Ukrayna hökuməti Gürcüstandan Rusiya ilə 2023-cü ildə bərpa olunan uçuşları dayandırmağı, həmçinin eks-prezident Mixail Saakaşvilini həbsdən azad etməyi tələb edir.
Bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiya deyib.
Onun sözlərinə görə, bu şərtlərin yerinə yetirilməsi Kiyev və Tiflis arasında münasibətlərin normallaşmasına imkan verəcək.
“Əgər doğrudan da normallaşmadan danışırıqsa, onda bunun üçün bir plan var: vətəndaşımız Mixail Saakaşvilini həbsdən azad edib geri qaytarmaq, Rusiya Federasiyası ilə birbaşa uçuşları dayandırmaq”, – deyə siyasətçi teleqram kanalında bildirib.
Araxamiyanın fikrincə, Gürcüstan rəhbərliyi Moskvaya Qərbin sanksiyalarından yan keçməyə kömək etməyi dayandırmalıdır. Parlamentari əmindir ki, bu baş verən kimi Ukrayna-Gürcüstan münasibətləri normallaşacaq.
Bir gün əvvəl Gürcüstan hökuməti rəsmi Kiyevi respublikaya qarşı qeyri-dost addımlarına görə tənqid edib. Nazirlər Kabinetinin bəyanatında deyilir ki, Gürcüstan iki ildir Ukrayna ilə həmrəydir, lakin Kiyev öz səfirini Tiflisdən geri çağırıb və Gürcüstanın diplomatik missiyasının rəhbərini öz ərazisindən qovub (musavat.com).