"Bizdə də İtaliya təcrübəsi tətbiq olunsun”
Bu günə kimi tətbiq olunan sərt karantin rejimi, demək olar ki, əhalinin gözlədiyi nəticəni vermədi, COVID-19-a yoluxanların sayında azalmağa doğru heç bir dəyişiklik yoxdur.
Marqlıdır, bundan sonra yoluxma sayını azaltmaq üçün nələr etmək olar, hansı ölkənin təcrübəsindən yararlanmaq olar? Cəmiyyət Operativ Qərargaha bu məqsədlə nələr təklif edir?
Dominant.az-ın suallarına aydınlıq gətirmək məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirdik. Aldığımız cavabları olduğu kimi təqdim edirik:
Azər Həsrət: "Nə qədər ki, insanlar Bakıda, Gəncədə evlərə qapadılacaq yoluxmalar azalmayacaq. Belə xəstəliklərin müalicəsi təbiətlə iç-içə olmağı tələb edir. Operativ Qərardakılar da bunu əsla anlamaq istəmir. İnsanların temperaturunu ölçüb rayonlara yolu açmaq lazımdır”.
Ülviyyə Şahin: "Operativ Qərargah ancaq quru-quru qərarlar verir. İndiyənə kimi Operativ Qərargah tərəfindən insanları maarfiləndirəcək hər hansı video-çarxlar görmədik. İnsanların psixologiyasını, davranış tərzini analiz etmədilər. Nəyi, necə etmək lazımdır, artıq bilmirlər. Özləri də başını itirib, deyəsən”.
Mərahim Nəsib: "Operativ Qərargahı buraxmaq lazımdır. Daha effektiv iş görmək lazımdır. Göründüyü kimi OQ öhdəsindən gələ bilmir.
Könul Aypara: "Məsələ daha qlobaldır. İnsanlar da qoyulan qaydalara riayət etmirlər. Elə bil seriala çəkilirlər. Hərə bir rol oynayır. Sərtləşdirmək, cəzaları artırmaq... amma yenə də qulaqardına vurulur. Marketlərdə, apteklərdə insanların çoxu maskasızdır. İctimai nəqliyyatlarda da. "Mall”ar, metrolar nahaq açıldı. Virus dünyada yayılıb, mümkün deyil. Çəkəcəyimiz var...”.
Gültən Qədirli: "Fikrimcə icazə sistemini bərpa edənə kimi həftəsonundakı karantin gününün sayını artırsınlar. Bir həftə, 3 gün etsinlər, növbəti həftə 4 gün, sonra 1 həftə. Belə olanda insanlar həm sui-istifadə edir, həm də qaydalara əməl etmirlər”.
Şəfayət Avılbəyli: "Çox ciddi və gözlədiyimizdən də həssas bir məqamdayıq. Sadəcə Vətənimiz naminə, balalarımız, ailəmiz, dost və yaxınlarımız naminə qaydalara riayət etmək zorundayıq. Hər dəfə bayıra çıxanda evdə sizi gözləyənləri düşünün və sağlam dönmək üçün cəhd edin. Hesab edin ki,vətənimiz bu ağır gündə bunu bizdən istiyir. Hər bir vətəndaşımız məsuliyyəti dərk etməlidir. Bu vəziyyət keçəcək, lakin sonrakı təəssüfə yol verməyin”.
Səbuhi Sədəf: "Məncə, karantin rejimi ləğv olunmalı, yumşalmaya gedilməlidi”.
Ramina Eyvazqızı: "İsveç modeli tətbiq olunsun. Operativ Qərargah ancaq pul yeyib, naşı qərarlarla məşğul olur!”
Samir Zeynalov: "Pandemiya ilə bağlı bu günə qədər verilmiş qərarlar onsuz da Konstitusiyaya zidd olub. Təklif edirəm ki, əhalinin maddi rifahı, zəruri ehtiyacları qabaqcadan təmin edilməklə 1 ay müddətində fövqəladə vəziyyət tətbiq edilsin. Hesab edirəm ki, yalnız bu şərtlər altında hazırki vəziyyətdən çıxmaq mümkündür”.
