Şəfəqə Doğru » Gündəm » Bank işçiləri arasında silahlı insident - Biri yaralıdır

Bank işçiləri arasında silahlı insident - Biri yaralıdır

Bank işçiləri arasında silahlı insident - Biri  yaralıdır


Ötən gün axşam saatlarında Qax rayonunun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib.

Məlumata görə, hadisə iştirakçılarının hər ikisi "Bank Respublika"nın əməkdaşlarıdır. 

Belə ki, hadisəni törədən Cavidan Məmmədov bankın rayon filialında mühafizəçi işləyir. Güllələnən Turan Məmmədov isə kredit mütəxəssisidir. 

Onlar həm də qohumdurlar. 

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. 

C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.