"Kəbirli, Aşıqlı, Əlinəzərli kəndləri susuzluqdan yanır. Hektarlarla sahələri suvara bilmirik. İcra hakimiyyəti də, suvarma idarəsi də bizi qapıdan qovur". Shafaqadogru.com DİA.AZ-a istinadən bildirir ki, bunu Beyləqanın Aşıqlı kəndinin sakinləri deyir.
Kəndlilər həftələrdir əkin sahələrini suvara bilmir deyə, əkdikləri məhsul zay olub. Tural Alıyev də məhsulu əlindən çıxan kəndlilərdəndir: "Bu kəndlərə su ya yerli-dibli gəlmir, ya da elə buraxılır ki, qətrə-qətrə gəlib çıxır. Qarğıdalı, buğda sahələri tamamilə yanıb. Ancaq gəlin məmurların yüz hektarlarla əkin sahələrinə baxın, hər gün şırhaşırla suvarılır. Məhsul toplama mövsümü çatanda da yerli "Aqrolizinq”in ən yaxşı texnikaları həmin sahələrə səfərbər olur".
Əlinəzərli kənd sakini Namiq Salamov deyir, iki hektar torpaq sahəsindəki əkini məhv olub. Yerli suvarma idarəsi və icra hakimiyyəti suya görə şikayətə gələnləri qovur: "Elə davranırlar ki, sanki kəndli bunların qara quludur. Sanki suyu şəxsi anbarlarından pay-püş edirlər. Hər dəfə suvarmaya görə pul ödəyirik, havayı su vermirlər ki... Buraxsınlar da bu suyu... Əkin sahələri tamam yanandan sonra suyu buraxırlar, adam yanıb-tökülür".
Kəndlilər deyir, su olanda da suvarmaya yaramır. Səbəb suvarmada istifadə olunan suyun şor olmasıdır. Sakinlərin sözlərinə görə, bir necə ildir ki, bu problemlə üz-üzə qalıblar. Onların istifadə etdikləri yararsız su təsərrüfatı məhv edib. Duzlu su yaşıl bitkini tamamilə yandırıb.
Kəndliləri narahat edən digər məsələ isə, əkin sahələrinin suvarılması üçün onlardan tələb edilən məbləğin yüksəkliyidir. Sakinlərdən hər hektara 20-30 manat pul tələb edilir. İstənilən vəsaiti ödəməyən sakinə isə su verilmir.