Turab Rzayev: "Yanvar ayından başlayaraq koronavirus təhlükəsi, ondan qaçmağın mümkün olmadığı, pandemiyanın bizə çatmasına və yayılmasına hazırlıq ilə bağlı mütəmadi yazılar yazmağa başladım. Əsas məsələ insanlara çatdırmaq idi ki, bu virus haqqında mahnı, meyxana qoşulası, şeyir deyilesi, lağlağı videolar hazırlanası mövzu deyil. Ümid edirdim ki, bütün bu təhlükəni çox ciddi qəbul edəcəklər və preventiv, virusun qarşısının alınması üçün təcili, operativ iş görəcəklər, ortaya düşünülmüş strategiya qoyacaqlar. Hətta ən uğurlu nümunə kimi, Koreya versiyasını da göstərmişdim. Əsas, ən vacib xətləri və detalları ilə. Bunlardan biri də adamların xüsusi telefon proqramıyla qeydiyyata götürülüb, kimdəsə virus çıxdısa, 2 həftə ərzində olduğu yerlərin siyahısını tərtib edib, həmin ərazilərdə olanları testə cəlb etmək idi ki, kimi yoluxdurduqları təyin olunsun. Həm də, küçədə proqrama baxıb ətrafında nə qədər uzaqlıqda koronaya yoluxan insanın yaşadığını görə bilirdin.
Oxşar proqramı tezliklə TƏBİB bizdə də tətbiq edəcək deyəsən. Olmağa çox gözəl xəbərdir. Amma cəmi 5 ay gecikmə ilə və Koreyada tətbiq olunan tədbilərdən sadəcə biri ilə virusun qarşısını almaq olar mı?! Yoxsa sadəcə TƏBİB özünü müasir, texnologiya dostu kimi göstərib, məsələni reklam fürsəti olaraqmı görür?!”
Zümrüd Kərimova: "Corc Oruell deyir ki, cəza cinayətdən daha böyük bəla gətirir. Yəni ki, əziz Operativ Qərargah və Nazirlər Kabineti, cəriməni 5 min manat da etsəniz, bu insanlar çölə çıxacaq. Çünki çölə çıxmaq lazımdır. 4 aydır ki, havasızlıqdan və vitaminsizlikdən ölürük. Rayonda evimiz var, amma özümüz sağlam ola-ola qalmışıq bürkülü Bakıda. Rayonumuzda yoluxma da yoxdur.
İkinci məsələ, kütləvi testləşdirmə keçirmək lazımdır. 200 ölkənin mübarizə apardığı bəlanın mübarizəsi testdən başlayır. Bunu pullu etmək hansı məntiq sahibinin ağlına gəlib? Testin qiyməti orta aylıq əməkhaqqının yarısından çoxdur. Əlbəttə ki, insanların əksəriyyəti pulu olmadığı üçün test etdirməyəcək və nəticədə, ən az 50 nəfəri yoluxdurmuş olacaq.
Üçüncü məsələ, "parçala və hökmranlıq et" prinsipi ilə mübarizə aparmaq lazımdır. İnsan yükünü rayonlara uyğun bölmək və ən əsası, insanları maarifləndirmək lazımdır”.
Elyar İslamoğlu: "Bu günə kimi sərt karantin və həftəsonu evə qapanmaların nəticəsi olmadı, bundan sonra da olmayacaq. İnsanları aylarla evə qapadılsa, bu dəfə də oksigen, D vitamini çatışmazlığı yaranacaq. Metroda qatarların intervalını azaltmaq, ictimai nəqliyyatda avtobus sayını çoxaltmaq, kütləvi toplaşmaların qarşısını almaqla, qapalı məkanlara maskayla girişi məcburi edərək insanları sərbəst buraxmaq lazımdır. Rayona getmək istəyənləri pulsuz test edib getmələrinə imkan verilməlidir ki, paytaxtın yükü yüngülləşsin. Məktəblər, universitetlər bağlı olduğu halda rayona getmək istəyənlər məcburi paytaxtda qalıb. Paytaxtda isə sıxlıq və havasızlıq var. Ona görə də yoluxmalar azalmaqdansa çoxalır. Bundan başq əhali mütəmadi olaraq tiibi məlumatlandırılmalıdır”.
