Şəfəqə Doğru » Manşet » Sığınacaq uşaqlarını məktəblərə niyə götürmürlər? - Emin Əmrullayevin problemləri daha da dərinləşdirir

Sığınacaq uşaqlarını məktəblərə niyə götürmürlər? - Emin Əmrullayevin problemləri daha da dərinləşdirir

Sığınacaq uşaqlarını məktəblərə niyə götürmürlər? - Emin Əmrullayevin problemləri daha da dərinləşdirir

"Sığınacaqdakı uşaqların təhsil probleminin həlli üçün Təhsil Nazirliyə müraciət etmişəm. Bir neçə həftə sonra dərslər başlayacaq. Amma bizim bir neçə uşağımız var ki, onlar heç vaxt təhsil almayıblar”.

Bu barədə oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, uşaqların bir qisminin sənədləri yoxdur: "Mən onları məktəbdən öncə fərdi təhsilə cəlb etməliyəm. Çünki onlar heç vaxt təhsil almayıblar. Pandemiya dövründə fərdi təhsil tamamilə dayandı. Adi məktəblər də bağlanmışdı. Bu uşaqları məktəbə, bağçaya sənədsiz götürmürlər. Bəs bu uşaq nə etsin? Təhsil dövrü gözləmir, keçir. Uşaqlar təhsildən geri qalsınlar ki, sənədləri düzəlməyib?

Bu problem üçün alternativ yol tapılmalıdır. Axşam məktəbi təşkil edilməli, ya da başqa bir çıxış yolu tapılmalıdır. 15 yaşlı qız niyə məktəbə getməməlidir? Biz sığınacaqda saymağı, hərfləri öyrədirik. Amma bununla bitmir axı. Fərdi təhsilə cəlb olunması gərəkli olan yeddi uşağımız var. Daha bir rəsmi məktub ünvanlamağı düşünürəm. Bu il bizim uşaqlardan universiteti qazanan olmadı. İki qızımız kollecə, iki qızımız isə peşə təhsilinə qəbul olunub”.

K.Ağazadə bağçalarla bağlı vəziyyətin də ürəkaçan olmadığına diqqət çəkib:

"Bu gün reallıq odur ki, sığınacağa gətirilən azyaşlıların sənədləri yoxdur. Sənədsiz uşaqlara sənəd düzəltmək çox çətin prosedurdur. Bu gün bağçaya getməli olan səkkiz uşaq var, onun cəmi üçünün sənədi var. Uşaqların sənədləri düzələnə qədər, qeydiyyata aparılana kimi müvəqqəti bir altsistem formalaşdırılmalıdır. Fərdi təhsili kiçik bir imtiyaz kimi yaratmaq olar.

Cənub bölgəsi də daxil olmaqla bütün regionlarda bu təbliğat artırılmalıdır. Erkən nikahların da sayı azalar. Universitetlərin yataqxanaları yoxdur, universiteti qazanan qızlar əziyyət çəkirlər. Regionlardan birində ailəsi ilə mübarizə apararaq ali təhsil müəssisəsinə qəbul olan qız mənə zəng edib. Deyir ki, olarmı təhsilim bitənə qədər sizin sığınacaqda qalım? Ev tutmağa pulu yoxdur. Biz belə qızlarımıza da yardım edirik”.

"Uşaqlar o qədər psixoloji sarsıntı içərisindədirlər ki, dərsi çox tələb edə bilmirik. Qəyyumluğa verilən uşaqlara arayış yazdırırıq. Mənə deyirlər ki, "bizi yarı yolda qoymayacaqsan?” Mən bu sözün qarşısında məhv oluram. Bu uşaqların hər hərfə, hər rəngə, hər səsə veriləcək cavabları var. Onlar sevgisizlikdən, qayğısızlıqdan əziyyət çəkiblər.

Arayış yazanda "A” hərfini yazıb dayanırlar. Deyirəm, nə oldu? Hərfi unutdun? Deyirlər, "yox, ana sözü də a hərfi ilə başlayır”... Bu uşaqlara qayğı vacibdir. Sığınacaq ötürmə funksiyasını daşımalıdır, hanı fəaliyyət? Sığınacaqlara maliyyə yardımı ayrılması ilə bağlı hesabatlarda dəfələrlə məsələ qaldırılır. Nə üçün ayrılmır bu maliyyə? Bu uşaqlar düşmən uşağı deyil, öz millətimizin uşaqlarıdır”, - deyə K.Ağazadə qeyd edib.