Eyyub Hüseynov: “Qısa müddətli dövrdə daha çox qazanc əldə etmə təşəbbüsü göstərən sahibkarlar məhz bu cür üsullara əl atırlar”
Bakının bəzi kafe və restoranlarında sadə çay verilmir. Masaya əyləşən şəxs mütləq şirniyyatlı, mürəbəlli çay içməlidir. Əks halda müştərinin sifarişi qəbul olunmur.
Demək olar bu hal iaşə obyektlərində dəb halını alıb. Bu hal nə dərəcədə doğrudur? Ümumiyyətlə, iaşə obyektlərində müştərilərə xidmət necə təşkil olunmalıdır?
“…əgər müştəri təklif olunan əlavələri qəbul etməsə, ona “sadə çay” da verilmir”
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, son 5-6 ildə çay dəsgahının qiyməti 50-100 manata qədər qalxıb: “Bir çaynik çay isə ən azı 10-15 manata təklif edilir. Təklif olunan çayın yanında müxtəlif şirniyyatlar və mürəbbələr olur. Əgər müştəri təklif olunan əlavələri qəbul etməsə, ona “sadə çay” da verilmir. Bu zaman müştərinin hansısa şirniyyatın və yaxud mürəbbənin keyfiyyətinə etiraz etmək hüququ da tanınmır. Bu da “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanunun pozulması deməkdir. Ümumiyyətlə, bəzi restoranlar gülməli görünəcək qaydalar tətbiq edirlər. Məsələn, bəzi restoranlara insanları geyiminə görə buraxırlar. Bəzi restoranlar isə xanımsız gələnlərə əyləşməyə icazə vermir. Qadınsız gələn kişi giriş haqqı ödəməli olur. Elə restoran var ki, masaya görə əlavə pul alır. Məsələn, mənzərəyə, dənizə açılan masada əyləşən müştəri əlavə vəsait ödəmək məcburiyyətində qalır. Bir çox iaşə obyektləri müştəridən xidmət haqqı tələb edir. Bu haqq sifarişin qiymətinin ən azı 10 faizi qədər olur. Amma bəzi restoranlarda bu daha yüksək olur. Amma bu, qanunvericiliklə tənzimlənən bir qiymət deyil. Qısa müddətli dövrdə daha çox qazanc əldə etmə təşəbbüsü göstərən sahibkarlar məhz bu cür üsullara əl atırlar. Bu cür hallar əslində təklifin azlığından, biznes təfəkkürünün tam təşəkkül tapmamasından və uzunmüddətli inkişaf strategiyasının olmamasından qaynaqlanır”.