14 may prezident və parlament seçkilərində Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqında təmsil olunan 5 partiyadan biri olan Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan 31 martda keçiriləcək bələdiyyə seçkilərində təkcə İstanbul və Ankaradan namizəd irəli sürməklə kifayətlənməyib. O, həm də Cumhur İttifaqının namizədlərini tənqid etməklə yanaşı, CHP-li namizədlərin daha şanslı olduğunu bəyan edib.
Mia.az saytınınm Türkiyə mətbuatına istinadla yazdığına görə, jurnalist Murat Yetkinə açıqlama verən Fatih Ərbakan əvvəlcə Cumhur İttifaqı ilə niyə "tərs" düşmələrinə aydınlıq gətirib: "Bizə AK Partiya şəhər və rayon bələdiyyələri üzrə namizədliklərini elanetdiklərini əsas gətirərək, onları dəyişdirə bilməyəcəklərini, bu səbəbdən də bizə güzəşt etməyəcəklərini bəyan etdilər. Halbuki biz mayın 14-dən əvvəl, yəni razılaşma əldə edərkən, prezidentliyə namizəd idik və biz razılaşma gərəyi geri çəkildik. Ancaq bunlar tələb etdiyimiz bələdiyyələr üzrə geri çəkilmədilər. Əvəzində bizə uyğun olmayan təkliflər irəli sürdülər. Dedilər ki, şəhər və ya rayon bələdiyyə sədrləri əvəzinə, bələdiyyə məclislərində 2-3 yer verək. Biz bunu qəbul edə bilməzdik. Baxın, bu, sorğuların birində cəmi 6-7 səs alan ittifaqın üzvü olan Böyük Birlik Partiyasına təklif etdikləri ilə eynidir. Halbuki, biz 14 may seçkilərində Türkiyə üzrə 3 faizdə səs alan partiyayıq. Üstəlik, gücümüz və imkanlarımız böyükdür. Üstəlik, sosial bazamız AK Partiya ilə əməkdaşlıq etməyimizə görə bizə o vaxt tamamilə dəstək vermədi. İndi də bələdiyyə seçkiləri ilə bağlı müstəqil seçkiıyə getmək tələbləri güclüdür. Ona görə İstanbul, Ankara və İzmirdə namizədlərimizi açıqladıq".
Bələdiyyə seçkiləri ilə bağlı dərin təhlil və araşdırmalar apardıqlarını bildirən Ərbakanın sözlərinə görə, böyük şəhərlərlə bağlı qərarlarına keçmiş mütəffiqlərinin etirazları qəbuledilməzdir: "Bizə "siz dəstəkləməsəniz, İstanbulda Murat Kurum qalib gələ bilməz" deyirlər. Baxın, DEM Partiyası "heç bir partiya üçün seçki qazanmaq məcburiyyətində deyilik" deyəndə, tənqid olunmur, ancaq biz öz namizədimizlə ortaya çıxanda bu hadisəyə çevrilir. Açqı demək gərəkdir ki, bizim araşdırmalarımıza görə İstanbulda Əkrəm İmamoğlu daha şanslıdır, qazanacaq seçkini. Üstəlik, xüsusilə Fatih, Üsküdar, Eyüp kimi rayonlarda CHP sürpriz edə bilərlər. Bəzən Eyüp deyəndə AKP-çı bəzi dostlarımız buranın yalnız Eyüp Sultan Məscidinin ətrafı olduğunu zənn edir. Oysa ki, Göktürkə qədər bütün Eyüpdür. Ankarada isə Mansur Yavaş daha rahatlıqla qazanacaq. Turqut Altınok (AKP namizədi) bəy bacarmır...".