Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü, uzun müddət "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının nümayəndəsi kimi fəaliyyət göstərmiş Cəbrayıl Fərzəliyevə 10 il həbs cəzası kəsilib. Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, "Paşabank" və Gənclər Fondundan yarım milyon manatdan çox yeyintidə günahkar sayılıb.
Cəbrayıl Fərzəliyev "Paşabank"ın 342 min, Gənclər Fondunun 385 min manat vəsaitinin yeyintisində təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, o, ayrılan pulları təyinatı üzrə xərcləməyərək mənimsəyib. Məsələn, bank onun adına olan "Universal" MMC-yə avadanlıqların alınması, dövriyyəsinin artırılması və başqa işlərin görülməsindən ötrü vəsait ayırıb. İttihama görə, o, pulu götürsə də, bu işlərin heç birini görməyib. Yaxud da Gənclər Fondu bir sıra layihələrə qrant ayırıb, onunla müqavilələr bağlanıb. Qrantla görülməli layihələrdən biri də Qarabağdan bəhs edən "Qayıdışın izi ilə" filminin çəkilməsi olub. Cinayət işində iddia edilir ki, bu filmlə bağlı "Böyük Qayıdış" Gənclər Təşkilatının üzvü Nail Şükürovun adından sənədləri C.Fərzəliyev imzalayıb. O, ayrılan vəsaiti təyinatı üzrə xərcləməyib (azadliq.org).