Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən “Qafqazinfo” saytına bildirilib ki, məktubda Cevdet Yılmaz Əli Əsədovu yenidən Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Cevdet Yılmaz Prezident İlham Əliyevin seçkilərdə ölkə tarixində ən yüksək səs göstəricisinə nail olduğu tarixi qələbəsinin qardaş Azərbaycan xalqı, ölkələrimiz arasındakı münasibətlər və bütün regionumuz üçün faydalı olmasını arzu edib. Vurğulanıb ki, Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var.
“Qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram”, - deyə Cevdet Yılmazın məktubunda qeyd olunub.
Türkiyənin vitse-prezidenti, həmçinin 2023-cü il dekabrın 20-də Azərbaycana səfərini xatırladıb və yüksək qonaqpərvərliyə görə Baş nazir Əli Əsədova bir daha təşəkkürünü bildirib.
Cevdet Yılmaz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Türkiyədə təşkil ediləcək iclasına Əli Əsədovu dəvət edib.
Məktubda Azərbaycan hökumətinə uğurlar arzu edilib, Azərbaycan xalqının rifahı üçün ən xoş arzular ifadə edilib: “Uğurlarınız daimi, birliyimiz əbədi olsun!”