Rüşvət, YAP-a xəyanət, qohumbazlıq...
Sabirabadın icra başçısı Nazim İsmayılovla bağlı Politika.Az-a şikayət məktubu daxil olub. Məktubda deyilir ki, uzun illər Göyçayda, Şamaxıda başçılıq edən bu şəxsin bu böyüklükdə cinayətə gedəcəyinə və üstəlik, bilərəkdən ictimai-siyasi vəziyyəti gərginləşdirəcəyinə inanmağı gəlmirdi: "Ancaq fakt faktdır İndi hər şey ortadadır. Əhali Nazim İsmayılovun bu təmənnalı hərəkətini dövlətə sarsıdıcı zərbə hesab edir. Bu ilin yanvarında o, yeni yaranan təhsil üzrə 12 saylı regional maliyyə idarəsinə Elxan Əsədovu "seçib” müdir qoydu. Özü də özünün birinci müavini rayonda "kolxoznik” kimi tanınan Həsən Həsənovun və Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanovun əli ilə. Birinci onu deyək ki, E.Əsədov bu işə gələnə qədər mədəniyyət şöbəsində Əhməd Ramazanovun baş mühasibi olub.
Əslində Elxan Əsədov kimdir? 1952-ci ildə anadan olub. 1970-1972-ci ildə Bakı maliyyə kredit texnikumunda oxuyub, əvvəl mərkəzi xəstəxanada mühasib işləyib, oradan qovulduqdan sonra bir az tikinti sahəsində çalışıb. 1984-cü ildən isə Mədəniyyət şöbəsində mühasib işinə gəlib.
Nazim İsmayılovun sayəsində o, bu ilin yanvarında yeni mərkəzə müdir gələnədək həmin vəzifədə çalışıb. Amma 20 ildən çox bir müddət ərzində bu dövlət vəzifəsində baş girələməsinə baxmayaraq, o, YAP-çı olmaqdan imtina edib. Bunun da səbəbini Sabirabadda hamı bilir ki, Elxan müxalifətin dəyirmanına su tökənlərdəndir. İqtidarın arxasınca asıb-kəsənlərdən bəlkə də birincisidir. Rayona gətirilən yeganə "Azadlıq” ancaq ona verilib. Bəs neçə oldu ki, YAP siyasi şurasının üzvü Nazim İsmayılovun "saqqızını” oğurladılar? O Elxanın yaşının 65-ə az qalmasını və YAP-çı olmamasını qulaqardına vurdu. Üstəlik, ali təhsil diplomuna da fikir vermədi. Başqa vaxt "ancaq dövlət ali məktəblərini bitirənləri işə qəbul edirik”, - deyən Nazim İsmayılov bu dəfə Elxanın "ali təhsil diplomu”na heç baxmadı da. Ancaq o da yaxşı bilirdi ki, Elxanın qiyabi "oxuduğu” Cənubi Rusiya Humanitar İnistitutunun Bakı filialı olmayıb və bu gündə yoxdur. Ümumiyyətlə, bu adda məktəb Azərbaycanda nə dövlət qeydiyyatına alınıb və nə də binası olmayıb.
Bütün bunlara baxmayaraq, Nazim İsmayılov 65 yaşlı birisini təqaüdə göndərmək əvəzinə, ali təhsil diplomlunun saxta olduğunu bilə-bilə, üstəlik, həmişə YAP-a rixşənd edən müxalif fikirli birisini böyük vəzifəyə gətirdi. Bax belə yerdə qırmızı xoruzun quyruğu görünür. Deməli, arada külli miqdarda, Elxanın qohum-dost yanında dediyi kimi, 80 min manatlıq rüşvət dayanır”.
