Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, 102 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin Salayevin (ailəsi və partiyadaşları onu Əlizamin adlandırır) anası Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək, oğlunun azadlığa buraxılmasını xahiş edib.
Şamama Salayeva müraciətində oğlunun həyatının təhlükə altında olduğunu və ölümünə sayılı günlər qaldığını vurğulayıb. O, ölkə rəhbərliyindən xahiş edir ki, göz görə-görə övladının ölməsinə imkan verməsinlər: “Məhkəmədə oğlumu ölümcül vəziyyətdə görəndən bu yana nə gecəm var, nə gündüzüm. Hər dəqiqə o ağır xəbəri alacağım qorxusuyla yaşayıram. Bir ana üçün bu sözlə ifadə olunmayacaq qədər ağır əzabdır. Sizdən bir ana olaraq xahiş edirəm, məni bu əzabdan qurtarın. Ciyərim yanır…”.
Zamin Salayevin himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu yada salan Şamama Salayeva bildirir ki, o qız belə, məhkəmədə atasının durumunu görəndən sonra yemək yeyə bilmir: “Oğlumun yoldaşının, qızının üzünə baxa bilmirəm. Xahiş edirəm, buraxın onu, yarımcan vəziyyətdə də olsa, gəlsin ailəsinin üstünə…”.
Xatrıladaq ki, AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib. Lakin məhkəmədə Zamin Salayev bildirib ki, bu ittiham yalan olmaqla, həbsi əvvəldən planlaşdırılmış təxribatdır.