İnsan Hüquqları Komitəsinin niderlandlı üzvü İvon Maria Donders Fransanı miqrantlara qarşı antihumanist davranışlarda, onların saxlanma yerlərinin düzgün təşkil olunmamasında ittiham edib.
Report-a istinadən xəbərdə bildirilir ki, İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində çıxış edən İ.M.Donders Kale və Qrand-Sintdəki miqrantların vəziyyətinin qənaətbəxş olmadığını deyib.
“Başa düşürük ki, hakimiyyət orqanları hələ də sıfır məskunlaşma siyasətini tətbiq edirlər, bu siyasətə görə müvəqqəti sığınacaqlar hər 48 saatdan bir sistematik olaraq bəzən həddindən artıq güc tətbiq edilməklə sökülür”, - Donders bildirib.
Onun sözlərinə görə, bənzər narahatlıqlar, xüsusilə 2023-cü ilin fevralından bəri Vambuşu əməliyyatı çərçivəsində Mayotda qeyri-qanuni vəziyyətdə olan miqrantların müvəqqəti sığınacaqlarının sökülməsi ilə bağlı da mövcuddur.
Niderlandın nümayəndəsi bildirib ki, komitə, həmçinin, miqrantların Fransa-İtaliya sərhədində saxlanmalarını və ya buna etiraz etmək imkanını izah edən hüquqi sənədlər əldə etmədən saxlanılmalarına dair xəbərlərdən narahatdır.
İ.M.Dondersin sözlərinə görə, 2024-cü ilin yanvarında qəbul edilmiş miqrasiya qanunu kiçik hüquq pozuntuları və ictimai qayda üçün təhlükə hesab edilən davranışları əhatə etməklə deportasiya meyarlarını genişləndirir və hakimiyyət orqanlarına xarici vətəndaşları hətta faktiki deportasiya üçün əsas olmadan inzibati həbs etməyə imkan verir.
“Mayotdakı vəziyyətlə bağlı da oxşar narahatlıqlar mövcuddur. Orada sığınacaq axtaran şəxslər üçün daha az prosedur zəmanəti ilə xüsusi bir rejimlə bərabər icraedici təsiri olmayan hüquqi vasitələr də mövcuddur”, - o bildirib.