Şəfəqə Doğru » Gündəm » Elektrik enerjisinin qiyməti DƏYİŞDİRİLİB- TARİF ŞURASI

Elektrik enerjisinin qiyməti DƏYİŞDİRİLİB- TARİF ŞURASI

Elektrik enerjisinin qiyməti DƏYİŞDİRİLİB- TARİF ŞURASI

Azərbaycanda 2025-ci il yanvarın 2-dən bir sıra kommunal xidmətlər üzrə qiymətlər dəyişib.

Bu barədə Tarif Şurası məlumat yayıb.

Məlumata görə, təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq, elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.

Elektrik enerjisi tarifləri bu gündən belə hesablanacaq:

Əhali üzrə aylıq istehlak həcmi:

- 200 kVts olan hissə üçün 1 kilovat-saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;

- 200 kilovat-saatdan 300 kilovat-saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;

- 300 kilovat-saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovat-saat elektrik enerjisinin orta tarifi əhali üzrə 0,7 qəpik (7,8%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərin ortaaylıq xərcinin aşağıdakı kimi artacağı gözlənilir:

- 65% abonent üzrə - 45 qəpik,

- 20% abonent üzrə - 1 manat 33 qəpik,

- 15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.

Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovat-saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.

İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovat-saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.

Elektrikdoldurma məntəqələrinə verilən 1 kilovat-saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrikdoldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.