2018-ci ildə əhalinin gəlirlərinin artım tempinin qiymət artımı dinamikasından yüksək olması Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyətini artırıb.
2018-ci ildə əhalinin gəlirlərinin artım tempinin qiymət artımı dinamikasından yüksək olması Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyətini artırıb. Onlar istirahət, müalicə və xaricdə daşınmaz əmlak əldə etmək üçün valyuta almaq qərarına gəliblər.
Belə ki, ötən ilin yekunlarına görə, banklar azərbaycanlılara 3,406 milyard dollar satıb. Bu zaman 1 dolların ortalama məzənnəsi 1,6999 manat təşkil edib.
Sputnik Azərbaycan Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərə istinadla xəbər verir ki, 2017-ci illə müqayisədə əhalinin və biznesmenlərin banklardan aldığı ABŞ dollarının həcmi 2018-ci ildə artaraq 1,647 milyard dollara çatıb, yaxud da demək olar, iki dəfə artıb.
Əgər nəzərə alsaq ki, banklar da ötən il 2,037 milyard dollar əldə ediblər, o zaman azərbaycanlıların cibində əhəmiyyətli miqdarda pul qalır - 1,369 milyard dollar.
Əhali 2018-ci ilin dekabrında maksimum həcmdə dollar alıb ki, bu da 584,2 milyon dollar təşkil edib. Tamamilə mümkündür ki, azərbaycanlılar yola salmaqda olduqları ilin son günlərini təmtəraqlı keçirmək və Yeni ili ölkə xaricində qarşılamaq qərarına gəliblər.
Yeri gəlmişkən, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5% artaraq 4,908 milyon nəfərə çatıb. Bu isə ölkə əhalisinin təqribən yarısı deməkdir. Bu barədə məlumatı AR Dövlət Statistika Komitəsi açıqlayıb.
Ölkə vətəndaşlarının 33,6 faizi İrana, 29,2 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz artıb.
2018-ci ildə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,4 faizi dəmir yolu və avtomobil, 17,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
İran istiqamətində səfərlər Azərbaycan vətəndaşları arasında çox populyardır. Buna səbəb təkcə İranın memarlıq abidələri və şiələr üçün müqəddəs sayılan yerləri deyil. Azərbaycanlı turistlərin əksəriyyəti İrana keyfiyyətli tibbi xidmət almaq üçün gedir. Çünki orada tibbi xidmət Rusiya və Türkiyə kimi digər qonşu ölkələrlə müqayisədə daha ucuzdur.
Rəsmi statistikaya görə, hər il qardaş Türkiyəni 600 mindən yuxarı azərbaycanlı ziyarət edir. Burada məqsəd heç də təkcə Türkiyənin bütün dünyada populyar olan kurortlarında istirahət etmək deyil. Azərbaycanlılar Türkiyənin gözəl yerlərini ziyarət etməklə yanaşı, ticarət imkanlarının da cazibəsi altına düşürlər. Hər 500-cü azərbaycanlı Türkiyədə daşınmaz əmlak sahibi olmağa can atır.
Türkiyənin Statistika İdarəsinin (TÜİK) məlumatına görə, təkcə 2018-ci ildə həmvətənlərimiz orada 1250 mənzil alıblar. Bu isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 308 mənzil, yaxud da 32,7% çoxdur.
Azərbaycan vətəndaşları ən çox İstanbulda mənzil almağa üstünlük verirlər. Bununla yanaşı, soydaşlarımız yüz milyonlarla vəsaiti Türkiyə sahillərindəki heç də ucuz olmayan evlərin alınmasına sərf ediblər.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkəmizdə banklardan ən çox dollar alışı 2015-ci ilə təsadüf edir. O vaxt maliyyə-kredit təşkilatları maliyyə bazarlarından 3,478 milyard dollar alıblar. Bununla yanaşı, 12,317 milyard dollar da satılıb. 2015-ci ildə dolların manata olan orta məzənnəsi 1 dollara görə 1,0048 manat təşkil edib.