Gəncədə bəzi sakinlərdən evlərinin sökülməsi tələb olunur. Bu haqda 29 may tarixində XəzərXəbər-ə istinadən məlumat yayılıb.
Söhbət şəhərin Yeni Gəncə yaşayış massivindəki Əriklik adlanan ərazidən gedir. Burada yerləşən 17 ədəd fərdi ev sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bəzi sakinlər sökülmüş evlərinə kompensasiya, digərləri isə torpaq sahəsi alaraq burada ev sahibi olublar.
Onlar iddia edirlər ki, torpaq üzərində mülkiyyətə əsas verən müvafiq sənədləri də əldə ediblər. Lakin məhkəmə prosesi zamanı bu sənədlərin mövcudluğu və onların etirazları nəzərə alınmayıb.
Evlərin yerləşdiyi torpaq sahəsinin sahibi Venera Rüstəmova isə sakinlərin iddiaları ilə razılaşmır.
“Ərazidə ev tikənlərə bu addımın qanunsuz olması ilə bağlı ilk gündən dəfələrlə xəbərdarlıq etmişəm”, – deyə xanım bildirir.
O, həmçinin deyir ki, sakinlərin dediyinin əksinə olaraq, bu məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb və tələbə əsasən, həmin ərazidə tikinti işlərinin aparılmasına həbs qoyulub. Lakin buna əməl olunmayıb.
Ərazinin sakinlərə paylanması zamanı Nizami RİH-nin başçısı və Gəncə ŞİH Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifələrində işləmiş Məharət Mustafayev 3 ildir ki, həbsdədir. Onun cinayət işində Venera Rüstəmova zərərçəkən şəxs qismində tanınıb. Gəncə şəhərinin Nizami rayonu isə 1 il əvvəl ləğv edilib.