Bu günlərdə mediada böyük ajiotaj yaratmış bir yazıda Azərbaycan hakimiyyəti daxilində baş verənlər çılpaqlığı ilə əks olunmuşdu. Yazıda açıq mətnlə bildirilir ki, fövqalədə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda prezidet İlham Əliyevdən də qüdrətli şəxsdir və təsir imkanları daha çoxdur. Yazı dərc olunandan sonra Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun Ankara ilə Moskva arasındakı münasibətlərin yaxşılaşmasında Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərin böyük rol oynaması ilə bağlı açıqlama verdi. Türkiyə xarici işlər nazirinin açıqlamasında Kəmaləddin Heydərovun adı qırmızı xətlə keçirdi. Çavuşoğlu sözügedən açıqlaması ilə Kəmaləddin Heydərovun çox böyük böyük bir qüdrətə malik olduğunu bir növ təsdiqləmiş oldu.
Bu günlərdə isə Kəmaləddin Heydərov təsir imkanlarının nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi. Söhbət prezident İlham Əliyevin şəxsi nəzarətə götürdüyü jurnalist Rasim Əliyevin ölüm işi ilə bağlı həbs olunan "Qəbələ" komandasının kapitanı Cavid Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmasından gedir. Cavid Hüseynovun qısa bir müddətdə azadlığa buraxılacağını heç kim gözləmirdi. Çünki futbolçu jurnalistin qətlində günahsız deyildi. Güclü təzyiqlər altında Cavid Hüseynovun işini Rasim Əliyevi ölümcül döyənlərin işindən ayıran birinci instansiya məhkəməsinin qərarı belə futbolçunun günahkar olduğunu göstərirdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə futbolçunun azadlığa buraxılması isə məhkəmə və istintaqın u işdə sifarişlə işlədiyini göstərmiş oldu.
"Məhkəmələr millətin vicdanıdır"
Bu ifadə Kəmaləddin Heydərovun xoşlamadığı Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında səslənəndən sonra daha da populyarlaşdı. Cavid Hüseynovun azadlığa buraxılması ilə Kəmaləddin Heydərov Azərbaycanın ədalət sisteminə sözün əsl mənasında tüpürdü. Və prezident İlham Əliyevin şəxsi nəzarətinə götürdüyü işə belə təsir edə bildiyini nümayiş etdirməklə bərabər hamıya mesaj verdi: Ölkədə söz sahiblərindən biri də mənəm...
Cavid Hüseynovun jurnalistin qətlində hansı səviyyədə günahkar olduğunu hüquqşunas Ələsgər Məmmədlinin şərhindən açıq-aşkar görmək olur.
Hüquqşunas arqument.az-a açıqlamasında Rasim Əliyevin ölümü ilə bağlı işin istintaq tərəfindən sona qədər və obyektiv aparmadığını bildirib: "Rasim Əliyevin işi ilə bağlı ən diqqətçəkən məqamlardan biri, daha doğrusu, birincisi budur ki, istintaq hadisəni sona qədər araşdırmadı və obyektiv aparılmadığı üçün də Rasimin ölümünə səbəb olan bir neçə şəxs məsuliyyətdən kənarda qaldı".
Ə.Məmmədli bildirib ki, prosesdə Cavid Hüseynovun dolayısı ilə də olsa iştirakı gözardı edilib, həkim səhlənkarlığı isə ümumiyyətlə araşdırma predimeti olmayıb: "Məsələn, həkim səhlənkarlığı heç bir araşdırma mövzusu olmadı. Bunun da səbəbi kimi səhiyyə nazirinin qondarma bir məktubu göstərildi ki, guya həkimlər öz vəzifəsini yerinə yetiriblər, heç bir günahları yoxdur. Bu, işin birinci tərəfidir. Ölüm hadisəsinin həkim səhvi nəticəsində baş verməsinin istintaq predimeti olmaması araşdırmanın qeyri-obyektivliyinin ilk nümunəsi idi. İkincisi, Cavidin bilərəkdən və bilməyərəkdən bu prosesdə iştirakı olub. Cinayət Məcəlləsinin 25-ci maddəsində deyilir ki, hər hansı bir şəxs ehtimal olunan hadisəni dərk edib, amma önləməyibsə, bununla bağlı qarşı tərəfə məlumat veriməyibsə, bu da təqsir sayılır. Cavid özü də etiraf edir ki, guya belə bir hadisənin baş verməməsi üçün öz qohumlarına bir neçə dəfə xəbərdarlıq edib. Nəyə görə xəbərdarlıq edirdi? Demək, onların Rasimi döymək, "cəzalandırmaq" istədiklərini