas Səhhət küçəsi 33-də yaşayış binası tikən şirkət ərazidə fəlakətli vəziyyət yaradıb.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə həmin küçədə yaşayan və  şirkətin tikinti qayda və normativlərinə zidd olaraq apardığı inşaat işlərinə görə, böyük zərər və təhlükə ilə üzləşən Mikayıl Yusifovun şikayətində bildirilib.

Şikayətçinin sözlərinə əlavə etdiyi foto və videodan da aydın görünnür ki, "Capital City" adlı şirkət həyət evlərinə bitişik ərazidə heç bir təhlükəsizlik tədbirləri həyata keçirmədən yaşayış binası tikir: "Foto və videodan da görürsünüz ki, şirkət bizim evin düz bir metrliyində dərin qazıntı işləri apararaq binanın təməlini atıb. Bu zaman isə nə ərazidəki təhlükəsizlik, nə tikinti qaydaları gözlənilib. Nəticədə evimiz çökmə həddindədir, özümüzü isə ailəlikcə ölüm təhlükəsiylə burun-burunayıq. Belə ki, şirkətin qanunlara məhəl qoymadan apardığı tikinti işləri nəticəsində həyətimizə girişdə böyük çat - torpaq sürüşməsi yaranıb, giriş qapıları deformasiyaya uğrayıb, evimizin bütün divarlarında böyük çatlar yaranıb. Bir sözlə, evimiz hər an çökə, biz isə ailəlikcə altında qala bilərik".

Həmin evdə körpə uşaqları, yaşlı anası və ailəsi ilə birgə yaşayan Mikayıl Yusifovun sözlərinə görə, hazırda evlərinə daxil olmağa belə çəkinirlər: "Biz gecəni rahat yatmağı artıq unutmuşuq, gündüz belə evə daxil olmağa ehtiyat edirik ki, qəfil divarlar aşar, ev çökər, uçar. Maraqlıdır, qeyri-vaxtı biri daşı daşın üstə qoyan kimi, dövlət qurumları 50 yerdən tökülüşür. Necə olur, şəhərin mərkəzində tikinti qaydalarına əməl etməyən bu şirkətin qanunsuzluğunu, başqasının qanuni mülkiyyətini məhv etməsini, insanların həyatına təhlükə yaratmasını görmürlər? Yəni, insan həyatı, mülkiyyət toxunulmazlığı bu qədərmi ayaqlar altına atıla bilər? Axı, konstitusiyamızda belə yazılmayıb".

Şikayətçi deyir ki, şirkət təkcə onlara və evlərinə problem yaratmayıb, həm də ərazidəki böyük bir küçəni də özbaşına bağlayıb: "Bakıda bir küçənin özbaşına bağlanmasını da görmürlər? Uzaq olsun, bağlanan küçənin digər tərəfində qəza, yanğın olsa, FHN ora necə müdaxilə edəcək? Gərək adam ölə, böyük dağıntılar ola, nəhayət, cənab Prezident İlham Əliyev xəbər tuta, sonra tədbir görülə?

Sabah başımıza bir hadisə gəlsə, kim cavab verəcək? Niyə bizim mülkiyyətimiz belə hala salınmalı, özümüz isə bir şirkətin maddi maraqlarının qurbanı olmalıyıq? Axı, bu qədər qanunsuzluq, bu qədər özbaşınalıq olmaz".

Şikayətçi sonda ölkə prezidenti İlham Əliyevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, FHN rəhbəri Kəmaləddin Heydərova, Daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Tikinti və Arxitektura Komitəsinin rəhbərliyinə müraciət edərək, ailəsinin təhlükəsizliyi  və mülkiyyət hüquqlarının qorunması üçün təcili addımların atılmasını xahiş edib: "Bizi və mülkiyyətimizi xilas etməyinizi xahiş edirik".

Məsələ ilə balı tikinti şirkətindən münasibət öyrənmək mümkün olmayıb.

img img img img img img img img img img img