Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat bacısı dələduzluğa məruz qalıb.
Qaynarinfo-nun yaydığı məlumata görə, Kamilə Alıyeva (şərti) qızını işə düzəltdirmək istəyib. Şəkər xəstəsi olan və bu baxımdan vaxtaşırı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına dərman almağa gələn R.Qəniyev adlı şəxs bu məsələdə ona yardım edəcəyini deyib. Həmin şəxs Kamilə Alıyevaya qızını Ağstafada fəaliyyət göstərən uşaq bağçalarından birinə müəllim vəzifəsinə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə təsərrüfat bacısından 4500 manat alıb.
Kamilə Alıyeva sonradan aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. R. Qəniyev saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Ağstafa Rayon Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı R.Qəniyev verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Kamilə Alıyıyedan qızını işə düzəltmək adı ilə pul almayıb. Sadəcə zərərçəkmiş vasitəsi ilə nisyə ət alıb. Borcunun da çox hissəsini ödəyib. Hazırda zərərçəkmişə 300 manat borcu qalıb.
Qarşı tərəf isə R.Qəniyevin ifadəsinin əksinə olaraq onun dələduzluq etdiyini bildirib.
Məhkəmə R.Qəniyevi 178.1-ci maddədə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilsə də, məsuliyyətə cəlbetmə müddəti ötdüyü üçün ona cəza təyin edilməyib.
