Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.
“Qafqazinfo”ya istinadla yayılan xəbərdə bildirilir ki, Ali Məhkəmədə keçirilən iclasda apellyasiya instansiyasının qərarı dəyişdirilib.
Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Vurğun Əkbərovun cəzası 6 ilə, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Vüqar Nağıyevin cəzası 5 il 8 aya, Telman Zahidov və Anar Cəfərovun cəzaları 5 il 6 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.
Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.
İstintaq orqanı tərəfindən İsmayıl Vəliyev və digərləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, RİH başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.
2022-ci ilin may ayında Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarı ilə İsmayıl Vəliyevin cəzası 9 il 6 aya, Əjdər Kərimov və digərlərinin cəzası 8 ilə, Gültəkin Sadıqovanın cəzası isə 6 ilə endirilmişdi.