Politika.Az-ın xəbərinə görə, məktub müəllifi qeyd edir ki, Sabirabadda camaat Nazim İsmayılova "tozsoran” ləqəbi verib: "Bu da təsadüfi deyil. O, hətta 20-30 manata da tamah salandır. Göyçayda, Şamaxıda, Bakıda topdağıtmaz əmlakları, balta kəzməz dollarları olması onun yenə gözünü doydurmur. O, Elxanın uzun illər kitabxanaçılardan çırpışdırdığı karrıca haram pulundan əl çəkə biməzdi. Bu dəfə o, Sabirabadın ən böyük Nizami Gəncəvi adına orta məktəbinə, həmin məktədə vur-tut 5 ay işləmiş onun qızı Könülü direktor təyin etdi. Qızın tanış-biliş yanında həmişə eşitdirdiyi kimi, 30 minə. İndi həmin məktəbdə necə deyərlər papaq götür qaçdı. Təhsil şöbəsinin 50 metrliyində yerləşən bu məktəbdə təhsil arxa plana keçib. Valideynlər uşaqlarını digər şəhər məktəblərinə keçirirlər. Psixoloji problemləri olan bu xanım heç təhsilin müdiri Pəhlivan Qarayevi də vecinə almır. Bəlkə doğru da edir. Axı Pəhlivanın da "pəhlivan”lığı yoxdur, yəni nə ətdir, nə də balıq. Yaxşı bilir ki, başçı İsmayılov atası Elxanın və onun qarşısında gözükölgəlidir. Niyə də etməsin, çünki başçı onu qəbul edəndə "Get o məktəbi sənə verdim” demişdi. O da dədəsinin mülki kimi bildiyini edir. Üstəlik, əri Azər Ağayevə də iş aldılar. Onu S.Vurğun adına şəhər məktəbinə təsərrüfat işləri üzrə direktor müavini təyin etdirdilər. Azəri hamı qatı müxalifətçi kimi tanıyır, o bütün seçkilərdə Cəmil Həsənlinin, Əli Kərimlinin, İsa Qəmbərin müşahidəçisi olub.
2015-ci ildə Milli Məclis seçkilərində müxalifət namizədini katibiliyini edib. 63 saylı dairənin 6 saylı şəhər seçki məntəqəsində YAP-çılara qan uddurub. Onun vəzifəyə gətirilməsinin lap ağ oldugunu bir aydan sonra bildilər və qorxub tez onu həmin işdən kənarlaşdırdılar. Ancaq Elxan o biri yeznəsini Mədəniyyət və Turizm şöbəsindəki köhnə yerinə-baş mühasibliyə gətirə bildi. Bax bu yerdə deyiblər ey "Yaxşı dayıya eşq olsun!” Qısa sözlə desək, Nazim İsmayılov 2005-ci ildə Sabirabadın icra başcısı olmuş Əşrəf Məmmədovun hərəkətlərini təkrarən yerinə yetirib. Qeyd edək ki Əşrəf Məmmədov 2005-ci il parlament seçkiləri zamanı YAP-a xəyanət edərək müxalifətin deputatlığa namizədini təbliğ etdirərək parlamentdə otuzdurmuşdu. Eyni zamanda o xeyli müxalifət tərəfdarlarına vəzifə vermişdi. Bütün bunlar aşkara çıxandan sonra Prezdent İlham Əliyev onu vəzifəsindən azad etdi”.
Şikayətçi bildirir ki, bu saxtakarlığı, dəfələrlə başçının nəzər-diqqətinə çadırdılar: "İnformasiya saytləri qalaq-qalaq məlumatlar verdilər. Ancaq deyilən sözləri, fikirləri, açıq tənələri o bu qulağından alıb o birindən buraxdı. Amma o bir oyunbazlıq etdi. Qoyduğu ata-bala "kadr”ları müxalifət damğasından qurtarmaq üçün onları YAP-a qaynaq etdirdi. Özüdə hər ikisini bir gündə, bu ilin mayında Elxan və qızı Könülün adlarını iqtidar partiyasına yazdırdı. Budur Nazim İsmayılovun dövlətə xidməti?! Ümummilli liderimiz Heydər Əliyev belələrinə xitabən demişdi: "Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir”.