Sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt Federal Torpağında keçirilən seçkilərin nəticəsi təkcə ölkə üçün deyil, həm də Avropa üçün şok oldu.
Xəbərdə bildirilir ki, seçkilərdə sağçı-populist Almaniya üçün Alternativ (AfD) partiyası 43.8 faiz səslə qalib gələrək, Landtaqda 39 yer əldə etdi. Onların ən yaxın izləyiciləri olan Xrisrian-Demokratlar (CDU) 17.2 faiz, Sosial-Demokrat Partiyası (SDP) 9.3, Yaşıllar 8.9, Solçular 8.6 faiz səs əldə ediblər.
AfD bu seçkidə qalib gəlsə də, 83 mandatlı Landtaqda mütləq çoxluq əldə etməsi üçün 42 yeri əldə edə bilməyib.
Partiyanın sosial bazası əsasən ölkənin şərq torpaqlarındadır. AfD-nin son qalibiyyətini elan etdiyi Saksoniya-Anhalt vilayəti birləşməyə qədər Almaniya Demokratik Respublikasının (ADR) tərkibində olub və digər şərq vilayətləri kimi kifayət qədər rusiyameyilli baxışları ilə məşhurdur.
Partiyanın özü də NATO, Avropa Birliyi, ölkənin miqrasiya siyasətinə qarşıdır və antiislam mövqelidir. Bununla yanaşı, Rusiya üzərindən sanksiyların götürülməsi, Ukrayna üçün yardımların kəsilməsinin tərəfdarıdır.
Partiyanın lideri Alis Yelizaveta Vaydel siyasətə 2013-cü ildə qoşulub. Britaniyanın keçmiş baş naziri Marqaret Tetçeri nümunə götürən Vaydel vergilərin, bürokratiyanın azaldılması və nüvə enerjisinin bərpasını müdafiə edir.
Şəxsi həyatı isə siyasi mövqeyi ilə bir qədər təzadlıdır.
LGBT və miqrantlara qarşı sərt mövqeyi ilə tanınan Vaydel əslən Şri Lankadan olan Sara Bossel adlı xanımla vətəndaş nikahında yaşayır. LGBT cütlüklərinin övladlığa uşaq götürməsinə qarşı olan Vaydel-Bossel cütlüyü övladlığa iki uşaq götürüb. Və bunu heç kimdən də gizlətmir.
AfD-nin son bir neçə ildə yüksəlməsi, xüsusilə son Bundestaq seçkilərində 152 yer əldə etməsi Almaniya cəmiyyətində, xüsusilə Qərb torpaqlarında ciddi narahatlıq yaradıb.
Ən böyük narahatlıq isə partiyanın ifrat sağçı olmasıdır və bu da nasizmin yenidən qayıdacağı qorxusunu yaradıb.
Miqrantlara, xüsusən müsəlman mənşəli alman vətəndaşlarına qarşı ayrı-seçkilik və aşağılayıcı ifadələr, partiyanın bəzi üzvlərinin antidemokratik bəyanatları, sağ qruplarla əlaqələr, remiqrasiya (kütləvi deportasiya) tələbləri, demokratik institutlara qarşı şübhə, media və siyasi rəqiblərə qarşı sərt ritorika, Rusiya ilə daha yaxın münasibətlər və AB-yə qarşı skeptik mövqe bu narahatlıqları daha da gücləndirir.
Hətta 2021-ci ildən Federal Konstitusiyanı Müdafiə İdarəsi AfD-ni bütün ölkə üzrə “Verdachtsfall” (ekstremizm şübhəsi) kimi təsnif edib.
AfD-nin Saksoniya-Anhalt seçkisindəki qələbəsindən sonra Almaniyanın bir çox böyük şəhərlərində, o cümlədən Berlin, Hamburq, Frankfurt, Münhen, Ştutqartda etiraz nümayişləri keçirilir.
Berlinin Brandenburq qapısı önündə 15 minə yaxın insan “Demokratiyanı müdafiə et – AfD-ni qadağan et” şüarları ilə etiraz aksiyaları keçirib.
Hazırda Almaniyanın həmkarlar ittifaqları, ekoloji hərəkatlar, sol partiyalar və vətəndaş cəmiyyəti qrupları AfD-yə qarşı birləşib//axar.az