Fəxrdəddin Dolq: "İşinin öhdəsindən gəlməyən Operativ Qərargah buraxılmalıdır. Savadlı və vicdanlı həkimlər cəlb olunmalıdır. Ən əsası, xalqa yalan statistika deyil, həqiqət deyilməlidir. Əgər durum ciddidirsə, hər ailəyə 500 manat ödəməklə evdə qal çağırışı etməklə, hətta tələb edə bilərlər. Neçə ayı yalanlarla yola veriblər”.
Musayeva Aygün: "Hardadı ki karantin? Yarım milyon insan işə gedir, xəstəxanalar doludu koronaviruslu xəstə ilə. O həkimlər də gəlib evə yoluxdurur. Evdə müalicə işə yaramır. Hər yer xəstədi. Bir xəstə 5-10 nəfəri ev ici və tanıdığından yoluxdurur. Ölkə başına buraxılıb”.
Mahir Ələkbərov: "Fikrimcə, artıq nəsə etmək üçün çox gecdir. Çünki insanları bu istidə evdə saxlamaq, maska taxtırmaq çox çətin məslədir. Vəziyyətin düzəlməsi üçün möcüzəyə ehtiyacımız var”.
Aysel İsgəndərova: "Bunun üçün səlahiyyətli qurumlar kamanda şəkilində işləməyi bacarmalıdır. İnsanlar arasında düzgün maarifləndirmə işləri aparılmalıdır. İlk öncə insanlarımıza koronavirusun nə qədər təhlükəli xəstəlik olduğu anladılmalıdır. Qaldı ki, hansı dövlətin təcrübəsinə düşünürəm ki, təcrübədən öncə insanların hər şeyə lağlağa yanaşma düşüncəsi dəyişilməlidir. Əks təqdirdə görülən tədbirlər nəticəsiz olacaq”.
Elmar Şahmar: ""Yalançı çoban"ın hekayəsi yadıma düşür - hakimiyyətin indiki durumu budur. Bir də ki, həqiqəti car çəkməzlər, sakitcə söylərlər. Səhər-axşam satılmış, vicdanını itirmiş insanların dili ilə, çiyinlərə çıxıb qulaqlara bağırmaqla inam yaratmaq olmaz. Görünür ki, bu, əks effekt verir. İstiqaməti dəyişmək lazımdır. Məsələn, heç nə etməsələr, heç bir qadağa, cərimə tətbiq olunmasa, daha yaxşı nəticələr əldə edərik. Ən azı, psixoloji cəhətdən rahatlarıq”.
Əziz Qaraşoğlu: "Operativ Qərargahın tərkibi dəyişdirilməli, cəmiyyət tərəfindən qəbul edilən dürüst və mütəxəssis olan insanlar cəlb edilməlidir”.
Yaqub Məmmədov: "Operativlik yoxdur, biganəlik var. Xəstədə KT xarakterik buzlu şüşədir. Deyirlər, analiz cavabı çıxsın sonra. Konkret bu halda o, nə qədər insanı yoluxduracaq?! Bundan əlavə bir həftədir hemodializə buraxılmır! Bir hemodializ xəstəsi üçün bir həftə hemodializsiz yaşamaq elə ölüm deməkdir”.
Gülşən Məmmədoğlu: "İtaliya təcrübəsinə istinad edib, ÜST-dən asılı olmadan yerli şəraitə uyğun qaydalar tətbiq etmək. İtaliyada virusun əsas təsirinin qan laxtalanması olduğunu üzə çıxardıqdan sonra aspirinlə müalicə edib bir gündə minlərlə insanı evə buraxdılar”.
Əli Bəy Azəri: "Operativ Qərargah yarıtmaz bir qurum kimi dərhal buraxılsın. Koronovirus və 5G texnologiyasının quraşdırılması sahəsində iki mükəmməl biliyə malik mütəxəssis dövlət televiziyası ilə əhaliyə məlumat versin. İndiyə kimi keçirilən profilaktik tədbirlər artıq mənimsənilib. Necə qorunmaq lazımdırsa, hamı bilir. Hər kəs öz taleyinə cavabdehdir. İnsanlar özlərini qorumasalar, heç kim onları qorumayacaq. Dövlət sadəcə öz funksiyasını yerinə yetirsin, qapalı yerlərdə həqiqi dezinfeksiya işlərini, mütəmadi havalandırmanı nəzarətə götürsün”.