Bakının Kremlə qarşı diplomatik de-marşı diqqətdə; Ermənipərəst səfir təyinatı ilə bağlı qalmaqalda daha bir sirli detal; keçmiş diplomat: "Başqa bir dövlətin səfirinə aqreman verilməməsi fövqəladə hadisədir”; "The News Times”: "Azərbaycan postsovet məkanında ilk ölkədir ki...”
Rusiyanın Azərbaycana yeni səfir təyinatı birinci cəhddə boşa çıxsa da, belə görünür, məsələ ətrafında diplomatik-siyasi gərginlik tam aradan qalxmayıb. Hər halda, xarici KİV-lərin və ekspertlərin davam edən şərhlərindən belə bir qənaətə gəlmək mümkündür.
"Yeni Müsavat” bir daha xatırladır ki, bu il noyabrın 27-də Rusiya prezidenti V.Putin Vladimir Doroxinin Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doroxin 9 il idi ki, bu vəzifədə çalışırdı. Onun yerinə ermənipərəst Georgi Zuyevin gətiriləcəyi deyilsə də, Bakının Zuyevə aqreman vermədiyi bəlli olmuşdu.
Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə bundan az sonra ad çəkmədən bildirmişdi ki, Bakıya başqa səfir göndəriləcək. Sitat: "Gələn ilə qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək. Hazırda isə Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə bir neçə namizəd nəzərdən keçirilir. Konkret seçimdən sonra diplomatın namizədliyi Dövlət Duması tərəfindən təsdiq edilməlidir. Bu ana qədər diplomatik və ya deputat korpusundan heç kimin namizədin adını açıqlamaq hüququ yoxdur”.
Öz növbəsində xarici işlər naziri Sergey Lavrov bu arada iddia eləmişdi ki, Moskva Azərbaycan hökumətindən heç vaxt Georgi Zuyev üçün aqreman xahiş eləməyib. Lakin bu iddia məsələ ətrafında davam edən şərhlər və müzakirələr fonunda təsdiqini tapmır. Daha çox belə bir nəticə hasil olur ki, Bakının aqreman verməməsi məsələsi doğrudur və Lavrovun sözləri də sırf rəsmi Moskvanın "öz sifətini” saxlamaq və pərtliyini ört-basdır eləmək cəhdidir. Çünki hər necə olmasa, söhbət balaca dövlət olan Azərbaycanın Rusiya kimi iri dövlətə qarşı diplomatik de-marşından və bunu Kremlin çətin həzm eləməsindən gedir. Peşəkar şərhlərdən və KİV yazılarından da bunu görmək olar.
*****
"Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar”. Bunu "Exo Moskvı” radiosuna Rusiya xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib (virtualaz.org).
Sabiq diplomatın sözlərinə görə, bu, kifayət qədər nadir hadisədir. "Başqa dövlətin səfirinə aqreman verilməməsi, deyərdim ki, fövqəladə hadisədir”, - deyə o qeyd edib və bildirib ki, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. "Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər” - Kunadze əlavə edib. Ekspert onu da deyib ki, bu cür vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər.
*****
"Azərbaycan MDB ölkələri arasında ilk ölkə oldu ki, Moskvanın postsovet məkanında kadr təyinatına qarşı çıxdı: Bakı Sergey Lavrovun idarəsində Kadrlar Departamentinin direktor müavini olan Georgi Zuyevin Azərbaycanda yeni səfir təyinatına razı olmadı. Zuyevin namizədliyi hələ bu ilin iyulunda Dövlət Dumasında təsdiqlənmişdi. Ancaq Rusiya Federasiyası onun təyinatı üçün Azərbaycandan axır ki, aqreman ala bilmədi”.
"Yeni Müsavat”ın minval.az-a istinadla verdiyi xəbərə görə, bu fikir Rusiyadakı ingilisdilli nəşr olan "The News Times”da dünən yer almış məqalədəndir.
Məqalədə daha sonra deyilir: "İlk dəfə bu barədə informasiya Azərbaycandakı qeyri-rəsmi xəbər resurslarında gedib. ”The News Times"ın Bakıdakı diplomatik qaynağının sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin ətrafında qərara gəlinib ki, məsələ publik çalar almasın və əvəzində Moskvaya yeni namizəd axtarışı üçün vaxt verilsin. Moskva da Bakının imtinasını şərh eləməyib. Bu məsələ bir daha Sergey Lavrovun 19 noyabr Bakı səfəri zamanı İlham Əliyevlə görüşündən sonra üzə çıxıb. Moskva qəti şəkildə əmin olub ki, Bakı Zuyevi qəbul etməyəcək və yeni namizədlə bağlı vaxt uzadılmasa yaxşıdır. Bundan bir neçə gün sonra isə Putin Doroxinin səfir vəzifəsindən azad eləmək haqda sərəncam imzalayıb. Ardınca Mariya Zaxarovanın bəyanatı olub".
Məqalənin pərdəarxası ilə bağlı bəzi digər detallar da diqqət çəkir: "Qafqaz haqda biliyi və adekvat diplomatik təcrübəsi olmayan bir insan (Georgi Zuyev nəzərdə tutulur - red.) haradasa ”qara at" təəssüratı bağışlayır. Üstəlik də, kabinet məmuru və yəqin ki, kontorun yetirməsi". Bu sözləri "NT” ilə söhbətdə adının çəkilməsini istəməyən bir azərbaycanlı məmur deyib və əlavə edib ki, şəxsən ona indiyədək nə Zuyevin fotosunu əldə eləmək, nə də onun haqqında xidməti siyahı üzrə ətraflı bilgi almaq müyəssər olmayıb.
"Öz növbəsində Bakıdakı avropalı diplomatik mənbə iddia edib ki, Moskvanın İlham Əliyevdən narazılığı üçün səbəbləri var. Mənbənin sözlərinə görə, Putin istəyir ki, Azərbaycan özünün neft dollarları ilə birgə Avrasiya İqtisadi Birliyinə üzv olsun və bununla da qurumun hazırda yüksək olmayan nüfuzunu qaldırsın. Buna son olaraq, bir daha noyabrın 1-də Tehranda, Putin-Əliyev görüşü zamanı işarə vurulub. Əliyev isə cavabı gecikdirir”, - deyə nəşr sonda iddia edib.
*****
Hər halda, bu, ingilisdilli nəşrin iddiasıdır. Bir qədər də sensasion sayıla bilər.
Əlavə edək ki, noyabrın 1-də Tehranda İran, Azərbaycan və Rusiya prezidentlərinin üçlü formatda sammiti keçirilib. Əsas müzakirə mövzusu üç qonşu dövlət arasında iqtisadi-ticari əməkdaşlığı daha da genişləndirmək, o sırada "Şimal-Cənub” dəmir yolu beynəlxalq dəhlizi ilə bağlı layihənin gerçəkləşməsini sürətləndirmək olub.