bilirdi. Bu isə bilavasitə Cinayət Məcəlləsinin 25-ci maddəsində (Maddə 25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur) dolayı təqsirdir. Əgər o, futbolçu olmasaydı, arxasında hansısa oliqarxlar durmasaydı, əminəm ki, hər hansı sıradan bir vətəndaş, hadisənin iştirakçısı kimi, təxminən həbs olunanlara yaxın bir müddətlə azadlıqdan məhrum edilərdi. Amma görünən o idi ki, istintaq bu şəxsi, futbolçunu hadisədən qoparmaq üçün nə lazımdırsa etdi və prosesdə yalançı şahidlərdən belə istifadə olundu. Hətta Rasimin hələ ölməmiş verdiyi müsahibənin əksini deyən "sağ" şahidlərdən istifadə olundu ki, guya Cavid xəstəxanaya gəlib və Rasimə deyib ki, sənə demişdim ora getmə, filan. Amma Rasim özü demişdi ki, Cavid ona: "Get, onlar səndən üzr istəyəcək, üzrxahlıq edəcəklər və iş bağlanacaq və s.", - deyə təkid edib. Bu ifadə bilavasitə rəhmətə getmiş jurnalistin öz ağzından səsləndiyi halda, bunu inkar edən formal şahidlərin sonradan ifadə verməsi, sadəcə, işi Cavidin xeyrinə həll etmək üçün istintaqın atdığı addım idi. Məhkəmə də işin üstünə gedib araşdırmadı. Əgər 4 il həbs cəzası alan adam 1 il sonra azadlığa çıxa bilirsə, əslində, məqsəd Cavidi qurtarmaq idi. Amma baxın, günahsız yerə, guya xuliqanlıqla həbsə məhkum edilən Seymur Həzi 5 il həbs cəzası alıb və 2 ildir ki, həbsdədir. Əli İnsanov 11 il həbsdə günə-gün yatdı, hələ yeni cinayət işi açıblar. İlqar Məmmədov heç bir hadisə ilə əlaqəsi olmadan, hadisədən bir gün sonra İsmayıllıya getdiyi halda, 7 il azadlıqdan məhrum edilib və hazırda da hadisənin təşkilatçısı kimi 4 ildir ki, həbsdədir. Yəni fərdə görə yanaşma çox açıq şəkildə ortadadır. Məqsədim burada hansısa futbolçunu qaralamaq deyil, ədalət, hüquq siteminin ciddi şəkildə problemli, tərəfli olduğunu göstərməkdir".
"Gördüyümüz kimi, Rasimin hadisə yerinə getməsində təməl səbəbkar və onun hadisə yerinə getməsini israrla istəyən şəxsin Cavid olması onun prosesin şahidi yox, iştirakçısı olduğunu sübut edir. Amma istintaq bilərəkdən Cavidi, sadəcə, şahid kimi prosesə cəlb edərək, az cəza almasına və sonra da azadlığa çıxmasına imkan yaratdı. Əlbəttə, istintaqın bu oyununa proses barədə ədalətli qərar verməli olan hakimlər də ortaq oldu və Rasimin ölümündə şahid yox, iştirakçı olan Cavidin bu gün həbsdən çıxmasına yardım etdilər. Bunun digər önəmli tərəfi budur ki, Rasimin öldürülməsi Azərbaycanda söz azadlığına yönələn cinayət hadisəsi idi. Odur ki, prosesdə birbaşa fiziki iştirak edənlərlə yanaşı, prosesi kluminasiya nöqtəsinə gətirən futbolist də haqq etdiyi cəzasını sona qədər çəkməli idi. Hökumətin nəzarətində olan ədalət sisteminin belə işləməsi göstərir ki, hökumət ifadə azadlığına barmaqarası baxır və bundan sonra da gerçək jurnalistlərin can güvənliyi, həyatı ciddi təhlükədə ola, qanı bata bilər", - deyə hüquqşünas vurğulayıb.
Qeyd edək ki, jurnalist Rasim Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib. May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib.
Xatırladaq ki, oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim H.Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb. Buna səbəb C.Hüseynovun vəkili A.Məmmədovun ilkin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi olub. Daha sonra C.Hüseynov kassasiya şikayətini geri götürüb.
Bakı Apellyasiya Məhkəməsində Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub və C.Hüseynov azadlığa buraxılıb.
P.S. Azadlığa çıxan Cavid Hüseynovun indiyə kimi öldürülən Rasim Əliyevin məzarına, ən əsası isə anasına baş çəkməyib. Bunun bir adı var - ancaq yazmağa qorxuram...
Shafaqadogru.com \AzToday.az\ istinadən bildirir.