Ağstafanın icra başçısı dəyişə bilər.
Verilən məlumata görə, Məhərrəm Quliyevin yerinə yeni kadr hazırlanır.
Bu rayondakı idarəçilik ölkə rəhbərliyi qane etməyib. Əslən lənkəranlı olan M.Quliyevin kuratoruna yeni namizəd irəli sürməsi təklif olunub.
Ağstafanın icra başçısı sosial fondlardan birinə rəhbər posta və ya müavin vəzifəsinə gətirilə bilər.
Məlumatlı mənbənin sözlərinə görə, rayonun rəhbəri 2011-ci ildən başçı vəzifəsində olsa da, Ağstafada hər hansı irəliləyiş olmayıb.
Əhalinin yetərli hissəsi başçının fəaliyyətindən narazıdır və bununla bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət ünvanlayıblar. Ağstafaya dotasiyanın kəsilməsi və vilayətlıərin yaradılması planı bu istefanı sürətləndirib.
Verilən məlumata görə, digər səbəb mənimsəmə faktıdır. Maliyyə naziri Samir Şərifovun cəza tədbiri kimi Ağstafa rayonu maliyyə idarəsinin rəisini yol verdiyi nöqsanlara görə vəzifədən azad etməsi bu rayonda büdcə vəsaitlərinin talan edilməsi ilə bağlı məlumatların əsassız olmadığını göstərir.
Məlumata görə, maliyyə nazirliyinin müffətişlərinin diqqətini çəkən əsas məqam isə büdcə vəsaitləri hesabına Yaşar Aslanovun direktor olduğu "Səma-MM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) gördüyü işlər olub.
Yaşar Aslanovun rəhbərlik etdiyi "Səma-MM İnşaat” MMC-nin rayon icra hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirdilməsi, görülməyən işlərə görə pul ödənişləri kimi hallar aşkar olunub. Müfəttişlər təftiş apardıqdan sonra üzə çıxardıqları faktları nazirliyə təqdim ediblər.
Başçıya ən yaxın şirkətlərin arasında "Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir: «Bu MMC 2015-ci ildə bir neçə tenderin qalibi olub.
Ağstafa Rayon İcra Hakimiyyəti bərk inventarların satın alınması – 9440 manat, Ağstafa İcra Hakimiyyəti üçün avadanlıqların satın alınması- 5790 manat, inzibati binanın cari təmir işlərinin satın alınması – 9485 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən uşaq bağçasının əsaslı təmiri işlərinin satın alınması – 28632,52 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Dağkəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi maşın və avadanlıqların satın alınması – 9970 manat. Başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir.
Onu da deyək ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib. Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.
Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib./ Shafaqadogru.com politika.az-a istinadən bildirir.