Ötən həftə parlamentdə keçirdiyi qapalı toplantıda baş nazir Nikol Paşinyan Azərbaycana ilk növbəfə verilməsi tələb olunan 4 kənd barədə danışıb. Yeri gəlmişkən, Münhendə də Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı müzakirə aparılıb.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Bildirilir ki, hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla söhbətində Paşinyan vurğulayıb ki, söhbət ilk növbədə Bağanıs-Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərindən gedir.
Ermənistan bu kəndləri işğal etdikdən sonra özünün Tavuş rayonunun ərazisinə daxil edib.
“Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirib ki, onların rayonunda azərbaycanlı kəndləri var”, - “Hraparak” yazıb.
Hökumətyönlü mənbələrdən “Hraparak”a bildirlib ki, adıçəkilən 4 kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi Ermənistan üçün problem yaratmayacaq.
Qəzet yazır ki, Azərbaycan tərəfi əvvəlcə problemsiz əraziləri tələb edir, Ermənistan cəmiyyəti buna öyrəşəndən sonra qalan kəndlər də təslim eduləcək.
“Yəni Paşinyan vaxtaşırı ictimaiyyəti müharibə ilə qorxutmaqla mərhələli təslim proqramı həyata keçirir”, - “Hraparak” qeyd edib.
Xatırladaq ki, hazırda Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli, eləcə də Naxçıvanın Kərki kəndi erməni işğalı altındadır.
Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir. İşğal altında olan bu 8 kəndin 3-ü - Qazaxın Sofulu və Yuxarı Əskipara, eləcə də Sədərək rayonunun Kərki kəndləri Azərbaycanın anklav əraziləridir (modern.az).