Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işində bir sıra məqamlar ortaya çıxıb.
İstintaq materiallarında deyilir ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə “Space TV”də yayımlanan “Gəl Danış” verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Ruhəngizin televiziya kanalına çıxmasını istəməsə də, qızı buna məhəl qoymayıb. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqlayaq qətlə yetirib.
Hadisədən sonra Rühəngiz cinayəti qardaşının üstünə atmaq istəyib. O, polisə zəng edərək qardaşı Rəşadın atasını öldürdüyünü deyib. Aparılan istintaqla qısa müddətdə hadisənin R.Əliyeva tərəfindən törədilməsi sübut edilib.
Müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən və şahid ifadələrindən məlum olub ki, R.Əliyevanın psixoloji problemi var, psixatriya xəstəxanasında müalicə olunub. Bununla bağlı məhkəmə istintaqı dövründə təkrar ekspertiza keçirilib. Ekspertin rəyi ilə sübut olunub ki, təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu formasında kəmağıllıq”dan əziyyət çəkir.
Qeyd olunanlara əsasən Nahid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə törədərkən anlaqsız vəziyyətdə olub.
Hökmə əsasən, R.Əliyeva cinayət məsuliyyətindən və cəzadan azad edilib. Həmçinin onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.